Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

8 ailəni ölümlə üz-üzə qoyanlar: Sakinlər kompensasiyanın məbləğindən narazıdır - VİDEO+FOTOLAR

 

Narazı sakinlər: "Pulumuzu düzgün verməsələr, heç yerə gedən deyilik"

 

Xeberinfo.com:   «Bizə verilməli olan qanuni ödənişi tələb edirik. Əks halda, yataqxananı uçursalar belə, evimizdən çıxan deyilik» - bu sözlər Xətai rayonu, Cavanşir küçəsi 10 ünvanında yerləşən, bir zamanlar H.Z.Tağıyev adına toxuculuq kombinatına məxsus olan, daha sonra isə Xətai Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına verilən beşmərtəbəli, qəzalı vəziyyətdə olan yataqxananın və Cavanşir küçəsi 14-də yerləşən, bir zamanlar Avtomobil zavodunun yataqxanası olan binanın sakinlərinə aiddir. 
Cavanşir küçəsi 10 ünvanında yaşayan sakinlər uzun müddətdir ki, acınacaqlı durumla üz-üzə qalıblar. Belə ki, bu ilin martın 28-də qəfildən sözügedən binanın 3-cü və 4-cü mərtəbələri arasındakı beton panellər uçub. 
Bu haqda musavat.com saytı olaraq xəbər hazırlamışdıq. Həmin hadisədən bir qədər sonra Xətai Rayon İcra Hakimiyyətindən yataqxana sakinlərinin tez bir zamanda köçürüləcəyinə dair söz verilsə də, 8 ailə hələ də Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli 217 saylı sərəncamına əsasən, dövlət tərəfindən onlara ayrılan kompensasiyanı ala bilmir. Daha dəqiq desək, onların yaşadıqları otaqlar düzgün qiymətləndirilmir. 
Belə ki, 7 nəfərdən ibarət ailə bu günə qədər 2 müxtəlif otaqda yaşayıblar. Amma onlara sadəcə, bir otağa görə pul verilir ki, bu da 45 min manat təşkil edir. Sakinlər də haqlı olaraq buna etiraz edirlər. Yeddi nəfərdən ibarət ailə 45 min manata necə bir ev ala bilər ki, orada yaşa bilsinlər. 
Görünən budur ki, İcra Hakimiyyətini 8 ailənin həyatından çox, mümkün qədər az pul xərcləmək düşündürür. Bundan ayrı bir məqsədləri varsa, onu hələ ki, bilmirik. 

"Qazımızı, suyumuzu, işığımızı kəsirlər ki, evdən çıxaq"

5-ci mərtəbədə yaşayan Ceyran Hüseynova deyir ki, 6 nəfərdən ibarət ailə üzvü var və iki otaqda məskunlaşıblar. Amma indi onlara cəmisi 45 min manat pul təklif edilir: "25 ildir ki, burada yaşayırıq. 91-ci ildə buraya köçmüşük və həmin ildən də deyilir ki, bina qəzalıdır. İndi köçürürlər, amma ədalətsiz şəkildə... Qazımızı, suyumuzu, işığımızı kəsirlər ki, evdən çıxaq. Bizə təzyiq edirlər. Ay sonuna kimi vaxt qoyublar. Deyirlər ki, "Çıxmasanız, evinizi başınıza uçuracağıq". İki otağımız var. Amma birini hesablayırlar. 45 min manata ev almaq olar?" 
Bina sakinlərindən biri olan Niyaməddin Şıxəliyevin sözlərinə görə, 2 subay qardaşı evsizlik ucbatından ailə qura bilmir: "1988-ci ildən burada yaşayırıq. Ailə tərkibimiz çox olduğuna görə, dövlət bizə 5-ci mərtəbədə 2-ci otağı da verib. Biz həmin günlərdə verilən otağı ailə üzvlərimizdən olan ikinci bir adamın adına keçirmədik. Çünki hökumətimizə güvəndik. İndi bizə deyirlər ki, vaxtında adınıza keçirərdiniz. Yəni indi biz hökumətə güvənməklə səhv etmişik? Hamımız ev növbəsində olan adamlarıq. Amma indi bizə 1 otağın pulunu verirlər. Mən evliyəm, 2 qardaşım isə subay... 2 otaqda güclə yaşayırdıq. 45 minə necə bir ev alaq ki, hamımız orada yaşaya bilək? Bu, mümkün deyil. Bizə 2 otağın pulunu versinlər, çıxaq. Olmasa, heç yerə gedən deyilik". 

