Atanın Əli Həsənovu qurtarma cəhdi, yoxsa “ac toyuğun dən üsyanı”?
Yenixeber.org: Dünənə qədər Əli Həsənovun qapısında boyun bükənlərin bu gün onu ən sərt şəkildə tənqid etdiyini görəndə kollektiv olaraq söz vermişdik ki, artıq bu adamın səhifəsini qapadaq. Çünki “leşyeyənlər” fəsiləsiylə eyni sırada görünməyi özümüzə yaraşdırmırdıq.
Amma Ata Abdullayevin Əli Həsənov barəsində videosunu dinləyəndə bu andımızı pozmaq məcburiyyətində qaldıq. Nədən ki, bu adamın Əlinin kadrı olduğunu bu ölkədə bilməyən yoxdur. Hətta deyərdim ki, Əli Həsənovun vurulmasının son akkordu elə Atanın Paşinyan qarşısındakı biabırçı məğlubiyyəti oldu. İndi həmin Ata öz ağsaqqalı barədə ağzına gələni danışır.
Diqqətinizə sunduğumuz bu video-çıxışdakı bir məqam da Ata Abdullayevin Əli Həsənovun ən azı “köhnə kadrı” olduğunu təsdiqləyir. Zira Ata çıxışında açıq şəkildə bildirir ki, Əli Həsənov onun barəsində tənqidi fikirlərlə çıxış edəndən sonra – noyabrın 21-də blogger “mətbuatın atası” adlandırdığı bu adamın 211-lə başlayan nömrəsinə zəng edir. Zəngə cavab verən prezident köməkçisi (o zaman hələ sabiq deyildi) bloggeri dilə tutub özünə haqq qazandırmağa çalışır. Hətta onu “İlham Əliyevin fədaisi” belə adlandırır. Elə bu faktın özü bu ikili arasında münsibətlərin olduğunu təsdiqləyir. Nədən ki, aralarında əlaqə yox idisə, Ata onun xüsusi nömrəsini (“211-lə başlayan nömrə” deyəndə, yəqin ki, buna eyham vurulurdu) hardan bilirdi?
Atanın iddiasına görə, bu münasibətlər heç də yeni başlamayıbmış. Əli Həsənov bu adamı uşaq vaxtından tanıyırmış.
Sual oluna bilər: Ata Əlinin kadrı və Paşinyanın qarşısında ağır məğlubiyyəti gətirən əməl prezident köməkçisinin ağlının məhsulu deyildisə, “səviyyəsiz adam” qarşısındakı bu üzrxahlığın səbəbi nədir? Niyə Əli Həsənov Ata Abdullayev kimi “özbaşına” və “səviyyəsiz” (hər iki epitet prezident köməkçisinə aiddir) birinə hesabat verməyi özünün borcu hesab edib?
Ata Abdullayevin həmin çıxışında dilə gətirdiyi bir çox fikirlər bu kimi çoxsaylı suallara yol açsa da, bizi maraqlandıran bir məsələ var: görəsən, Atanın bu “üsyanı” Əli Həsənovu Paşinyan məğlubiyyətinin məsuliyyətindən xilas etməyə hesablanmayıb ki? Əgər həqiqətən də bu çıxış Əli Həsənovun “o, mənim kadrım deyildi” iddiasını təsdiqləmək üçün deyilsə, Atanın nankorluğudur və təvazökarlıqdan uzaq çıxsa da, bizim bir zamanlar yazdığımız bir şeirdəki “kəhanətimizi” doğrulayır:
“Fələk döndərəndə səndən üzünü
Yaxın ətrafından gözlə özünü.
Ac toyuq-cücə də deşər gözünü
Hər səhər səpdiyin dən qurtaranda”.
Görəsən, doğrudanmı Atanın “dəni” qurtarıb?(ovqat.com)