Paşinyan Rusiyanın səbri ilə oynayır
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini "dondurduğu"nu və bu təşkilatdan ümumiyyətlə, çox narazı qaldığını bildirib.
Yenixeber.org: O, habelə Azərbaycanın "istənilən an Ermənistan hücum edə biləcəyini" də vurğulayıb.
N.Paşinyan hələ ötən ilin baharında Ermənistanın KTMT sıralarını tərk edə biləcəyini istisna etməmişdi. 2023-cü ilin payızında isə Ermənistan KTMT-nin birgə təlimlərinə qatılmaqdan boyun qaçırmışdı.
Rəsmi Moskva, habelə KTMT "Ermənistandan heç bir müraciət almamışıq" deyirlər.
Nə baş verir və ya, daha dəqiq olsaq, nə baş verə bilər?
2000-ci illərin əvvəllərindən bəri ağır iqtisadi böhranın, kütləvi işsizliyin yaşandığı Ermənistan ötən ili nikbin başa vurub. Belə ki, Ukraynada aparılan hərbi əməliyyatlar nəticəsində həddən ziyadə ağır və çoxsaylı sanksiyalara məruz qalmış Rusiya Ermənistandan sanksiyalardan yan keçməklə idxal üçün istifadə etməyə başlamışdı.
Belə ki, 2012-ci ildə Ermənistanın Rusiya ilə ticari dövriyyəsi 2,6 milyard dollar idisə, 2023-cü ildə bu rəqəm 7,3 milyard dollara çatdı.
Nikol Paşinyan və onun komandası Ukraynadakı hərbi əməliyyatlar, habelə Qərbin Rusiyaya qarşı gerçəkləşdirdiyi sanksiyalar hesabına reytinqini artırıblar, mövqelərini möhkəmləndiriblər.
Lakin Paşinyan iqtidarı üçün ən böyük təhlükə xarici siyasətdə Rusiya və Qərb arasında seçim labüdlüyüdür.
Rəsmi İrəvan xarici siyasət kursunda Rusiyadan asılılıqdan qurtulmağa çalışaraq Qərbə meylli istiqaməti seçdiyini aramsız bəyan etsə də, bütün bunlar hələlik reallıq yox, ritorika, bəyanatlar və açıqlamalardır.
"KTMT-də fəaliyyəti dondurduğunu" bəyan edən İrəvan gerçəkdə Rusiya Federasiyasının tam nəzarət etdiyi KTMT ilə yanaşı, Avrasiya İqtisadi Birliyində və MDB Gömrük İttifaqında da üzvlüyünü qoruyur.
Bununla belə, Nikol Paşinyan Moskva ilə münasibətlərdə intriqanı qoruyub saxlamaq istəyir. Məsələn, KTMT-nin baş katibinin ötən ay imzalamaq üçün İrəvana apardığı sənədlər paketi hələ də imzalanmayıb. İmzalanmanı təxirə salmaqda Paşinyanın məqsədi sözləri ilə əməlləri arasında kəskin fərq olmadığını göstərməkdir. Axı KTMT-nin sənədlər paketi imzalanarsa, Ermənistanın Moskvaya demarşları və xüsusilə də KTMT ilə bağlı mövqeyi sadəcə, söz yığını təsiri bağışlayacaq.
Nikol Paşinyan isə Fransadan aldığı təlimatlar əsasında daha bic tərpənərək Ermənistanın KTMT daxilində fəaliyyətsizliyini və apatiyasını daha da aktivləşdirmək, bu minvalla KTMT-ni "təşkilati iflic" durumuna salmaq və Rusiyanın səbrini daşdıraraq Ermənistanı bu təşkilatdan kənarlaşdırmaqla bağlı qərar verməyə vadar etməkdir.
Rusiya ermənilərin bəsit intriqalarını anladığından tələsmir və gözləmə mövqeyindədir.
