Vüqar Bayramovla Meydan TV arasında qalmaqal
Bir neçə gün əvvəl Meydan TV-də OCCRP araşdırması olan "Mystery Company Quickly Wins More Than 120 Tenders" (Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib) adlı məqalə adlı məqalə dərc olunub.
"Xeberinfo.com": Məlumata görə, sözügedən məqalədə rəyi yayımlanan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bəyanat yayaraq həm OCCRP-ni, həm də Meydan TV-ni yalan danışmaqda suçlayaraq məqaləyə rəy vermədiyini bildirib. V. Bayramovun bu açıqlamasından sonra Meydan TV də V. Bayramovdan alınan müsahibənin səs yazısını oxuculara təqdim edib.
Sözügedən kanalla iqtisadçı arasında baş verən qalmaqala görə, İSİM-in Mətbuat Xidməti sosial şəbəkə vasitəsilə növbəti bəyanat yayıb. Mərkəz OCCRP-dən 5 tələbinin yerinə yetirilməsini istəyir. Bunlar üzr, ictimai təkzib, uydurma cümlələrin yığışdırılması, “qara piar”a son, dəyişdirilmiş müsahibədir. Bu tələblər yerinə yetirilməzsə, məhkəməyə baş vurulacaq:
“2015-ci il avqust ayının 25-də ‘Meydan TV’-nin veb-səhifəsində rus dilində ‘Таинственная компания за короткий срок выиграла более 120 тендеров’ (‘Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib’) sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilis dilli versiyası ‘the Organized Crime and Corruption Reporting Project (OCCRP)’ veb-səhifəsində çap olunub. Azərbaycanlı alim OCCRP tərəfindən onunla bu mübahisə ilə bağlı əlaqənin saxlanılmadığını bildirib. Bəlli olub ki, OCCRP Vüqar Bayramovun 8 ay öncə “Üç nöqtə” qəzetinə müsahibəsinin səs yazısındakı firkiləri tamamən kontekstdən çıxararaq və özlərindən Azərbaycanın əlehinə fikirlər uydurub əlavə edərək qərəzli məqalə hazırlayıblar.
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bəyan edir ki, V. Bayramovun adından uydurulan “fikirlər” hətta köhnə müsahibədə də yoxdur. Etik jurnalistika və araşdırma prinsiplərini nəzərə alaraq İSİM OCCRP qarşısında 5 şərt irəli sürüb. İSİM şərtlər yerinə yetirilmədiyi halda məhkəməyə müraciət edəcəklərini bildirir.
1. Vüqar Bayramovun adından uydurulan, heç bir yerdə söyləmədiyi və 4 gün ərzində saytlarda saxlanılan və hətta yazılı mətbuatda çap edilən, Azərbaycanın əlehinə “qara piar”a hesablanmış olan böyük abzas OCCRP-nin yalanları üzə çıxandan sonra tələm-tələsik özünün və Meydan TV-nin saytlarından yığışdırılsa da onun adından istifadə edildiyi üçün Vüqar Bayramovdan rəsmi üzr istənilsin;
2. Vüqar Bayramov hətta 8 ay öncə “Üç Nöqtə” qəzeti adından götürülən müsahibədə heç bir rəqəm səsləmədiyi halda “100 min dollar” ifadəli uydurma cümlə “araşdırmadan” çıxarılsın və ictimai təkzib verilsin;
3. Tenderlərin elektron qeydiyyatı ilə bağlı Vüqar Bayramovun adından uydurulan və İSİM rəhbərinin dilindən heç zaman səslənməyən “əks halda şəffaflıqdan söhbət gedə bilməz” cümləsi “araşdırmadan” çıxarılsın və ictimai təkzib verilsin;
4. “Araşdırmada” tamamilə dəyişdirilərək, uydurma “qara piar” cümlələri ilə bəzədilmiş müsahibənin bir ay öncə deyil, məhz bu ilin əvvəlində özünü “ Üç Nöqtə” qəzetinin əməkdaşı kimi təqdim edən jurnalist tərəfindən götürüldüyü ictimai qeyd edilsin;
5. İSİM və onun rəhbərinə qarşı sosial şəbəkələrdə, xüsusən də “Twitter”də aparılan qərəzli “qara piar” kampaniyasına dərhal son qoyulsun.
Jurnalistika, etik və hüquqi prinisplərə uyğun olaraq OCCRP-nin təkzibindən sonra həmin “araşdırma”nı yayan yerli mətbuat orqanlarında da oxşar təkziblərin verilməsi təmin edilməlidir.
Şərtləri yerinə yetirlmədiyi halda İSİM beynəlxalq məhkəməyə müraciət edərək əsassız “qara piar araşdırımasının” yığışdırılması və ictimai təkzibin verilməsinə çalışacaq”.