Tural Məmmədov: “Əli Həsənovun milyonluq villaları hardandır?
Avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Paşayevin sədrliyi ilə “Xəzər Liseyi Ümumtəhsil Məktəbi” MMC-də 564 min manatın mənimsənilməsi haqqında iş üzrə növbəti iclas keçirilib.
Yenixeber.org: İş üzrə təqsirləndirilənlər liseyin iki mühasibi – Tural Məmmədov və Fərahim Möhbalıyevdir. Onlara qarşı CM-in 179.4-cü (böyük ölçüdə mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Şahid qismində Tural Məmmədovun qohumu Toğrul İsmayılov dindirilib. O bildirib ki, Tural 2017-ci ildə onun adına BMW və Lexus avtomobilləri alıb. Tural saxlanıldıqdan sonra lisey nümayəndələri maşınları liseyin adına keçirməyi tələb ediblər. Şahidin sözlərinə görə, onu buna məcbur ediblər.
Öz növbəsində, liseyin nümayəndəsi təsdiq edib ki, avtomobillər vurulmuş ziyanın ödənilməsi üçün müəssisəyə təhvil verilib və bu, könüllü olaraq edilib.
Bu, təqsirləndirilən Tural Məmmədovun qəzəbinə səbəb olub, o, 400 min manatı mənimsədiyini təsdiq edib: “Mən yemişəm, danmıram, bəs Əli Həsənovun (Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi) milyonluq villalar hardandır”?
Digər təqsirləndirilən şəxs Fərahim Möhbalıyev də Əli Həsənovu ittiham edib. “İşimiz birbaşa Əli Həsənovun tapşırığı ilə düzgün araşdırılmır. Bizə cinayətkar deyənlər özlərinə baxsın. Sona Vəliyevanın əmisi uşaqları 2018-ci ildə adamları müqaviləsiz işlədirdilər, obyektlərində ölüm hadisəsi baş verib, ört-basdır etdilər. Necə olur ki, Sona Vəliyevanın oğlu bir gün də olsun əyninə hərbi formanı geyinməyib, amma cibində hərbi bileti gəzdirir.
Prezident Administrasiyası Əli Həsənovun idarəsidir ki, yazdığımız şikayətlər gedir onun masasına düşür”, deyə Möhbalıyev bildirib.
Bu sözlərdən sonra hakim Paşayev təqsirləndirilən şəxsin sözünü kəsib və tələsik iclası yekunlaşdırıb, növbəti iclası avqustun 30-na təyin edib.
İttiham aktına əsasən, 2018-ci ilin aprel-oktyabr aylarında 454 şagirdin təhsili üçün liseyə 1 mln. 366 min manat ödənilib. Amma mühasiblər 564 min manatı rəsmi sənədlərə daxil etməyiblər, mənimsəyiblər.
Liseyin direktoru Elnur Əliyevin DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə müraciətindən sonra cinayət işi açılıb.
Müttəhimlər təqsirlərini qismən etiraf edirlər və təsdiq edirlər ki, nağd pulu böyük hissəsini sadəcə olaraq Sona Vəliyevaya veriblər. (tərəf.az)