Ziya Məmmədovun sabiq müşaviri ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Xeberinfo.com: Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edibib. Prosesdə dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib.
Təqsirləndirilən Rövşən Əhmədov ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmədə zərərçəkmiş Çingiz Baxşıyev ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxslə uzaq qohum olduqlarını, R.Əhmədovun onun yanında müfəttiş vəzifəsində işlədiyini göstərib: "Analarımız əmiqızı idilər. Həmişə Rövşənə etibar etmişəm. 12 il yanımda işləyib, evimə gəlib gedib. 2015-ci ilin axırlarında mən yoldaşımla müalicəyə gedirdim. Gedəndə qızıllarımızı Rövşən Əhmədova etibar etdim. Qızılları qatıq, çay bankalarına yığdıq, skoçladıq, üstünə də içində nə olduğunu yazdıq. Rövşənə dedim ki, biz gedib gələnə kimi bunu saxla, gələndən sonra götürərik. Dedi ki, arxayın ol, elə yerdə basdıracağam ki, heç kim bilməyəcək. Yoldaşım dedi ki, Rövşən, biz ömür boyu nə yığmışıqsa, hamısı burdadı, bunu yaxşı saxla. Bankalarda təxminən 6-7 kiloqram qızıl vardı".
Ç.Baxşıyevin sözlərinə görə, R.Əhmədova qızılları təhvil verəndən bir müddət sonra onun həyatına qəsd etmək istəyib: "Bu ilin fevral ayında Rövşən Əhmədov Bayraq Meydanında mənimlə gəzirdi. Onun əlində qabda su vardı, sonra suyu mənə təklif etdi və mən də içdim. Səhər yuxudan duranda, halım pisləşdi. Məni xəstəxanaya apardılar, mədəm qan içindəydi. Uzun müalicədən sonra halım düzəlmədi, təcili Avstriyaya apardılar. İki həftə orda qaldım, amma bir şey tapa bilmədilər. Mədəmdə iki litr qan vardı".
Zərərçəkmiş deyir ki, sonradan Rövşən ondan qızılları hara qoymağı soruşub: "Qızılları qızım Fatiməyə verməyi tapşırdım. Sonradan Fatimə qızılların üstündən götürüldüyünü dedi. Çünki qızıllar ona veriləndə, 6-7 kiloqram idi. Mən qayıdanda, qızım mənə dedi ki, qızıllar çox yüngüldü. Baxdım, orada 300-400 qram qızıl qalmışdı. Sonra Rövşənə zəng elədim ki, bizə gəl. Rövşənin yanında bağlamanı göstərib dedim ki, burda heç nə yoxdur. İkinci qabda da qızıl az idi. Soruşdum ki, qızıl sikkələr hardadı? Rövşən sanki şirə döndü, üstümə qışqırmağa başladı. Dedim, get qızılları bura gətir.
Ç.Baxışov ifadəsində göstərib ki, sonralar dəfələrlə R.Əhmədova zəng vursa da, cavab verməyib: "Sonra da dedi ki, məndə qızıl yoxdur. Ona görə də, şikayət etdim və Rövşəni saxladılar. Müstəntiqə deyirdi ki, məni buraxın, qızılları gətirim. Bundan sonra Rövşənin vəkili vasitəsilə mətbuatda əleyhimə böhtan kampaniyası başladı. Mənə hər tərəfdən təzyiq edirdilər. Haqqımda həqiqətə uyğun olmayan şeylər yazırdılar. Məqalələrin hamısını yığıb saxlamışam, istəsəniz məhkəməyə təqdim edə bilərəm".
Sonra Ç.Baxşıyev dövlət ittihamçısının və təqsirləndirilənin vəkili Adəm Məmmədovun suallarını cavablandırıb.
Qeyd edək ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə və onun qızlarına məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirməkdə ittiham olunur.