İrəvan KTMT-dən kənarlaşmaq üçün bu təşkilatda Rusiyadan savayı aktiv bir üzv ölkənin - məsələn, Qazaxıstanın və ya Qırğızıstanın - ona üzvlükdün imtina təklifini gözləyir. Hətta bununla bağlı Fransa prezidenti Emmanuel Makronla danışıqlarda bəhs edən Nikol Paşinyan "tərəfdaşlara təzyiq göstərilməsi"ni də istəyib. Qırğızıstan və Qazaxıstanın Rusiya ilə yanaşı, kollektiv Qərblə - Avropa İttifaqı, Fransa, ABŞ - sıx əlaqələri olduğundan məhz Qərbin "məsləhət"indən sonra Astana və ya Bişkəkin KTMT-dən Ermənistanın xaric edilməsi barədə təklifi İrəvan özü üçün ən uyğun variant qismində qəbul edir.
Rusiya Federasiyası bu barədə də məlumatlı olduğundan, İrəvanda səslənən anti-Rusiya bəyanatlarının hər birinə sərt reaksiya verməklə yanaşı, Ermənistanla iqtisadi əlaqələri aktivləşdirir.
Daha doğrusu, Qərbin sanksiyalarından yayınmaq üçün yeni yollar arayan Rusiya bu sistemə Ermənistan iqtisadiyyatını idxal üçün tranzit ərazi qismində daha geniş müstəvidə qoşur. Beləcə, Moskva ondan asılılıqdan qurtulmağa çalışan İrəvanı məhz iqtisadi müstəvid özündən daha da asılı duruma salır.
Gün keçdikcə Ermənistanın iqtisadi sahədə Rusiya ilə daha sıx, daha intensiv əməkdaşlıq etməsi Qərbi narahat etməyə bilməz.
Rəsmi statistikaya görə, iqtisadiyyatı sürətlə inkişaf edən Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın vəzifəsindən kənarlaşdırılması da məhz Qərbin İrəvana təzyiqi nəticəsində baş tutub. Yoxsa ki, aşkar paradoksdur: iqtisadiyyatı inkişaf edən ölkənin iqtisadiyyat naziri işindən kənarlaşdırılır və bu, "inkişafa yönəlmiş islahatların tərkib hissəsi" kimi təqdim edilir.
V.Kerobyanın işdən kənarlaşdırılmasının, daha doğrusu, qovulmasının səbəbi sadədir: Rusiya ilə ticari dövriyyənin artması, Qərbin sanksiyalarından yayınmağa çalışan Moskvanın paralel idxal əməliyyatları müstəvisinə İrəvanı daha aktiv cəlb etməsi həmin proseslərə qatılmış Ermənistan qurumlarının, şirkətlərinin və vətəndaşlarının sayının vaxt ötdükcə daha da artmasını labüdləşdirir.
Nikol Paşinyan indi çətin seçim qarşısındadır: o, KTMT-yə və Rusiyaya qarşı yönəlmiş bəyanatları ilə Rusiya-Ermənistan ticari-iqtisadi əlaqələri arasında qalıb. Qərb ondan daha fəal, daha konkret addımların atılmasını tələb edir.
Bu tələbləri yerinə yetirərək Rusiya ilə əlaqələri minimuma endirəcəyi təqdirdə Ermənistanın ağır vəziyyətdə olan iqtisadiyyatı kollapsla qarşılaşacaq.
Nikol Paşinyanın son aylarda səsləndirdiyi bəyanatlar, verdiyi "təkliflər", Bakı ilə "qarşılıqlı hücum etməmək barədə pakt" və ya "qoşunların sərhəddən simmetrik şəkildə geri çəkilməsi" barədə dedikləri vaxt udmağa, Ermənistan daxilində reytinqinin çökməsinə imkan verməməyə yönəlib.
Bundan başqa, Nikol Paşinyan kollektiv Qərblə Rusiya arasında optimal mövqe tutmaq və ağır itkilərə məruz qalmamaq üçün çıxış yolunu Ermənistanın neytral statusunda görür.
Ermənistan Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinin vacibliyindən bəhs edən N.Paşinyan ilk növbədə ölkənin gələcək neytral statusunun ali qanunda vurğulanmasına çalışır.
Onun istəklərinin reallaşma ehtimalı isə çox azdır: nə Rusiya Gümrüdəki 102-ci hərbi bazasını asanlıqla və Ermənistan üçünr fəsadsız çıxaran deyil, nə də Qərb Ermənistan ərazisində müşahidəçi missiya adı ilə yerləşdirdiyi kontingentin fəaliyyətinə son verən deyil.(TREND)