16 mərtəbəli binanın 21-ci mərtəbəsi-Türkiyəli iş adamının Bakıda dələduzluğu
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan türkiyəli iş adamı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yenixeber.org: Prosesdə zərərçəkmiş şəxslər dindirilib. Zərərçəkmiş Araz Vəlizadə ifadəsində deyib ki, beş il əvvəl yaşadığı mənzili 115 min manata satıb və iş adamı Hikmət Yiğitdölün inşa etdirdiyi binadan yeni mənzil almaq istəyib: "Bütün danışıqları Hikmətin özü ilə aparmışam. 110 min dollara ev aldım. Mənə demişdilər ki, guya mənzili iki aya kimi təhvil verəcəklər. Amma vaxt tamam olsa da, evi təhvil vermədilər, bizi get-gələ saldılar”.
Zərərçəkmişin ifadəsinə görə, sonradan mənzilin bir neçə nəfərə satıldığını öyrənib. Qəribə də səslənsə A.Vəliyev onlara olmayan bir binadan ev verəcəklərini vəd ediblər. Həmin binanı 16-cı mərtəbədən yuxarı tikməyə icazə verməyiblər. Tikinti şirkəti isə vətəndaşlara 21-ci mərtəbədən ev verib.
Təqsirləndirilən Hikmət Yiğitdöl zərərçəkmişin dediklərinə etiraz edib. H.Yigitdölün dediklərinə inansaq, vətəndaşlara ev satıb, amma sonradan Türkiyəyə gedib və bütün işləri Qabil Əliyevə həvalə edib. Adıçəkilən şəxs isə mənzil almaq üçün pul ödəyənlərə deyib ki, Hikmət sizin pullarınızı alıb, özü də ölkədən qaçıb.
Tərəflərin suallarını cavablandıran H.Yiğitdöl deyib ki, bir evin bir neçə nəfərə verilməsi səhvən olub. Dövlət ittihamçısı təqsirləndirilən şəxsə bunun səhv deyil, cinayət olduğunu xatırladıb.
H.Yiğitdöl mənzil tələb edən vətəndaşlara heç kimə pul ödəmək fikri olmadığını açıqlayıb: “Tikintiyə nəzarəti Qabil edir, hazırda bina tikir və evləri təhvil verəcək".
Zərərçəkmiş Araz Vəlizadə isə sözügedən binanın tikintisinə icazə verilmədiyini proses iştirakçılarının diqqətinı çatdırıb: "Digər binalarla sıxlıq yaratdığı üçün tikintiyə icazə verilmir. Belə olan halda necə mənzil verəcəklər? Mən pulu sənə vermişəm. Canın çıxsın, pulumu qaytar".
Məhkəmə prosesi davam edir.
Qeyd edək ki, Hikmət Yiğitdölün rəhbərlik etdiyi "Hom Paş Prestij” MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.
İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Bir mənzil üç-dörd nəfərə təkrar sataraq onların pullarını ələ keçirib.
Bildirək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən Hikmət Yiğitdöl barəsində həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.(virtualaz)