“Gizli Bakı”nın şok olaylarından...
AZAL rəhbərinin Bakıdan çıxartmaq istədiyi vəsait İrana məxsus ola bilər;
Ölkəmiz “qara para” tranziti üçün ən əlverişli məkandır;
Türkiyədə həbs olunan gömrük məmurunun “müqəddəs yeri” boş qalmayıb;
C. Əsgərov Rza Zərrabın yerinə keçib?
"xeberinfo.com":Son günlər AZAL prezidenti Cahangir Əsgərov barədə yayılan məlumatlar daha da böyüməkdədir. Daha bir maraqlı məlumat yayılıb. Beləliklə, Bakı Hava Limanı vasitəsilə milyardlarla pulun ölkədən çıxarılmasına cəhd olunub. Xəbərə görə, bu, günlərdə hava limanında yük daşımalarını (karqo xidməti) həyata keçirən “Silk Way” işçiləri 30 ton ağırlığında yükü təyyarəyə yükləyəndən sonra uçuşa icazə verilməyib. Az sonra isə yükün təyyarədən boşaldılması əmri gəlib.
Məlum olub ki, yük AZAL prezidenti Cahangir Əsgərovundur və onun əksər hissəsi külli miqdarda puldan ibarətdir. Qaynağımız deyib ki, yükün təyyarədən boşaldılması Cahangir Əsgərovun xoşuna gəlməyib. Amma o, verilmiş əmrə etiraz da edə bilməyib. Belə məlumatlar da var ki, AZAL prezidenti tonlarla pulu ölkədən “yuxarı”ların razılığı və xəbəri olmadan çıxarmaq istəyib. Lakin onun gizli həyata keçirmək istədiyi əməliyyat faş olub. Məlumatda iddia olunur ki, C.Əsgərov buna görə ciddi cəzalandırılıb. Lakin həmin cəzanın təfsilatlarının cəmiyyətə yansıması hələ baş verməyəcək - bu cür hallarda tətbiq olunan cəza sadə insanların təsəvvür etdikləri kimi, inzibati xarakterdə olmur...
Xəbərdən çıxan ilkin nəticə budur ki, məmurlarımız pullarını ölkə xaricinə daşımaqda israrlıdırlar və ən rahat yol kimi Bakı Hava Limanını seçirlər. Onlar əllərində olan qara paraları beynəlxalq şəbəkələrin vasitəsilə “yuyurlar” və daha sonra investisiya kimi uyğun bildikləri ölkələrə yatırırlar. Belə daşımalardan AZAL prezidentinin məlumatlı olması da təbiidir və C.Əsgərovun özü də bu yolu seçib.
İqtisadçılar deyirlər ki, 30 ton yükdə-əgər onun hamısı pul kütləsidirsə-təxminən 7 milyard 500 milyon manat vəsait ola bilər. Lakin bizə verilən məlumatda bildirilir ki, C. Əsgərova məxsus 30 tonluq yükün yalnız bir qismi “qara para” olub.
Yada salaq ki, 2012-ci ildə Rusiyanın “Rosbalt” agentliyi Bakıdan Moskvaya kisələrdə pul daşıyan qruplaşmanın işi üzrə məhkəmə prosesinin şok təfərrüatlarını yaymışdı. Bildirilirdi ki, Moskvanın Savelyev Rayon Məhkəməsində “Ticarət-Tikinti Bankı”nın iki əməkdaşı və bir qrup Azərbaycan vətəndaşı böyük məbləğdə pulları qanunsuz yollarla nağdlaşdırmaq və digər ittihamlar üzrə təqsirli biliniblər. Məlum olmuşdu ki, qruplaşma üzvləri 2 il ərzində hər həftə Bakı aeroportundan Bakı-Moskva aviareysi ilə kisələrə doldurulmuş 22-25 milyon dollar arası nağd pul daşıyıblar.
