“İndi nəyisə gizlətmək çətin olacaq”
“Biz bilməliyik ki, harada, nə qədər, hansı keyfiyyətə və münbitliyə malik olan torpaq sahələrimiz var. Bütün bu məsələlər dünyanın inkişaf etmiş ölkələrində çoxdan həll olunub. Bizim indi belə gözəl imkanımız var. “Azersky” ikinci peykimizdir. Bu peykin üstünlüyü ondadır ki, o, Yer səthini böyük dəqiqliklə müşahidə edir”.
"Xeberinfo.com": Məlumata görə, bunu prezident İlham Əliyev dünən keçirilən konfransda deyib. O, bildirib ki, peykdən bütün sahələri müşahidə etmək mümkündür ki, harada hansı torpaq var, bu torpaq kimə məxsusdur, bu torpağın ölçüləri nədir, orada nə əkilir və nə əkilməlidir: “Bu tövsiyələr verilməlidir. Elektron uçot sistemi budur. Yoxsa, biz indi kortəbii, belə arayışda, kağızda, xəritə ilə işləyirik. İş belə getməyəcək. Bu işdə müasir yanaşma olmalıdır. Özü də bir daha demək istəyirəm ki, bütün şəraiti yaradırıq, vəsait ayırırıq. Dəfələrlə torpaqların elektron uçotu haqqında demişəm. Yaxşı, mən nəticə gözləyirəm. Ona görə nəticə çıxarın. Gələn müşavirədə torpaqların elektron uçotu ilə bağlı mənə məruzə edilməlidir.
Ümumiyyətlə, “elektron kənd təsərrüfatı” layihəsi lazımi səviyyədə getmir. Ona görə ciddi tədbir görün. Yerlərdə icra başçıları, şöbələr bütün məlumatları dəqiqliklə verməlidirlər. Bu təhlil bir yerdə aparılmalıdır. “Azersky”dan müşahidə aparılarkən bu məlumatlar təsdiq edilməlidir. Ondan sonra düyməni basıb biz biləcəyik ki, harada nəyimiz var, nə əkilməlidir və haradan istifadə olunmur. Çünki mən bilirəm ki, istifadəsiz torpaqlar çoxdur. Amma dəqiqliklə kim mənə deyə bilər ki, haradan istifadə olunur, haradan yox. İndi yerlərdən istənilən arayış da verilə bilər. Amma nəzarət mexanizmi olmalıdır. İnsanlar o yerlərə ezam edilməlidir, müşahidə aparılmalıdır, müşahidə də yuxarıdan təsdiqlənməlidir.
İndi peykimizin olduğu bir vaxtda nəyisə gizlətmək, yaxud da ki, əksinə nəyisə artırmaq, rəqəmləri şişirtmək çətin olacaq. Buna da son qoyulmalıdır və son qoyulur. Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır.
Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər”.