16 milyard avronu Bakıya kim və necə gətirdi?
Xeberinfo.com: Məlumata görə, keçmiş xüsusi xidmət zabiti bir neçə gün bundan əvvəl “xarici qüvvələrin” Azərbaycana hakimiyyəti devirmək üçün 18 milyard avro nəğd pul göndərdiyini və vəzifəsindən uzaqlaşdırılan keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun da bu planda yer aldığını iddia etmişdi.
Bu iddia haqlı olaraq sosial şəbəkələrdə istehza obyektinə çevrildi. Çünki hansısa mistik xarici qüvvənin bu məbləğdə nağd pulu “inqilab həyata keçirmək üçün” Azərbaycana göndərməsi sadəcə olaraq əfsanəni xatırladırdı.
İndi isə keçmiş xüsusi xidmət zabiti öz iddialarını sübuta yetirmək üçün qəzetə 2012-ci ilin fevralında Seyid Saleh Hüseyni adlı İran vətəndaşı tərəfindən hərəsində 100 milyon avro olmaqla 168 bağlama avronun (cəmi 16 milyard 800 milyon avro) Bakı aeroportuna gətirildiyini, daha sonra pulların Azərbaycan Beynəlxalq Bankına mədaxil edildiyini göstərən sənədlərin surətini təqdim edib.
Sənədlərdən məlum olur ki, pullar Almaniyanın “Deutsche Bank”ının Frankfurt şöbəsindən çıxarılıb, təyyarə ilə Bakıya göndərilib. Yükün sahibi kimi isə Seyid Saleh Hüseyni adlı İran vətəndaşı göstərilir.
T.Rəcəbov iddia edir ki, bu pullar kağız üzərində Beynəlxalq Banka mədaxil edilsə də əslində mənimsənilib və ölkədən çıxarılıb, bir hissəsi İsveçrənin JBS bankına transfer edilib.
Keçmiş xüsusi xidmət zabiti bu əməliyyatda MTN rəhbərliyinin iştirak etdiyini deyir. Bildirir ki, hökumətdə bir neçə nazir hakimiyyətə yiyələnmək üçün Avropa ölkələrində iş aparırdılar və özlərinə dayaq tapmağa çalışırdılar.
Beləliklə, 16,8 milyard avro nağd pulun Azərbaycanda hakimiyyəti dəyişdirmək üçün göndərildiyi haqda iddialar cəfəngiyyat kimi görünsə belə keçmiş xüsusi xidmət zabiti hər halda ölkəyə bu qədər nağd pulun daşındığına dair sənəd təqdim edə bilib. Və həmin sənədlərdən birində pulların Beynəlxalq Banka mədaxil edildiyinə dair bankın rəhbəri Cahangir Hacıyevin imzası da var.
Bəs həmin Seyid Saleh Hüseyni kimdir və onun Azərbaycana gətirdiyi 16,8 milyard avro kimə, hansı dövlətə məxsus ola bilərdi?
Virtualaz.org saytı bu addan çıxış edərək araşdırma aparıb və sensasion faktlara rast gəlib.
İkinci Rza Zərrab, yaxud İran pulları?
Yaxşı məlumdur ki, Qərb ölkələri İranın SWIFT beynəlxalq pul köçürmələri sisteminə girişini qadağan edəndən sonra bu sərt sanksiya ölkənin beynəlxalq maliyyə əməliyyatlarını çökdürdü. İran satdığı neftin pulunu da ala bilməyəcək duruma düşdü. İran bankları beynəlxalq pul köçürmələrini həyata keçirə və ölkənin xaricdən aldığı malların pulunu ödəyə bilmirdi.
Tehran bu acınacaqlı vəziyyətdən çıxış tapmaq üçün bəzi qonşu ölkələrin bankları ilə pul transferinə dair dolaşıq sxemlər hazırlamağa başladı. Habelə maliyyə əməliyyatlarını tonlarla nağd pul və qızılla aparmaqla vəziyyətdən çıxmağa çalışırdı.
