Etibar Pirverdiyevə və Qərib Məmmədova həbs təhlükəsi
İlham Əliyev onları «vurdu»; Hesablama Palatası Milli Məclisə faktlar təqdim etdi
"Xeberinfo.com": Məlumata görə, İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin iclasında “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədovun fəaliyyətini kəskin tənqid edib.
“Bu sahədə böyük səhvlər buraxılıb”
Ilham Əliyev bildirib ki, torpaqların elektron uçotu və qeydiyyatının kənd təsərrüfatının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir: “Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. Indi bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr bunlar həqiqəti əks etdirmir. Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir. Vaxtilə bu sahədə böyük səhvlər buraxılıb. Ona görə biz indi hər şeyi yenidən tənzimləməliyik”.
“Belə vəziyyət dözülməzdir”
Ölkə başçısı “Bakıelektrikşəbəkə”nin bazasında yaradılan “Azərişıq” ASC-dən bəhs edərkən bildirib ki, bu strukturun yaradılmasında məqsəd regionlarda da elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaqdır. Ölkə başçısı əlavə edib ki, Bakıda elektrik enerjisi ilə təchizat yüksək səviyyədə olsa da rayonlarda bu sahədə ciddi problemlər var. “Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil... Rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin. Bölgələrdə insanlarla görüşlər əsnasında mən onların xahişlərini, problemlərini eşidirdim. Deyirdilər ki, tez-tez işıqlar sönür, tez-tez işıqsız qalırıq. Azərbaycan kimi ölkədə belə vəziyyət dözülməzdir.
Ona görə görəndə ki bu inzibati tədbirlər səmərə vermir, biz struktur islahatlarına keçdik. Əminəm ki, “Azərişıq” yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enercisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaq".
Qeyd edək ki, “Azərişıq”a qədər rayonların enerji ilə təchizatını “Azərenerji” həyata keçirirdi.
Onu da bildirək ki, Ilham Əliyevin Qərib Məmmədovu və Etibar Pirverdiyevi “vurması” ilə yanaşı Hesablama Palatası da adıçkəilən fəaliyyətilə bağlı ciddi nöqsanlar aşkarlayıb və bu faktlar Milli Məclisə təqdim olunub.
Hesablama Palatası Qərib Məmmədovun fəaliyyətində hansı nöqsanları aşkar edib?
Qurumun hesabatında deyilir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və tabeliyində olan qurumlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit aparılıb. Müəyyən edilib ki, Komitənin aparatı üzrə büdcə proqnozları tərtib edilərkən qanunvericilik aktlarının tələblərinə əməl edilməyib və xərc maddələri üzrə əhatəli iqtisadi əsaslandırma və hesablamalar aparılmayıb. Komitənin tabeliyində olan Dövlət Yerquruluşu Layihə Institutu və Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm Istehsalat Mərkəzi tərəfindən auditlə əhatə olunan müvafiq illər üzrə xərclər smetasının layihəsi tərtib edilərək təsdiq edilsə də istehsal-maliyyə planı və ya gəlir, xərclər smetası, idarəetmə aparatının saxlanılmasının xərclər smetası tərtib edilməyib. Komitənin tabeliyində olan qurum tərəfindən malların (iş və xidmətlərin) satınalınması zamanı müvafiq qanunvericiliyin tələblərinə riayət edilməyərək satın alınacaq malların ehtimal olunan qiyməti müəyyənləşdirilməyib, icra hakimiyyəti orqanının razılığı alınmadan müqavilə məbləği artırılıb, malların tender təklifi qiymətindən baha qiymətə alınması səbəbindən icraçıya artıq vsəait köçürülüb, Aerogeodeziya Müəssisəsi, Fabrik və Mərkəz tərəfindən birbaşa müqavilələr bağlanaraq mallar satınalma keçirilmədən alınıb, icraçılarla bağlanmış müqavilələrdə cərimə faizləri nəzərdə tutulmayıb, avans ödənişinin həcmi müəyyənləşdirilməyib. Çöl tədqiqat işləri və kameral işlər üzrə iş mərhələlərini göstərməklə ayrı-ayrı rayonların inzibati ərazi dairələri və bələdiyyələri üzrə döngə nöqtələrinin koordinatlarını göstərməklə sərhədlərinin müəyyən edilməsi, xəritələşdirilməsi və mərz nişanlarının hazırlanması, bərkidilməsinə dair yerquruluşu layihə-axtarış işlərinin smetası tərtib olunsa da, həmin smetalar Mərkəz üzrə ümumiləşdirilməyib və Komitə ilə razılaşdırılmayıb. Nəticədə Komitə ilə Mərkəz arasında bağlanmış müqaviləyə əlavə edilməyib, illər üzrə yerinə yetirilmiş kadastr, monitorinq, layihə-axtarış və elmi-tədqiqat işlərinin inventarlaşdırılması aparılmayıb, növbəti illərə keçid işlərinin regionlar və obyektlər üzrə qalıqları müəyyən edilməyib və müvafiq aktlarla rəsmiləşdirilməyib.
