İş adamı Prezident Aparatında oldu
İki mənzili əlindən alınan Elşad Məmmədov Qənirə Paşayevadan kömək istəyir
"Xeberinfo.com": İki mənzili əlindən alınan və həmin mənzillərə görə ödədiyi 355 min manatı uzun müddətdir “Avesta” Konserninə məxsus “Həsən-96” MTK-dan ala bilmədiyini deyən qazaxlı sahibkar Elşad Məmmədov artıq “ölüm körpüsü” adını almış Koroğlu metrostansiyası yaxınlığındakı körpünün altından deputat Qənirə Paşayevaya müraciət edib: “Qənirə xanım, sizə üç övlad atası kimi müraciət edirəm. Nəyim var idisə hamısını satıb İbrahim İbrahimovun sahibi olduğu “Avesta” Konserninə məxsus “Həsən-96” MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil almışam. Sonradan o mənzillər xəbərim olmadan əlimdən alınıb. Elə o vaxtan da kirayələrdə qalıram. Artıq yaşaya bilmirəm. Üç qardaşıq, birləşib nəyimiz varsa, satıb “Həsən-96” MTK-nın o iki evi almışdıq. Bir gün evlərdən birini satmaq istədim. Şirkətin Orxan adlı işçisinə bu barədə deyəndə məndən evin sənədlərini aldı ki, müştəri var, guya ona göstərəcək. Sonra hiss etdim ki, Orxan məndən qaçır. Binaya getdim, gözətçiyə binadakı mənzillərin nömrəsini dedim. Gözətçi jurnala baxıb bildirdi ki, həmin mənzillərdən biri mənim, o biri isə başqa adamın adınadır. Başa düşdüm ki, Orxan sənədlərini verdiyim mənzili özbaşına, saxta yolla satıb”.
“Həsən-96” MTK “Avesta” Konserninin şirkətlər şəbəkəsinə daxildir. Konsernin prezidenti Hacı İbrahim kimi tanınmış iş adamı İbrahim İbrahimovdur.
Elşad Məmmədov iş adamının yanında olduğunu da deyir. Ancaq şirkət rəhbəri ilə görüşməsi də ona kömək etməyib. Görüşdən bir şey çıxmadığını görən Elşad Məmmədovun şirkətin hərəkətlərindən şikayət etməsi isə onun eyni binadan aldığı ikinci mənzili də itirməsinə səbəb olub. Şirkət məhkəmədə iddia qaldırıb ki, Elşad Məmmədova həmin evi pulla yox, şərt əsasında verib. Guya Elşad Məmmədov şirkət qarşısında öhdəlik götürüb ki, tikdirdiyi bir obyektin qapı-pəncərə işlərini görəcək. Ancaq öhdəliyi yerinə yetirməyib. Ona görə də onunla mənzilə alqı-satqı müqaviləsinin ləğv olunmasına dair Nəsimi rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmə iddianı təmin edib. Məhkəmə Elşad Məmmədovun iştirakı olmadan keçirilib. Qətnamədə qeyd olunur ki, Elşad Məmmədova bir neçə məhkəmənin keçiriləcəyi yer və vaxtı barədə bildiriş göndərilsə də, o, məhkəməyə gəlməyib.
Elşad Məmmədov isə deyir ki, məhkəmədən nəinki bildiriş almayıb, hətta belə bir məhkəmənin keçirilməsindən xəbəri olmayıb. Bir gün yaşadığı ünvana məhkəmə qətnaməsi gələndə xəbər tutub ki, it də gedib, ip də. Elşad Məmmədov məhkəmə qətnaməsindən apellyasiya şikayəti versə də təmin olunmayıb. İndi o, ümidlərini Ali Məhkəməyə bağlayıb. Elşad Məmmədovun sözlərinə görə, şirkət rəhbərliyindən şikayətlər etdikcə onun mobil telefonuna hədələyici zənglər gəlir: “Zəng vurub özlərini “bandotdel” işçiləri kimi təqdim edirlər. Əlimdən alınmış ikinci mənzilin sənədlərini onlara verməyimi, şikayətlərimi dayandırmağımı tələb edirlər. Məni şərləyib tutacaqlarını, “bandotdel”də saxlayacaqlarını deyirlər”.
Avqustun 26-da Elşad Məmmədov Prezident Administrasiyasında olub. Ona öncə Qanunvericilik və hüquq şöbəsinin müdiri Şahin Əliyev qəbul edəcəyi bildrilsə də, sahibkarı özünün qeyd olunan şöbənin əməkdaşı kimi təqdim edən Ayxan Əlməmmədov qəbul edib.
İş adamı yaranmış problemlə bağlı üç dəfə PA-da olub. Ona hər dəfə vədlər verilərək, problemin araşdırılacağını bildirsələr də, hazırda vəziyyətlə bağlı heç bir irəliləyiş müşahidə olunmur.
Sahibkara növbəti dəfə problemini araşdırıb həll edəcəklərini bildiriblər. E.Məmmədov deyir ki, görüşlərin bu günə qədər heç bir nəticəsi yoxdur.
Sahibkar ayda bir dəfə qəbul günləri olan şöbə müdirlərinin qəbuluna 3 ildir ki, yazılmağına baxmayaraq, bu müddət ərzində onu heç bir şöbə müdiri qəbul etməyib.
Hazırda yaşamağa yeri olmayan Elşad Məmmədovun sözlərinə görə, onun övladları builki təhsil prosessindən uzaq düşəcək. Belə ki, hazırda evi olmayan sahibkar övladlarını məktəbə qoymağa heç bir imkana sahib deyil.
Elşad Məmmədov bir daha deputat Qənirə Paşayevadan onunla görüşməyivə bu haqsızlığı prezident və onun xanımı Mehriban Əliyevaya çatdırılmasını xahiş edib.