Zakir Qaralova intihar xəbərdarlığı
Ağzını tikən, aclıq aksiyası keçirən iş adamı baş prokurora özünü yandıracğını bəyan etdi
"Xeberinfo.com": Baş prokuror Zakir Qaralov Qazax rayon prokurorluğunda Qərb bölgəsinin əhalisinin şikayətlərini dinləyib. İki il öncə 355 min manata “Avesta” konserinə məxsus “Həsən-96” MTK-dan 2 mənzil alan iş adamı Elşad Məmmədov da yaxın qohumu, şəhid anası Ülkər Nəsibova ilə birlikdə baş prokurorun qəbulunda olub.
Onu da bildirək ki, bu Elşad Məmmədovun Zakir Qaralovla ikinci görüşü idi. Birinci görüş isə ötən ilin aprelində Ağstafa prokurorluğunda baş tutmuşdu. Birinci görüşün isə heç bir nəticəsi olmamışdı. Elşad Məmmədov bu müddətdə öz işini Ali Məhkəmənin plenumuna qədər aparmışdı. Bu dəfə də qəbulda olan Elşad Məmmədovu dinləyən baş prokuror qeyd edib ki, məsələdən məlumatlıdır və hətta Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi, general Kamran Əliyevə də onun problemiylə maraqlanmaq tapşırığı verib. Zakir Qaralov işin məhkəmə çəkişməsində olduğunu bildirib və son sözü “Mən məhkəmənin işinə qarışa bilmərəm” olub.
Baş prokuror Elşad Məmmədovun 8 gün aclıq edərək ağzını tikməsini, özünü yandırmaq istəməsini isə Allah və qanun qarşısnda böyük günah adlandırıb.
“Mən də ona dedim ki, bəs Allah və qanun qarşısında Hacı İbrahim Nehrəmlinin heç bir cavabdehliyi yoxdur? Necə olur ki, mənim əlimdə qanuni sənədlərim ola-ola üç ildir üç körpəmlə kirayələrdə qalıram, məhkəmələr isə Hacı İbrahimin tərəfini tutur. Zakir Qaralov bu sualların cavabında yenə bildirib ki, mən məhkəmə qərarlarına qarışa bilmərəm, biz araşdırma edib işi göndərmişik və səni ora tapşırmışıq”.
İş adamı Zakir Qaralova, qəbulda olan Qazax rayon prokuroru Əlirza müəllimə və onun köməkçisinə bildirib ki, artıq yaşamağa yeri yoxdur: “Cana doymuşam, ağzımı tikdim faydası olmadı, Prezident Administrasiyasının qarşısında üç övladımla ölkə başçısına şikayətə getdim, polislər onların gözü qarşısında zorla əl-qolumu bağlayaraq polis maşınına basıb Səbail rayon 9-cu polis bölməsinə apardılar. Orda məni 4 saat qanunsuz saxlayaraq nə ərizəmi aldılar, nə də qeydiyyata saldılar. Bir daha təkrar etdim ki, növbəti dəfə Prezident Administrasiyası önünə tək gedəcəm və orada özümü yandıracam. Bu işdən şəxsən siz Zakir Qaralovun xəbərdar olmasını bütün mətbuat vasitəsi ilə hamıya bildirəcəm”.