Qərib Məmmədovun kadrları təşviş içində!
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbələrində “panika” yaşanır
Komitənin Ağcabədi və İsmayıllı rayon şöbələrinin müdürləri nədən narahatdır?
“Xeberinfo.com”: Prezident İlham Əliyevin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında imzaladığı fərman yeni ilin ilk ciddi hadisəsi sayıla bilər. İlk öncə onu qeyd edək ki, fərmana əsasən, ləğv edilmiş komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Prezident Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilir.
Ləğv edilmiş komitənin torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək sahəsindəki funksiyaları isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilir.
Fərmana əsasən, komitənin Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Sərhəd Xidməti ilə birlikdə həyata keçirir.
Nazirlər Kabineti normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməli, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.
Ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədovun 2015-ci ilin lik aylarında vəzifəsindən kənarlaşdırılacağı ilə bağlı məlumatlar ötən ilin ortalarından başlayaraq mütamadi olaraq yayılırdı. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı son müşavirədə prezident İlham Əliyevin dolayısı yolla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini tənqid etməsi belə qənaət yaratmışdı ki, Qərib Məmmədovun istefaya göndəriləcəyi gün uzaqda deyil. 1997-ci ilin iyunundan Dövlət Torpaq Komitəsinin, 2001-ci ildə isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olan Qərib Məmmədovun 18 il müddətində bu sahəyə rəhbərlik etməsi onu inhisarçıya çevirmişdi. Komitənin rayonlardakı şöbələrinin rəhbərləri də yerlərdə böyük kapital sahiblərinə çevrilmişdilər. Bunlar isə əsasən torpaqların icarəyə verilməsi, alqı-satqı əməliyyatları və digər əməliyyatlar zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbələrinin əsas söz sahiblərindən biri olması ilə bağlı idi. İndi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbələrinin elə birinin rəhbəri yoxdur ki, sərəncamında böyük torpaq sahəsi olmasın.
Məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin müdiri Abbas Süleymanovun qardaşlarının və digər yaxın qohumlarının adına rəsmiləşdirdiyi yüz hektarla torpaq olması haqqında məlumatlar yayılmışdı. Bundan başqa bu şəxsin adı bir neçə dəfə bələdiyyələrin ərazisindəki torpaqların qanunsuz satılmasında hallanıb. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin müdiri Abbas Süleymanovun torpaq əməliyyatları ilə bağlı məlumatlar əsasında araşdırma aparırıq və tezliklə ouxucularımıza təqdim edəcəyik.
Şöbə rəhbərləri arasında adı ən çox hallanan şəxslərdən biri də komitənin İsmayıllı rayon şöbəsinin müdiri Rövşən Behbudov olub. Bu şəxsin komitənin sədri Qərib Məmmədovla çox yaxın münasibətlərə malik olması ilə bağlı da məlumat var. Şöbə müdirinin komitə sədrinə yaxınlığını əks etdirən məlumat da redaksiyamıza daxil olub və həmin məlumatı da araşdırırıq.
Ümumiyyətlə isə görünən odur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunması komitənin işçiləri arasında panika yaradıb. İndi onlar bu günə kimi törətdikləri qanunsuzluqlara, sənədin saxtalaşdırılması da daxil, müxtəlif fırıldaqlara görə sorğu-sual ediləcəklərindən qorxurlar. Təbii ki ən çox qorxan ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədova bağlı şəxslərdir.
Aktuallığını nəzərə alıb, mövzunu davam etdirəcəyik.
Kamandar Gülməmmədov