Kəmaləddin Heydərovun “dayısı oğlu” məhkəmə qarşısında
Xeberinfo.com: Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Məhərrəmov adlı şəxsin işinə baxılır. O, «Azərbaycan Dəmir Yolları» QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının rəisi olsa da, bu cinayət işi üzrə zərərçəkmişlər onu Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi tanıyıblar. Həm də nazir Kəmaləddin Heydərovun «dayısı oğlu» kimi…
Bunu zərərçəkmişlər məhkəmədə deyiblər.
NAZİR DƏ MƏSƏLƏDƏN XƏBƏRDARDIR
Əlövsət Məhərrəmov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə suçlanır. İttihama görə, o, yaxınlarını FHN-də işə düzəltmək adı ilə ayrı-ayrı adamlardan külli miqdarda pul alıb. Amma nəticədə nə iş düzəlib, nə də verilən pullar qayıdıb.
Zərərçəkmişlər deyir ki, Əlövsət Məhərrəmov «Azərbaycan Dəmir Yolları» QSC-nin qərargah rəisi olsa da, FNH-nin formasını geyinib. Onları bu adamın nazirliyin «polkovniki», nazirin də «dayısı oğlu» olmasına həm də geyimi inandırıb.
Pullarının qaytarılmasını tələb edən zərərçəkmişlərin sözlərinə görə, Kəmaləddin Heydərov da məsələdən xəbərdardır. Onlar aldadıldıqlarını başa düşəndən sonra toplaşıb nazirliyə gediblər, başlarına gələnləri ərizə şəklində orada qəbuluna düşdükləri məmura təqdim ediblər. Dediklərinə görə, bundan sonra məsələ araşdırılıb və Əlövsət Məhərrəmov həbs olunub.
4-10 MİN MANAT PUL VERİBLƏR
Bu iş üzrə zərərçəkmişlərin sayı 50-dən çoxdur. Onların bir qismi özü, bir qismi isə yaxınlarının işə düzəlməsi üçün 4-10 min manat pul verdiklərini deyirlər.
Cinayət işinin materiallarına görə, Əlövsət Məhərrəmov pul aldığı adamlara bildirib ki, işə düzəlmək üçün əvvəlcə Ukraynada kurs keçmək lazımdır. Üç aylıq kursdan sonra onlar işə düzəlməli imişlər. İlkin ödəniş olaraq alınan 4 min manat da Ukraynaya yolpulu və s. xərclər üçün lazım imiş…
Məhkəmənin gedişində zərərçəkmişlər Əlövsət Məhərrəmovun hələ də onların pulunu qaytarmamasına kəskin etirazlarını bildiriblər. Deyiblər ki, Məhərrəmovun buna imkanı da çatır.
«Novxanıda dördmərtəbəli villan var. Niyə satıb camaatın pulunu vermirsən?», – deyə zərərçəkmişlər yerindən qışqırıb.
«İŞ DÜZƏLMƏDİ, PULUMUZU DA ALA BİLMİRİK»
«Onu atam tanıyır. Pulu da atam vermişdi. Ukraynada oxuyub qayıdandan sonra işə düzələcəkdim. Yalandan getdim-gəldim. Amma iş düzəlmədi. İndi də pulumuzu ala bilmirik. Artıq bu işdən yorulmuşam. Cəzası nədirsə, verin, gedib çəksin», – məhkəmədə ifadə verən Fariz Bədəlov deyib. O, 4100 manatının batdığını deyir.
Başqa bir zərərçəkmiş Elçin Ağayev məhkəmədə ifadəsində deyib ki, atası onu FHN-ə işə düzəltmək üçün Əlövsət Məhərrəmova 10 min dollar verib.
Məhkəmədə Əlövsət Məhərrəmovun təşkil etdiyi kurslarda dərs deyən müəllim Vaqif Sərdarov da ifadə verib. Hüquq-mühafizə orqanlarında 20 il xidmət etdiyini və polkovnik olduğunu deyən şahid Əlövsət Məhərrəmovun yanında işə düzəldiyini, kursda dərs dediyini təsdiqləyib. Əlavə edib ki, həmin kurslarda cəmi 6-7 nəfər iştirak edirdi.
(azadliq.org)