"Bizə ya pul, ya da bu ərazidə normal mənzil versinlər"

Şəhid nəvəsi olan Nicat Məmmədovun dedikləri: "1989-cu ildən bu binada məskunlaşmışıq. Atam H.Z.Tağıyev adına Toxuculuq Kombinatında işləyib. Ev növbəsinə durmuşuq. Zamanla ailəmiz böyüdü və dövlət bizə ikinci otağı verdi. Çünki bir otaqda yaşamaq mümkün deyildi. İndi isə bizim 2 otağı 1 otaq kimi hesablayırlar. Binanın kommunal xətlərini kəsirlər, binaya qəsdən zərər vururlar ki, çıxaq. Babam Milli Qəhrəmandır. Anam xəstədir. Bizə qoyulan qiymət budur? Binadan köçənlər 1 otaqda yaşayan adamlar idi, onlara sərf edirdi, köçdülər. Bizə sərf etmir. Ya pul versinlər, ya da bizi bu ərazidə normal mənzillə təmin etsinlər".  
Narazı 8 ailədən birini təmsil edən Qaratel Süleymanova deyir ki, ona verilən pul lazım deyil, normal ev versinlər: "Mənə 45 min manat verirlər, lazım deyil. Halal xoşları olsun. 52 ildir ki, burada yaşayıram. Mənə Xətai rayonunda normal ev versinlər, gedim yaşayım. Verdikləri pula ən yaxşı halda Hövsanda ev almaq olar. Orada da yaşamaq mümkün deyil. Üstəlik, Xətai kimi yerdən çıxıb, niyə Hövsana gedim?" 
Oxşar vəziyyət əvvəldə bəhs etdiyimiz Cavanşir küçəsi 14-də yerləşən, bir zamanlar Avtomobil Zavodunun yataqxanası olan binada da hökm sürür. Burada yaşayan bina sakinlərinə də köçmələri ilə bağlı xəbərdarlıq edilib. 
Artıq 26 qaçqın ailəsi binadan köçürülüb. Geridə qalanlar isə ailə tərkibi böyük olan və birdən çox otaqda məskunlaşmış sakinlərdir. Onların da problemi eynidir, düzgün hesablanmayan kompensasiya...

"Get, 45 min manatı ailənlə böl, ya da evlən..."

Haqlı olaraq etiraz edən bina sakinlərindən biri olan Günay Məmmədovaya pul verməmək üçün qeyri-adi bəhanə deyilib: "Mən eyni binada, amma ailəmdən ayrı yaşayıram. Yaşadığım mənzili özəlləşdirmişəm, sənədlər mənim adımadır. Qardaşım Gündüz Məmmədovla birgə yaşayıram. İllərdir ki, kommunal xidmətləri ödəyirəm. İndi mənə deyirlər ki, "Subaysan. Sənə ev düşmür. Get, 45 min manatı ailənlə böl, ya da evlən". Mən öz haqqımı tələb etmək üçün evlənməliyəm? Mənim kompensasiyamı vermirlər. Deyirlər ki, mənzili adından çıxart, sonra məhkəməyə müraciət elə... Məni aldatmaq istəyirlər. Vaxtında pul vermişəm, almışam. Pulumu versinlər, çıxım". 
Mükafat Ağayeva da narazıdır. Onun narazı olmasına səbəb isə, 4 otaqları olmasına baxmayaraq, qeydiyyata 1 otağın alınmasıdır: "7 nəfərdən ibarət ailəyik. 4 otağımız var. Sənədləri gətirəndə dedilər ki, 2 otağı hesablayırıq. Qol çəkdik, heç onu da yazmayıblar. Kompüterdə sadəcə, 1 otaq çıxır. 4 nəvəm var. Biri ADA universitetində oxuyur. Bu vəziyyətdə yaşayıb, oxuyub, öz biliyi ilə qəbul olunub. 1 otağın pulunu verirlər, mən nə edim? Oğlumu, gəlinimi, nəvələrimi çölə atım? Bizim haqqımız nədirsə, onu versinlər, çıxaq". 
Hər iki binanın problemi eynidir, düzgün verilməyən kompensasiya... Hər an uçmaq təhlükəsi altında olan binalarda yaşayan insanların həyat təhlükəsizliyini düşünüb, onlara düzgün ödəniş edilməlidir. Əgər bu binalarda növbəti uçqun hadisəsi baş verərsə və kimsə xəsarət alsa, buna kim cavab verəcək? 
 


















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam