MİLYONLARINI VƏ BAŞINI İTİRƏN FEYZİYEVİN QEYZİ... -“Halal biznesmen”in qulağını kim çəkib?
Belələri övladlarını ölkədən çıxarıb “xata-baladan uzaq” tutduqları kimi, haram milyonlarını da qaçırıb ora-bura dürtməklə maliyyə fərariliyi və dövlət maraqlarına xəyanət edirlər
Yenixeber.org: Həmvətənlərimizin cibinə girərək, xaricdə 2 manata olan iynə-dərmanı onlara 10 manata satmaqla qazanılan pul halal yox, haramdan da haram puldur!
Bir neçə gün əvvəl “Hacı dayının fərsiz davamçısı” başlığı ilə yazı dərc etmişdik. Yazıda Şəkidən “seçilən” oliqarx-deputat Cavanşir Feyziyevlə bağlı Böyük Britaniya Məhkəməsinin çıxardığı qərar, faktiki olaraq onun beynəlxalq dərəcəli dələduz, fırıldaqçı elan olunması və milyonlarla pulunun müsadirə edilməsindən bəhs olunurdu.
Həmin yazıdan sonra Şəki əhlindən, ziyalılarından, sıravi oxuculardan çoxlu sayda irad dolu şərhlər və şikayətlər aldıq. Adamlar Feyziyevin adının Şəki ilə birgə hallanmasına etiraz edir və onun nə Şəki torpağına, nə şəkililərə, nə bu diyarın mənəvi mühitinə aidiyyatı olmadığını bildirirlər...
Onun ötən gün özünün sosial şəbəkə səhifəsində paylaşdığı və bəzi mətbu orqanların dərc etdiyi, lakin sonradan sildiyi açıqlamalar göstərir ki, bu adam təkcə pulunu yox, başını da itirib. Feyziyev demək olar ki, medianın bütün aparıcı təmsilçilərini dələduzluqda, satqınlıqda, xarici ölkələrə agent kimi işləməkdə və s. əməllərdə günahlandırıb. Səbəb də odur ki, onunla bağlı məhkəmə qərarını dərc edib və deputatı tənqid ediblər. Əlbəttə, bütün sahələr kimi, media da ideal vəziyyətdə deyil.
Ancaq ölkədə bu adamın özünün “hansı yuvanın quşu” olduğunu, dələduzluqla, fırıldaqçılıqla milyonçuya çevrildiyini bilməyən yoxdur, Britaniya məhkəməsi də faktlarla və çıxardığı hökmlə sübut etdi ki, adam hətta beynəlxalq səviyyəli dələduz və fırıldaqçıdır! Bu isə o deməkdir ki, Azərbaycanda medianı ittiham edəcək ən sonuncudan da sonuncu adamdır Feyziyev!
Yazısında(həmin mətni özünün yazıb-yazmadığı da mübahisəlidir-red.) ingilislərin təpəsinə vurub əlindən aldıqları pulu 2010-cu ilə qədər halallıqla qazandığını deyir və bildirir ki, həmin milyonlar Azərbaycan Beynəlxalq Bankı vasitəsilə köçürüldüyü üçün ingilislər tərəfindən müsadirə olunub.
Birincisi, başına kül olmuş səhiyyə sisteminə aid tenderləri məlum yollarla qapazlayıb, dövlət vəsaitini məmurlarla birgə pay-pürüş etməklə, onkoloji xəstəliklərdən tutmuş böyrək çatışmazlığı, şəkər, talassemiya, hemofiliya, qan çatışmazlığı və digər çoxsaylı ağır xəstəlikdən əziyyət çəkən həmvətənlərimizin cibinə girərək, xaricdə 2 manata olan iynə-dərmanı onlara 10 manata satmaqla qazanılan pul halal yox, haramdan da haram puldur! Bu pulun hər qəpiyində səhiyyə sistemimizin və Feyziyev kimi fırıldaqçıların vicdansızlığı ucbatından ömürləri yarımçıq qalmış xəstələrimizin və onların yaxınlarının qarğışı var.
Beynəlxalq Banka gəlincə, bu bank vasitəsilə müxtəlif xarici ölkələrdə on, bəlkə də yüz milyardlarla vəsaitlər dövr etdirilib. Feyziyevin məntiqilə bu pulların hamısına, yaxud böyük bir hissəsinə həbs qoyulmalı idi. Bəs, necə oldu ki, yalnız onun 5 milyonu “ilişdi”?
Yeri gəlmişkən, Britaniya Məhkəməsinin qərarında tamam başqa şey deyilir və bildirilir ki, Feyziyev Avropadakı banklar vasitəsilə min cür hoqqadan çıxaraq, milyonlarını İngiltərəyə dürtüşdürmək istəyib.Yəni, Beynəlxalq Bank sadəcə bəhanədir. Elə bilir ki, Beynəlxalq Bank nağılı ilə kimlərisə aldadır və hamı bisavad, özü kimi saxta dərman gətirib beşqat qiymətə satacaq qədər primitiv və beyinsiz alverçidir...
“Mənim bu vəsaitləri istənilən ölkədə istənilən biznesə sərmayə olaraq yatırmaq hüququm var.” Bunu deyən özünü hansısa merkantil düşüncəli bir alverçi kimi aparan, lakin eyni zamanda da Azərbaycanın millət vəkili statusunu daşıyan Feyziyevdir.
Əgər bunun dövlətçilik təfəkkürü olsaydı, deputat statusunun mahiyyətini, fəlsəfəsini qansaydı, bilərdi ki, hər şeydən öncə bir millət vəkilinin öz vətənini qoyub, başqa bir ölkəyə milyonlar yatırmağa mənəvi haqqı ola bilməz! Bu, o deməkdir ki, həmin adam imkan düşən kimi dabanına və vicdanına tüpürüb qaçacaq! Azərbaycan az qala bütün xarici maliyyə qurumlarından, beynəlxalq təşkilatlardan Qarabağın bərpası və digər problemlərin həlli üçün hər cür maliyyə yardımı almağa çalışır. Və bu, sadəcə Azərbaycanın maliyyə imkanlarının məhdudluğu yox, daha çox prinsip məsələsi, Azərbaycanın beynəlxalq səviyyədə inama, siyasi dəstəyə ehtiyacının olduğunun göstəricisidir. Bunun kimilər isə deyəsən belə şeyləri qanmaqda çətinlik çəkirlər...
Belələri övladlarını ölkədən çıxarıb “xata-baladan uzaq” tutduqları kimi, haram milyonlarını da qaçırıb ora-bura dürtməklə maliyyə fərariliyi və dövlət maraqlarına xəyanət edirlər. Hələ utanmadan da “hara istəsəm yerləşdirmək hüququm var” deyir. Abırsızlığın, həyasızlığın da saxta dərmanlar kimi dozasını müəyyən etmək çətinmiş...
Özünü təmiz biznes əhli kimi qələmə verən, əslində isə qiymətinə layiq olmayan keyfiyyətsiz və saxta dərmanları xatırladan bu “millət vəkili” nə çapı, nə də başı üçün olmayan iddiaları və yekəxanalığı ilə əslində, biznes aləminin Ata Abdullayevi, yəni üz qarasından başqa bir şey deyil...
Feyziyevin bu reaksiyası həm də onu göstərir ki, son olaylar onu hakimiyyətin gözündə “unitaz səviyyəsi”nə endirib və kimsə bunun qulağını yamanca çəkib, bəlkə də hətta “dibindən kəsib”. Yoxsa bu qədər çığır-bağır edib, ətrafa üfunət yaymazdı.(azpolitika)
Cəlal Məmmədov