İran pullarını Hindistanda yuyan azərbaycanlı kimdir?
Azərbaycan vətəndaşı İranın 3,2 milyard dollarını Hindistanda necə “əritdi”
İrana məxsus milyardlarla dollar bu ölkəyə qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalardan yayınmaq üçün Hindistan üzərindən “yuyulub” və bu pul yuma sxemində iştirak edən qrupda Azərbaycan vətəndaşı da yer alır.
"Xeberinfo.com": Məlumata görə, virtualaz.org saytı bu sensasion faktı Hindistan qaynaqlarından əldə edib.
Həmin məlumatda deyilir ki, 7-si İran, 1-i Azərbaycandan olmaqla 8 əcnəbi Hindistanın əyalət şəhəri Çandigarhda kağız üzərində çoxsaylı şirkətlər yaradaraq bu şirkətlərin adlarına Hindistanın ən iri banklarından olan “UCO Bank”da hesablar açıblar. Həmin hesablara hissələrlə 3,2 milyard dollar köçürülüb.
Sənədlərdə göstərilib ki, həmin şirkətlər pulları bankdan çıxarıb. Lakin əslində qara pullar Dubay, Honkonq və digər yerlərdəki hesablara ötürülüb.
Hindistanın maliyyə kəşfiyyatı və və iqtisadi cinayətlərlə mübarizə aparan xüsusi xidməti (The Directorate General of Economic Enforcement) İrana məxsus milyardlarla dolların “UCO Bank” üzərindən “yuyulmasını” təşkil edən qrupa qarşı təhqiqat aparır. Təhqiqat zamanı müəyyən olunub ki, bankın icraçı direktoru Arun Kaul həmin qrupun əli ilə yuyulan milyardlarla dolların İrana məxsus olmasından xəbərdar olub.
Məlumata görə, milyardlarla dolların “yuyulması”nı təşkil edən qrup üzvləri Hindistana tələbə vizaları ilə daxil olub. Onların kimlikləri hələlik açıqlanmır.
Fevralın 12-də ABŞ-ın maliyyə naziri Stüart Levi ilə Hindistanın Mərkəzi Bankının və Maliyyə Nazirliyinin rəsmiləri arasında Dehlidə aparılan danışıqlarda İran pullarının “UCO Bank” üzərindən “yuyulması”na dair təhqiqat müzakirə olunub.
Stüart Levi və Hindistanın maliyyə naziri Arun Jaitley keçirdikləri mətbuat konfransında bildiriblər ki, ABŞ və Hindistan İrana məxsus “qara pullar”ın “yuyulması”nın qarşısını almaq üçün birgə işləyirlər. Bildirilib ki, Hindistanın Mərkəz Bankı “UCO Bank” üzərindən İran pullarının “yuyulması”nın üzə çıxmasından sonra bütün banklara offşor hesablar üzərindən pul köçürmələrinə nəzarəti gücləndirmək barədə təlimat verib.
Qeyd edək ki, bu, İrana aid milyardların beynəlxalq sanksiyalardan yan keçməklə “yuyulması”nda Azərbaycan izinə dair ilk fakt deyil. Bundan əvvəl İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın Türkiyə üzərindən İrana məxsus yüz milyardlarla dolların transferini necə həyata keçirdiyi Türkiyədə 2013-cü ilin 17 dekabr həbsləri zamanı üzə çıxmışdı.
Məlum olmuşdu ki, Rza Zərrab bu pul yuma sxemində Azərbaycanda qeydiyyatdan keçmiş, fəaliyyəti yalnız kağız üzərində olan şirkətlərdən də istifadə edib. Həmçinin onun pul yuma sxemində Azərbaycandan olan şəxslər də yer alıb.