Tramp, Putin, Kral Salmandan şok razılaşma -Amma neft bazarı 20 milyon barrel ixtisara da reaksiya vermədi
OPEC, Rusiya və digər neft hasil edən ölkələr hasilatı görünməmuş həddə azaltmağa razılaşıblar. Məqsəd koronovirus pandemiyası və qiymət müharibəsindən dolayı rekord həddə enmiş qiymətləri qaldırmaqdır.
Yenixeber.org: Rusiya da daxil 23 neft istehsalçısı olan ölkəni birləşdirən OPEC+ aprelin 12-də gecə bildirib ki, may və iyunda hasilatı gündə 9,7 milyon barrel azaltmaqla bağlı razılaşma əldə ediblər. Razılaşmada həmçinin OPEC+ üzvlərindən 2022-ci ilin aprelinədək gündəlik hasilatı 6 milyon barrel azaltmaq xahiş olunur.
“Hamı üçün böyük sazişdir”
“OPEC+ ilə böyük Neft Sazişi hazırdır. İndicə onlarla danışdım… Hamı üçün böyük sazişdir”, – ABŞ Prezidenti Donald Tramp tvitində yazıb.
Trump deyib ki, bu razılaşma “Birləşmiş Ştatlarda enerji sektorunda yüzminlərlə iş yerini xilas edəcək”. O, Rusiya Prezidenti Vladimir Putini, Səudiyyə Ərəbistanının Kralı Salmanı da təbrik edib.
Kremlin aprelin 13-də səhər bəyan edib ki, Putin Tramp və Kral Salmanla üçtərəfli telefon söhbəti aparıb, hər üçü sazişə dəstək ifadə ediblər. Kreml onu da bildirib ki, Putin ayrılıqda Tramp ilə neft bazarı və digər məsələləri müzakirə edib.
“Reuters” agentliyi OPEC+ təşkilatının bəyanatının layihəsini görüb. Qrup mayın 1-dən başlayaraq qlobal təchizatın günə 20 milyon barreldən artıq, yaxud 20 faizədək azaldılacağını gözləyir. Buraya qeyri-üzv ölkələrin töhfələri, təşkilatın bəzi üzvlərinin könüllü şəkildə daha kəskin ixtisarları, dünyanın ən böyük istehlakçılarının strateji alışları daxildir.
30 milyon barrel kompensasiya olunmur
Amma hasilatın planlaşdırılan ixtisarı belə koronavirus pandemiyası ucbatından dünya üzrə azalmış yanacaq istehlakını kompensasiya etmir. İstehlakın günə təxminən 30 milyon barrel azaldığı bildirilir.
Epidemiyayla bağlı məhdudlaşdırmalardan dolayı qlobal səyahətlər məhdudlaşdırılıb, sənaye daxil digər enerji işlənən sektorlar yavaşıyıb.
Razılaşma açıqlanandan sonra qiymətlər dərhal qalxsa da, aprelin 13-də tezdən Asiya bazarlarında itkilər yaşanıb. Bazar təhlilçilərinin mövqeyincə, razılaşma investorlara iqtisadiyyatla bağlı nikbinliyə səbəb verməyib.
Rusiyanın Enerji naziri Aleksandr Novak aprelin 13-də gecə deyib ki, razılaşmaya əsasən, Rusiya və Səudiyyə Ərəbistanı hərəsi gündəlik hasilatı hərəyə 2,5 milyon barrel azaldacaq.
İranın Neft naziri Bican Zanganehnin dövlət televiziyasına bildirməsinə görə, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri öz aralarında əlavə 2 milyon barrel ixtisara razılaşıblar.
Amma "Goldman Sachs"ın analitikləri hesab edirlər ki, neft hasilatını gündəlik olaraq 10 mln. barel azaltmaq qərarı qiymətlərin artımı üçün kifayət etməyəcək.(azadliq.org)