Pullar Azərbaycan və Türkiyədən olan zənginlərə məxsus olub, çirkli pulların yuyulmasını həyata keçirənlər özlərini ərəb şeyxlərinin adamları kimi təqdim etmişdilər. Qruplaşmanın azərbaycanlı üzvü istintaqdan yayına bilmişdi. Onun Bakıda çox güclü himayəçilərinin olduğu da deyilirdi. Həmin məhkəmə işi həm də Bakı Hava Limanı vasitəsilə ölkəmizdən milyonlarla “çirkli pul”un çıxarılmasının məhkəmə hökmü ilə təsdiqlənməsi demək idi. Heç şübhəsiz ki, həmin qanunsuz daşımalardan da AZAL prezidenti də məlumatlı olub və buna “göz yumub”. Ki, sonradan həmin yoldan özünün şəxsi maraqlarına görə də istifadə etsin. Lakin ona “stop” veriblər...
Lakin daha bir ciddi versiya ondan ibarətdir ki, C. Əsgərovun Bakıdan çıxartmaq istədiyi 30 tonluq yükdəki pullar əslində İrana məxsusdur. Bu ölkəyə tətbiq olunan iqtisadi embarqolar səbəbindən İran iqtidarı və iş adamları normal maliyyə dövriyyəsi həyata keçirə bilmirlər. Ya Türkiyə, ya da Azərbaycan üzərindən müəyyən vəsaitləri bu cür metodlarla, “qara para” kimi xaricə çıxarır və daha sonra onları “yuyaraq”, müxtəlif məqsədlər üçün istifadə edirlər. Məhz bu cür prosesin illərlə getməsi və 100 milyard dollardan yuxarı vəsaitin (87 milyard avro) Azərbaycan da daxil olmaqla, müxtəlif marşrutlarla Türkiyəyə daşınması ötən ilin sonlarında üzə çıxan hay-küylü bir proseslə məlum olmuşdu. 17 dekabr “Böyük rüşvət əməliyyatı” adlandırılan həmin proses nəticəsində aydın olmuşdu ki, Güney Azərbaycan kökənli iş adamı Rza Zərrab həm də Bakıdakı kampanyonları vasitəsilə son bir neçə ildə İrandan 87 milyard avro həcmində nağd pul daşıyıb və onu “yuyub”.
Türkiyə hakimiyyətinin də bu prosesdə yaxından iştirak etməsi məlum olmuşdu. Üç nazirin oğulları ciddi sübutlarla həbsə alındı; baş nazir Ərdoğanın oğlu Bilal həbsdən yalnız atasının siyasi imkanları sayəsində qurtula bildi. Lakin məlum oldu ki, Türkiyənin baş nazirinin də bu prosesdən xəbəri var. O da məlum oldu ki, Amerika və İsrail İrana tətbiq edilən embarqonın yarılmasından və İranın pullarının böyük partiyalarla dövr etdirilməsindən məmnun qalmayıb, bunu edən hər kəsi də cəzalandırıb.
AK partiya iqtidarını az qala yıxacaq bir əməliyyat baş nazir Tayyib Ərdoğanın inadı və heyrətləndirən bacarığı sayəsində gözlənilən siyasi nəticələr vermədi. Lakin bu, ifşa səhnəsini dəyişmədi. Eyni zamanda İranın qonşu Türkiyədən olan gizli nəfəsliyini qapatdı. Rza Zərrab və onun nazir oğullarından qurduğu çete deşifrə olundu, neytrallaşdırıldı. İndi İranın əsas gizli nəfəsliyi Ermənistan və Azərbaycandır...
O zaman ortaya bir gerçəklik də çıxdı: milyardlarla para daşımalarının (transferlərin) ciddi bir qismi də Bakı və Naxçıvan üzərindən baş vermişdi. Hazırda məhz bu iş üçün Azərbaycanın yüksək vəzifəli gömrük məmuru Türkiyədə həbsdədir. Sədərək gömrük xidmətinin rəisi Mirməhəmməd Seyidov 17 dekabrda Türkiyəyə çağırılaraq, qardaş ölkənin xüsusi xidmət orqanları tərəfindən həbsə alınıb və hələ də ondan təfsilatlı məlumat yoxdur. Türkiyə mətbuatının yazdığına görə, M. Seyidov “qara para” yuyan beynəlxalq şəbəkənin Azərbaycandakı əlamanlarından biridir.
Lakin belə görünür ki, bu şəbəkənin Bakıdakı “ən böyük adamları” hələ də azadlıqda və fəaliyyətdədir.
Onlardan biri də, heç şübhəsiz AZAL rəhbəri C. Əsgərovdur. İndi o, demək olar ki, Azərbaycanın “Rza Zərrab”ıdır.