Belə vəziyyətdə İranın köməyinə Türkiyənin hakim elitasını rüşvətlə ələ almış Rza Zərrab kimi maklerlər çatırdı. Rza Zərrabın İrana aid pulları və tonlarla qızılı Türkiyə bankları üzərindən necə transfer etdiyinə dair faktlar bu ölkədə 2013-cü ilin dekabrında həyata keçirilən rüşvət və korrupsiya əməliyyatları zamanı üzə çıxmışdı.
Və həmin Seyid Saleh Hüseyninin adına da elə Türkiyə mənbələrində rast gəldik. 2015-ci il, mayın 10-da türkiyəli blogger və araşdırmaçı-jurnalist Emre Ercis özünün Twitter bloqunda milliyyətcə azərbaycanlı olan İran vətəndaşı Seyed Saleh Hosseini adlı şəxsin 16 milyard avro pulla Türkiyədə yaxalandığı haqda sensasion məlumat yayıb.
Bu məlumat bir sıra Türkiyə KİV-ləri tərəfindən tirajlanıb. Jurnalist bu hadisəni “AKP üçün ikinci Rza Zərrab olayı” anonsu ilə çatdırıb.
Seyid Saleh Hüseyni İstanbulda tutulur və...
Emre Ercis bloqunda yazıb: “İkinci Rza Zərrab hadisəsi və məbləğ 16 milyard avro. Şəxsin adı Seyed Saleh Hosseini. Dünən İNTERPOL tərəfindən saxlanıldı.
İNTERPOL tərəfindən axtarılan Seyed Saleh Hosseini əvvəlcə İstanbul Vətən Əmniyyət Müdirliyinə gətirildi. Növbətçi məhkəməyə çıxarıldı.
Günorta saat 13:00 radələrində növbəti məhkəmə tərəfindən sərbəst buraxıldı (qırmızı bülletenlə axtarıldığı halda). Üstəlik vizasının müddəti 93 gün keçmişdi. Seyed Saleh Hosseini daha sonra saat 15:00 radələrində Kumkapı Miqrant Şöbəsinə gətirildi. Hələ də oradadır.
Seyed Saleh Hosseinin vəkili Hande xanım həmin saatlarda 053201203 xx nömrəli telefonundan Nurettin Canikliyə zəng vurur. Şəxs haqqında məlumat verəndən sonra onun şənbə günü deportasiya olunmaq üçün miqrant şöbəsinə təhvil verildiyini deyir. Şəxsin İNTERPOL dosyesində onun Azərbaycan dövlətini saxta sənədlərlə aldatmaqda və 16 milyard avronu təyyarə ilə Türkiyəyə keçirməkdə ittiham edildiyi göstərilir. İstintaq sirr kimi saxlanılır və mətbuata məlumat sızmaması üçün təlimat verilib. Ancaq məlumat artıq sızdı...)))”
Seyidin İNTERPOL dosyesi: Azərbaycan onu niyə axtarır?
Virtualaz.org araşdırıb ki, doğrudan da İNTERPOL-un axtardığı şübhəlilər arasında İran vətəndaşı Seyed Saleh Hosseinin adı yer alır.
Dosyedə göstərilir ki, bu şəxs 1972-ci il, yanvarın 5-də anadan olub, İran vətəndaşıdır. Azərbaycan və fars dillərində danışır. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarılır. Saxta sənədlər, ştamp, möhür, dövlət mükafatları, blanklar hazırlama və onlardan istifadə etmə, dələduzluq əməli törətməyə cəhddə ittiham olunur.
Beləliklə, ittihamdan belə məlum olur ki, həmin iranlı saxta sənədlər və möhürlərdən istifadə edərək Azərbaycan dövlətini aldadıb, dələduzluq əməli törədib.
Bu cinayət işinin detallarına, Seyid Saleh Hüseyniyə qarşı irəli sürülmüş ittihama dair təfərrüatlı məlumatlar yoxdur. Bu baxımdan 16 milyard 800 milyon avro pulun Beynəlxalq Banka mədaxil edildiyini göstərən sənədin həqiqi olduğu da məlum deyil.
Lakin həmin şəxsin Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri ilə cinayətkar sövdələşməyə girdiyi aydındır və belə ehtimal edilir ki, Hüseyninin Azərbaycan üzərindən daşıdığı pullar əslində beynəlxalq sanksiyalardan yayındırılan İran pulları idi...
Virtualaz.org