Yenixeber.org: Bu barədə Bakı sakini Nərmin Zeynallı özünün sosial şəbəkə hesabında qeyd edib. Xanımın sözlərinə görə, toy başlayanda yeməklərin köhnə olduğunu ailə üzvlərindən bir neçəsinə desə də ona inanmayıblar:

“Sizə hansını sayım? Kolbasalardan gələn çürük ət iyinimi? Boşqablarda qalıb quruyan göyərtilərdənmi? Toydan bir neçə gün sonra hamının halının pisləşdiyi məlumatını alıb, şadlıq evinə yollanıblar. Təbii ki, restoran bütün günahı sudakı mikroba ataraq, vəziyyətdən çıxıb və söhbət bağlanıb. Halbuki yeməklərin köhnə olmasının su ilə heç bir əlaqəsi yoxdur. Ən böyük problem nədir bilirsinizmi? İnsan necə öz haqqlarını bilməz və bu qədər ciddi məsələyə necə susa bilər?! Bu gün özünü, öz canını müdafiə edə bilməyən adam, adamlar, necə bizə örnək olmağa çalışırlar? Bu məsələdən sonra bir daha anladım ki, demək insan elə bir məxluqdur ki, sonunda ölüm olmadan heç nəyin qədrini və dəyərini bilməyən, “Əşi oldu, keçdi” deyib, susan danışan maşından başqa bir şey deyil. Amma inanın mənə, bu qədər insan içində bir qapıda ölüm hadisəsi baş versəydi indi hansısa xala, ağlayaraq özünü döyürdü bu dəqiqə. Özünə qarşı olunan haqsızlığa susan adam həyatında heç bir uğur qazana bilməz! Ona görə də başınıza gələn ən xırda haqsızlığa belə susmayın. Sizdən xahişim, bu statusumu paylaşın və daha çox adama çatdırmağınızdır. Çünki bu gün mənim ailəmin, yaxınlarımın başına gələn şey, sabah sizin də başınıza gələcək. Cəmiyyətə öz haqlarını bilən övladlar yetişdirin! Çünki bizim sabahımız onlardır”.

Məsələ ilə əlaqədar “Monte Karlo” restoranının baş administratoru Babək Bayramlı minval.info-ya açıqlama verərkən iddianın əsassız olduğunu bildirib.

“Burada belə bir hadisə baş verməyib. Bizim hamımız burada yeyirik, içirik. Yəni tək mən deyiləm, bunun ofisiantı, xədiməsi, qabyuyanı və s. var. Demək olar ki, bir qazandan yemək yeyirik, eyni sudan və qidadan istifadə edirik. Şükr, heç birimizdə problem olmayıb. Ola bilsin, kimsə məclisdən əvvəl və ya sonra hansısa qidaları qarışdırıb. Kim istəyir, buyurub mətbəximizə baxa bilər. Analiz də götürə bilərlər. Mən hər şeyə cavabdehəm”.