Hesabatda Etibar Pirverdiyevin fəaliyyəti barədə hansı faktlar əks olunub?
Hesabatda daha sonra qeyd edilir ki, 2011-2013-cü illər üzrə “Bakıelektrikşəbəkə” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə dair audit aparılıb. Müəyyən edilib ki, müəssisə tərəfindən Bakının enerji təchizatı üzrə 2011-2013-cü illəri əhatə edən Investisiya Proqramları hazırlanaraq icra hakimiyyəti orqanlarına təqdim edilib. Lakin növbəti büdcə ili və sonrakı 3 il üçün vəsaitlərə olan tələbatın düzgün müəyyənləşdirilməsi üçün əsaslandırılması və müvafiq dövlət proqramlarındakı tədbirlərlə əlaqələndirilməsi tam təmin edilməyib.
2011-13-cü illərdə Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında bir neçə tədbir qismən icra olunub, Cəmiyyətin investisiya proqramlarında nəzərdə tutulmayan obyektlərdə işlər yerinə yetirilərək proqramlardan kənarlaşmalara yol verilib, 2 halda yarımstansiyaların tikintisi, 3 halda yarımstansiyalar arasında yüksək gərginlikli kabel xətlərinin çəkilişi və 8 halda transformator məntəqələrinin yenidən qurulması obyektlərinin layihə smeta sənədləri dövlət ekspertizasından keçirilməyib. 2013-cü ildə nizamnamə kapitalının artırılmasına ayrılan vəsaitin 51,25 faizi əvvəlki ildə alınmış büdcə ssudalarının qaytarılması üçün dövlət büdcəsinə köçürülüb.
Bir sıra obyektlərin toplu smeta hesabatlarının izahat vərəqində məsrəflərin həcminin hesablanmasında qüvvədə olan normaların düzgün tətbiq edilməməsi səbəbindən 3 halda podratçı təşkilata 7752,3 manat, bəzi obyektlər üzrə yerinə yetirilən işlər üzrə müvafiq layihə institutu tərəfindən hazırlanmış smetalarda müəyyən edilmiş qiymətlərdən fərqli qiymət cədvəlləri tərtib edilərək ödəniş aparılmış, nəticədə 1 halda inzibati binanın tikintisi üzrə artıq vəsait ödənişinə yol verilib, 1 halda yarımstansiyanın tikintisi üzrə müvafiq dövlət orqanının razılığı alınmadan qalib təşkilatla tender məbləğindən yüksək olmaqla müqavilə bağlanıb, müqavilə məbləği daxilində isə satınalmada nəzərdə tutulmayan işlər yerinə yetirilib.
Dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsi ilə əlaqədar həyata keçirilən satınalmalar zamanı bəzi hallarda tender proseduralarının başlanmasından əvvəl satın alınacaq malların ehtimal olunan qiymətləri qanunvericiliyə əsasən, müəyyənləşdirilməyib.
Əsas vəsaitlərin, nəqliyyat vasitələrinin yenilənməsində istehsalat tələbatı tam nəzərə alınmayıb, tikintisi və yenidən qurulması başa çatdırılan və faktiki istifadə olunan obyektlərin müvafiq qaydada istismara qəbulu təmin edilməyib, əsas vəsaitlərin, hava ilə aparılan ötürücü xətlərin dirəklərin üzərində inventar nömrələnməsi həyata keçirilməyib, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan ayrılan vəsait Cəmiyyətin gəlirlərinə aid edilərək əlavə dəyər vergisi hesablanıb, qalan məbləğ Cəmiyyətin maliyyə nəticələrində əks etdirilərək mənfəət vergisinə cəlb edilib.
Bəzi iddialara görə, Qərib Məmmədovla Etibar Pirverdiyevin “vurulması” onlarla bağlı həbs planının tərkib hissəsidir.
Azadlıq.info