Oliqarxların pullarını talayıb qaçan bankir Monte Karlodadır
Azərbaycandan sonra Rusiyada da “Cahangir Hacıyev sindromu” yaşanır.
Xeberinfo.com: Belə ki, Rusiyanın iri banklarından olan “Vneşprombank”ın sahibi, Rusiyanın bobsley idman növü üzrə Federasiyasının prezidenti Georgi Bejamov bankın milyardlarla dollarını birgünlük offşor firmalara köçürərək mənimsədiyi üzə çıxandan sonra ötən ilin dekabrında ölkədən qaçıb. Həmin bankda olduqca mühüm adamların, oliqarxların, Kreml elitasının, o cümlədən Olimpiya Komitəsinin pulları saxlanılırdı.
Aktivlərinə görə Rusiyanın 38-ci bankı olan “Vneşprombank” ötən ilin dekabrında müflis elan edilib. Mərkəzi Bank “Vneşprombank”ın müflisləşməsi prosesini həyata keçirmək üçün müvəqqəti administrasiya təyin edib. Bu bankın talanması mexanizmi Azərbaycan Beynəlxalq Bankının milyardlarla manat vəsaitinin çoxsaylı offşor şirkətlərin adına kredit kimi rəsmiləşdirilərək mənimsənilməsi mexanizminə çox oxşayır. Ancaq Bejamovla Cahangir Hacıyev arasında bircə fərq var ki, rusiyalı bankir vaxtında aradan çıxa bilib və son məlumatlara görə Monte-Karloda əylənir.
“Forbes” jurnalının məlumatına görə Georgi Bejamovun “Ester III” adlı dəbəbəli yaxtasının bu günlərdə Monako sahillərində, Monte-Karlo limanında lövbər saldığı qeydə alınıb. Jurnalın yazdığına görə Bejamovun üç dəbdəbəli yaxtası var, ancaq onların ən irisi 66 metrlik “Ester III” yaxtasıdır. Yaxtanın göyərtəsində 6 lüks kayut, vertlolyot meydançası, spa və hovuz var. Yaxtanın dəyəri 72.5 milyon dollardır. Lakin Rusiya hakimiyyətinin Bajemovun yaxtalarına və Avropadakı mülklərinə həbs qoya və onları satıb “Vneşprombank”da pulları batan əmanətçilərə ödəyə bilməz. Çünki bu mülklər və yaxtalar kreditə görə Avropa banklarında girovdur.
G.Bajemovun məsələsi və onun Rusiya elitasının pullarının saxlanıldığı bankı talayaraq batırması Qərb mediasının da diqqətindədir. Bu il fevralın 26-da “The New York Times” qəzeti yazıb ki, Bajemov Monte-Karloda ona məxsus şərab barında görünüb. Bu haqda qəzetin reportyorlarına barın ofisiant məlumat vermişdi. Qəzet yazmışdı ki, oliqarxın yaxtası Monte-Karlo limanına tez-tez yan alır.
“Vneşprombank”ın nəzarət səhm paketi Bajemova məxsus olub. Banka onun bacısı Larisa Markus rəhbərlik edib. Ötən il dekabrın 22-də Larisa Markus iri miqyasda dələduzluq ittihamı ilə həbs olunub. Bundan sonra Bajemov telefon zənglərinə cavab verməyib və jurnalistlər onun Rusiyadan qaçdığını müəyyən ediblər.
Məlumatlara görə “Vneşprombank”dan 187 milyard rubldan çox vəsait birgünlük offşor firmaların adına kredit kimi rəsmiləşdirilərək çıxarılıb.Nəticədə banka pullarını etibar etmiş “olduqca mühüm adamlara” böyük ziyan dəyib. Rusiya elitası, oliqarxları və yüksək vəzifəli məmurları pullarını bu banka yatırırdı. Nəticədə “Vneşprombank” öz aktivlərinin həcminə görə Rusiyanın ən iri banklarından birinə çevrilmişdi.
Rusiya mətbuatı yazır ki, ölkənin Olimpiya Komitəsinin bank hesabı da həmin bankda olub. Olimpiya Komitəsinin 2016-cı il Rio Yay Olimpiya Oyunlarına hazırlıq üçün nəzərdə tutulan 200 milyon dollar vəsaiti də batan əmanətlər arasındadır. Habelə Rusiya Pravoslav Kilsəsinin 1.5 milyard rubl vəsaiti də bankda batıb.
“Vedomosti” yazır ki, VİP-müştərilərin “Vneşprombank”da saxladıqları pulların məbləği 2015-ci il noyabrın 1-nə olan məlumata görə 27 milyard rubl (o vaxtkı kursla) təşkil edirdi. Habelə iri dövlət şirkətləri də pullarını bu bankda saxlayırdılar. Məsələn, “Rosneft”in bankda 10 milyard, “Transneft”in 14 milyard rubl vəsaiti olub.
"İnterfaks" agentliyi isə xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları Bajemovun barəsində cinayət işi qaldırıblar və onu beynəlxalq axtarışa veriblər. Bajemov xüsusilə iri məbəğdə dələduzluqda ittiham olunur. Bu haqda agentliyə Bajemovun işi ilə tanış olan mənbə məlumat verib.
Virtualaz.org