Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Məni İranın xüsusi xidmət orqanlarına satdılar...”

 

Bu gün Bakı Ağır Cinayətlər Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunan 1966-cı il təvəllüdlü Firdovsi Yusifov və 1986-cı il təvəllüdlü Taleh Soltanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Xeberinfo.com":  Məlumata görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib. Məhkəmədə təqsirləndirilən şəxslər sərbəst ifadə veriblər.

Təqsirləndirilən Taleh Soltanov ona elan olunmuş ittihamla bağlı özünü qismən təqsirli bilib: “ İbadətə 2010-cu ildən başlamışam. Bir müddət sonra dindar, inanclı bir qızla ailə həyatı qurdum. Tikintidə işləyirdim. Bir gün eşitdim ki, Pakistanda şəriət dövləti qurulub. Ona görə ailəmlə birlikdə ora getmək fikrinə düşdüm. 6 min manat pul yığmışdım. Mən, yoldaşım, iki baldızım və qayınanamla birlikdə yola düşdük.

Öncə İran İslam Respublikasına getdik. Mənə nömrə verdilər, həmin nömrəyə zəng elədim. Laçın Babayev adlı şəxs mənə Pakistana getmək üçün özbəklərlə əlaqəyə girməyi tapşırdı. Özbəklər məni və ailəmi gizli yolla Pakistana keçirdi. Orada ailəmdən ayrılmalı oldum. Bir aya yaxın özbəklərin yanında yaşadım. Gördüm ki, onlarla yola getmirəm. Yenidən getdim azərbaycanlıların qəbiləsinə. Ailəmi də yanıma gətirdim. Bazardan silahlar aldım. Silah orada hər kəsin evində var. Bazarda göy-göyərti satan da dəzgahının yanında silahla dayanır. Həm də orada silah ticarət hesab olunur. Gündən-günə qiyməti qalxır”.

Təqsirləndirilən şəxs silahı satmaq məqsədilə özündə saxladığını vurğulayıb: “Fikirləşirdim ki, silahı satıb ailəmlə harasa gedərəm. Orada çox acınacaqlı günlər yaşamışıq. Bir müddətdən sonra orada şəriət dövlətinin olmadığını anladım. Ailəmi Türkiyəyə yola saldım, özüm bir müddət Miranşahda yaşadım.

İttiham aktında deyirlər ki, guya mən orada təlimlərdə iştirak etmişəm. Halbuki orada silahdan atmaq, dağlara çıxıb güllə atmaq cinayət məsuliyyəti daşımır. Mən də oradakı tanışlarımla hərdən silahdan atmağa gedirdik. Mənim Azərbaycana qayıtmaq fikrim yox idi. Türkiyəyə ailəmin yanına getmək istəyirdim. Ailəm orada yoldaşımın əmisinin himayəsində yaşayır. Ona görə də Pakistandan çıxıb gəldim İrana. Burada bizi qaçaq yolla Türkiyəyə keçirəcək şəxsi tapdım. Maşında oturanda Firdovsini gördüm. Firdovsi ilə əvvəlcədən yaxınlığım olmayıb. Bircə dəfə Pakistanda bazarda məni tanış elədilər ki, azərbaycanlıdır. O da mənim kimi Türkiyəyə gedirdi. Maşında Firdovsi, mən, bir də türk vardı. Bizi gətirən adam Türkiyəyə sərhədə az qalmış bizi İranın xüsusi xidmət orqanlarına satdı.

Orada ifadəmizi aldılar. Məhkəmə qarşısına çıxardılar və sərhəddi qanunsuz keçdiyimizə görə bizə 1 il cəza verildi. 9 aydan sonra bizi həbsxanadan buraxdılar. Elə orada Azərbaycan səfirliyi bizi götürdü və bura gətirdi. Yenə də deyirəm, mən dindaram, əhli-sünnəyəm. Məqsədim yalnız və yalnız şəriət ölkəsində yaşamaq olub. Mən terrorçu deyiləm. Amma dinim uğrunda, əqidəm uğrunda kafirlərə qarşı hər zaman vuruşmağa hazıram. 17 ay Pakistanda qaldım. Heç zaman Azərbaycana qayıtmaq istəməmişəm. Burada həqiqət yoxdur”.

Daha sonra prosesdə digər təqsirləndirilən Firdovsi Yusifov sərbəst ifadə verib. O da ifadəsində Pakistana şəriət dövlətinin bərpa etmək məqsədi ilə getdiyini deyib: “Əvvəlcə Türkiyəyə getdim. Məqsədim oradan Pakistana hicrət etmək idi. Bilirsiniz, mən dini də elmlə mənimsəyən adamam. Mən də Taleh kimi Miranşah şəhərinə getdim. Orada azərbaycanlıllardan ibarət qəbiləyə qoşuldum.

