Müsavat mitinq keçirdi - FOTOLAR
Müsavat Partiyası paytaxtda, “Məhsul” stadionunda mitinq keçirdi.
"Xeberinfo.com": Məlumata görə, Müsavat Partiyasının himni ilə başlayan tədbirdə partiyanın parlament seçkilərində iştirak edən namizədləri də iştirak edir.
Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verdiyi mitinq həm də Müsavatın 15 saylı Yasamal seçki dairəsindən deputatlığa namizədi İsa Qəmbərin seçiciləri ilə görüşü hesab edilir.
O, noyabr seçkilərinin saxtalaşdırılma ehtimalının böyük olduğunu vurğulayaraq, seçkidən sonrakı dörd ay ərzində yeni seçki tələb etdiklərini vurğulayıb: “Biz azad seçki tələb edirik!”.
A.Hacılı qeyd edib ki, Azərbaycana daxil olan yüz milyarddan artıq neft gəlirləri Azərbaycan xalqının mənafelərinə xidmət etməyib. “Biz ən çətin dövrlərdə də mübarizəmizi davam etdiririk”.
O, ölkədəki siyasi məhbuslarla bağlı vəziyyətdən, qondarma ittihamlarla həbs edilən onlarla insanın aqibətindən danışıb. Həmçinin vurğulayıb ki, demokratik kəsim ölkənin nicatına nail olacaq.
A.Hacılı deyib ki, onların seçkidən imtinası da aktualdır: “Bu, oktyabrın 28-də son dəfə müzakirə olunacaq.
Müsavat başqanının müavini Səxavət Soltanlı ölkədəki siyasi situasiyanın çətinliyini vurğulayıb və çətin şərtlər daxilində belə hakimiyyətə qarşı gəldiklərini qeyd edib.
Müsavatın namizədlərindən olan Dilşad Nağıyeva qeyd edib ki, seçicilər ədalətli seçkilər keçiriləcəyinə, demokratik qüvvələrin demokratik yolla hakimiyyətə gələcəyinə inanmırlar: “Amma biz inamlıyıq. Seçicilərlə görüşəndə bir daha sübut etdik ki, biz varıq, biz mübarizədəyik. Və sonadək mübarizəni davam etdirəcəyik, sonadək gedəcəyik. Biz azadlığa layiqik, biz azad olacağıq”.
Salyandan namizəd olan Valeh Hümbətoğlu da vəziyyətin çətinliyini vurğulayaraq, əlavə edib ki, bu şəraitdə də Müsavat mübarizəni davam etdirir. O, mübarizədən qorxmamağın vacibliyini vurğulayıb.
Müsavat Divanının üzvü Nüşabə Sadıxlı isə vurğulayıb ki, vətəndaşlar hakimiyyətdən və sosial durumlarından narazı olsalar da, bunu deməyə çəkinirlər.
Namizədlərdən Xasay Səfəroğlu isə qeyd edib ki, haakimiyyətin güclü olmasının və durumun düzəlməməsinin səbəbi vətəndaş qərarsızlığıdır: “Bu gün hakimiyyətin güclü görünməsinin tək səbəbi vətəndaş zəifliyidir. Görüş keçirərkən görürük ki, insanların tək narahatlığı seçkilərin nəticələrindəndir. Hakimiyyətə inam yoxdur. Amma biz aktiv olmalıyıq”.
Deputatlığa namizəd İsgəndər Həmidov isə İsa Qəmbərin seçicilərinə müraciət edərək, onları Müsavatın namizədinə səs verməyə çağırıb.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə qeyd edib ki, son günlər ölkədə önəmli bir hadisə baş verib və davan edir: “Milli təhlükəsizlik nazirinin hansı oyunlardan çıxdığı rəsmi şəkildə etiraf olunur. İlham Əliyev bilirdi ki, milli Təhlükəsizlik Nazirliyi özünün bilavasitə funksiyaları ilə məşğul olmaq əvəzinə xalqa qarşı fəaliyyət göstərir, demokratik düşərgəyə qarşı fəaliyyət göstərir. Amma elə danışır ki, guya indi bilir ki, bu nazirlik milli təhlükəsizliklə məşğul olmaq əvəzinə biznes strukturuna çevrilib. İlham Əluyev indi bilib ki, bu nazirik Azərbaycanda iş adamlarına divan tuturmuş, şantaj edirmiş, adamların sərvətlərini, var-yoxlarını əlindən alırmışlar. İnsi məlum olur ki, Milli Təhlükəsizlik Nazirliyi deyil, milli təhlükə nazirliyidir. Azərbaycan dövlətinə təhlükə nazirliyidir. Söhbət təkcə bu nazirlikdən getmir, bütün nazirliklər bu gündədirlər. Bu rejim hər birimizin həyatından 22 ili oğurlayıb. Təkvə nefti yox, həyatımızı oğurlayırlar. Əliyev rejimi oğurlayıb. Oğru rejim, avtoritar rejim həyatımızı oğurlayır. Bu rejimin sonu gəlməkdədir. Biz bu rejimin getməsi üçün əlimizdən gələni etmişik. Müsavat Partiyası olaraq, gerçək demokratik qüvvələr əlindən gələni edib. Və etməkdə davam edirik”.
Sonda mitinqin qətnaməsi səsləndirilib. Qətnamədə bildirilir: “Ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün seçkiqabağı demokratik şərait yoxdur. Seçki qanunvericiliyi belə seçkilərin keçirilməsinə imkan vermir. Seçki komissiyaları tam olaraq hakimiyyətin nəzarəti altındadır. Bərabərhüquqlu təbliğat imkanları mövcud deyil, xüsusilə pulsuz efir vaxtının verilməməsi bu imkanları tamamilə aradan qaldırıb. Yüzədək siyasi məhbusun olması, seçki kampaniyas dövründə də repressiyaların davam etməsi, söz və ifadə azadlığına qarşı davamlı basqılar, saxtakarlıqların və qanun pozuntularının vüsət alması vəziyyəti bir qədər də ağırlaşdırır. Qeyd edilənləri nəzərə alaraq Müsavat Partiyasının görüş-mitinqi adından tələb edirik: Siyasi məhbuslar azad edilsin! Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühit yaradılsın! Seçki qanunvericiliyində əsaslı dəyişikliklər edilsin, ilk növbədə seçki komissiyalarının müstəqilliyi təmin edilsin! Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməsi, xüsusilə ictimai diskussiyaların təşkil edilməsi məqsədi ilə pulsuz efir vaxtı ayrılsın! Seçki kampaniyası dövründə Müsavat Partiyasından olan və digər namizədlərin imzatoplama, eyni zamanda, təbliğat kampaniyasına qeyri-qanuni müdaxilə edən yerli hakimiyyət və icra orqanlarının nümayəndələri barədə ciddi tədbir görülsün! Bütün bu və digər zəruri tədbirləin görülməsi üçüün parlament seçkiləri dayandırılaraq dörd ay sonraya təyin edilsin!”.
Musavat.com