O zaman orada qəbilə başcısı Elçin Misirxanov idi. Bir müddətdən Elçin öldü. Yaşım çox olduğundan məni orada əmir seçdilər. Çünki oradakıların çoxu gənc idi. Uzun vaxt orada çox çətinliklə yaşadım. Bir gün anladım ki, burada şəriət dövləti yoxdur. Gözlədiklərimi görə bilmədim. Ailəmi oradan çıxarmaq fikrinə gəldim. Həmin günü komendant saatı olduğunu bilmədim. Postu keçən zaman döyüş oldu. Ayağımdan yaralandım. Dağları, təpələri yaralı-yaralı keçdim. Qalan hissəni də Taleh danışıdı. İrana gəldim, məqsədim Türkiyəyə getmək idi. Azərbaycana qayıtmaq istəmirdim. Bilirdim ki, qayıdan zaman bu qara zindanı görəcəm”.

Məhkəmə prosesi martın 18-i davam edəcək.

İstintaq yolu ilə müəyyən edilib ki, əvvəllər məhkum olunmuş Firdovsi Yusifov Taleh Soltanov və qeyriləri ilə əlbir olaraq Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak ediblər.

Belə ki, Firdovsi Yusifov “Taliban” terror təşkilatının tərkibinə daxil olan və Pakistan ərazisində yaradılan “Tayfatul Mansura” adlı silahlı birləşmənin fəaliyyətində iştirak etmək üçün 2011-ci il, iyun ayının 9-da “Şıxlı” sərhəd-nəzarət buraxılış məntəqəsindən keçərək Gürcüstana, oradan isə Türkiyəyə gedib. Həmin ilin iyul ayında isə İranın Zahidan şəhərinə gedərək orada şəxsiyyəti istintaqa məlum olmayan şəxslər vasitəsilə İran-Pakistan sərhəddini qanunsuz yolla keçərək Pakistanın Şimali Vəziristan vilayətinə çatıb.

2012-ci ilin dekabr ayınadək Firdovsi Yusifov həmin vilayətin ərazisində fəaliyyət göstərən “Tayfatul Mansura” qanunsuz silahlı birləşməsinə daxil olub, “Kalaşnikov” markalı avtomat silahından istifadə etməklə hərbi, o cümlədən dini təlimlərdə iştirak edib. 2012-ci ilin dekabr ayında isə “Tayfatul Mansura”nın əmiri təyin edilərək Pakistanda və digər dövlətlərin ərazisində terrorçuluq törətmək məqsədilə silahlı birləşmənin üzvlərinə hərbi-dini təlimlərin keçirilməsini, silah-sursatla təchiz olunmasını, silahdan istifadə qaydalarının öyrədilməsini təşkil edib, dini təlimlərdə müsəlman dövlətlərinin ərazisində şəriətlə idarə olunan dövlətin (xilafətin) yaradılması üçün cihad yönümlü təbliğatlar aparıb.

Bundan başqa Firdovsi Yusifov “Taliban” qanunsuz birləşmənin tabeliyində “Seyfullah camaatı” adlı digər silahlı dəstənin üzvü Taleh Soltanovla tanış olaraq ona dini təlimlər keçib. Onlar birlikdə Suriya Ərəb Respublikasının ərazisində terror hadisələri törətmək məqsədilə həmin ölkəyə getməyi qərarlaşdırıblar.

Bu məqsədlə 2013-cü ilin avqust ayında Pakistandan İran ərazisinə qanunsuz keçərkən yerli hüquq-mühafizə orqanları tərəfindən yaxalanıblar və 2014-cü il, aprelin 24-də Azərbaycan Respublikasına təhvil veriliblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1, 12.3, 28, 214.2.1, 12.3, 28,214.2.3 və 12.1,218.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı şəxs qismində saxlanılıb. Saxlanılanlar arasında F.Yusifov və T.Soltanov da var.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

Müəyyən edilib ki, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Firdovsi Yusifov və Taleh Soltanov Pakistanda tanış olublar, birlikdə qanunsuz silahlı birləşmələrdə iştirak ediblər. Bundan sonra Suriyada  fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrdə iştirak etmək qərarına gəliblər. Taleh Soltanovun arvadı və qayınanası isə Suriya ərazisində qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərlə əvvəlcədən əldə olunmuş razılığa əsasən, onların köməkliyi ilə bu ölkəyə keçiriliblər. İranda həbsdə olduğu müddətdə Taleh Soltanovun Suriyada övladı olub və hazırda onun ailə üzvləri qızğın döyüşlərin getdiyi ərazilərdə qalıblar.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam