Yenixeber.org: Özündə COVID-19 əlamətləri hiss edən vətəndaşlardan vaxtında analiz götürülməsi və tez bir müddətdə diaqnoz qoyulması problemə çevrilib. Vətəndaşlar ya onların çağırışlarına gec cavab verildiyini, ya da götürülən analizlərin yoxlanılmasının çox uzun sürdüyünü deyirlər. Bu cür gecikmələr isə xəstənin həyatı üçün ciddi təhlükə yaradır. Halbuki Səhiyyə Nazirliyi yüksək hərarəti və digər narahatlıqları olan şəxslərə dərhal 103 ilə əlaqə saxlamalarını məsləhət görür.
“Press Klub”a müraciət edən Saray qəsəbəsi sakini Röyal Mustafayev də 103-ə mürcaiət edən və narazı qalan çoxsaylı vətəndaşlardan biridir. R.Mustafayev deyir ki, qaynatasının yüksək temperaturu səbəbindən 103-lə əlaqə saxlayıb və 3 gün ərzində onunla maraqlanan olmayıb:
“Səhiyyə Nazirliyinin əməkdaşı bildirdi ki, bizə yox, 814-ə zəng vurmalısınız. 814 isə saat 18:00-a qədər işlədiyini deyir. Xəstənin vəsiqəsi olmasa, təcili tibbi yardım onun evinə getmir və qeydiyyata almır. Xəstə vəsiqənin şəklini təcili tibbi yardıma göndərməlidir. Əgər xəstənin vəsiqənin şəklini çəkmək imkanı yoxdursa, qonşu onun evinə daxil olarsa, bu da virusun yayılmasına şərait yaratmaq deməkdir. Səhiyyə Nazirliyinin “qaynar xətt”i ümumiyyətlə, işləmir. 814 bizdən məlumatları alıb, poliklinikaya yönəltdi, daha sonra həmin poliklinika digər poliklinikaya yönəltdi. Onlar da bizimlə əlaqə saxlayacaqlarını dedilər, amma üç gün zəng etmədilər. Yenidən 814-ə zəng etdik, onlar dedilər ki, biz məlumatları rəisimizə yönləndirəcəyik. Ondan da bir xəbər çıxmadı. Sonra özüm həmin ərazi üzrə poliklinikanın nömrəsini tapdım, onlar məni sahə həkiminə yönləndirdilər. Sahə həkimi isə dedi ki, vəsiqəsiz mümkün deyil. İndi sualım budur ki, bunlar nə zamana qədər insanlara bu qədər laqeylik göstərəcəklər?..”
Özü də koronavirusa yoluxmuş həkim-farmakoloq Müşfiq Hüseynov səhiyyə sistemində bu cür problemlərin olduğunu hər zaman dilə gətirdiyini söylədi:
“Ölkədə güc strukturlarından başqa işləyən sistem yoxdur. Səhiyyə sistemi çoxdan çöküb, “error” verib. Gündəlik həyatımızda bunu daha yaxşı görürük. Sadəcə olaraq, pandemiya ilə əlaqədar səhiyyənin sistemsizliyi özünü daha qabarıq göstərir. İstər təhsil olsun, istər mədəniyyət olsun, əksər sahələrdə çöküş müşahidə olunur. Dediyiniz problemə gəldikdə isə yüzlərlə bu cür faktın olduğunu hər gün eşidirik. Sahə həkimləri aldıqları maaşa görə də iş görürlər. Sahə həkiminin hər hansı səlahiyyəti varmı?! Əsas sual budur. Bütün bunları yalnız sahə həkiminin üzərinə yükləmək doğru deyil. Gərək, Səhiyyə Nazirliyi ilk gündən xüsusi qruplar yaradardı. Pandemiyanın ilk vaxtlarında işləri çatdıra bilirdilər – evlərə gedir, analizlər götürür, xəstələri ilkin dərman preparatları ilə təmin edirdilər”.
Həkim bildirdi ki, Türkiyədə xəstə qeydiyyata düşdüyü andan dövlət hesabına “Favorapir”lə təmin olunur:
“Bu isə əksər halda kifayət edir. Kifayət etmədikdə xəstəni xəstəxanaya yönləndirirlər, orada stasionar və kompleks şəkildə müalicə olunurlar. Bizdə isə bu yöndə heç bir dəstək yoxdur. Bu məsələdə insanlarda da günah görürəm. Dövlət peyvəndlə bağlı o qədər çağırışlar etdi ki… Laqeydlik insanların özündə də var. Səhiyyə Nazirliyi bundan sonra heç nə edə bilməz. Sistemin yenidən qurulması da mümkün deyil. Bu dalğanın yaxın günlərdə sönməsini gözləməliyik. Hazırda tam bir xaos vəziyyətidir, hər kəs öz başının çarəsinə baxır. Bu cür olacağı bəlli idi. Bu saatdan sonra Səhiyyə Nazirliyinin başına Türkiyədən, İsraildən də nazir gətirib vəzifəni ona tapşırsalar, heç nə dəyişməyəcək. Çünki olmayan sistemlə üz-üzəyik. Vəziyyətin stabilləşməsini gözləyib, ondan sonra nələrinsə dəyişməsini istəmək olar. Səhiyyə on ildir ki, “sərxoş” vəziyyətdədir. Ölkədə normal insanların çıxışı olan İcbari Tibbi Sığorta tətbiq edilməyənə qədər heç bir xəstəxana, heç bir klinika ideal vəziyyətə düşə bilməyəcək”.
Həkim-radioloq Aydın Əliyev bir ildən çoxdur ki, bu cür problemlərlə üzləşdiyimizi xatırlatdı:
“Artıq bir ildir ki, biz bu problemlərlə mübarizə aparırıq. Təəssüf ki, bu yöndə yetərli səviyyədə effekt ala bilmirik. Türkiyədə səksən milyon insan yaşayır. Səksən milyonluq ölkədə yoluxan insanların isti yeməyindən tutmuş, hər bir ehtiyacı qarşılanır ki, insanlar sıxıntı, əziyyət çəkməsin. Hətta Azərbaycandan Türkiyəyə gedən dostlarım var ki, orada virusa yoluxublar. Onlar mənə dedilər ki, testlərinin nəticəsi pozitiv çıxan kimi, səhiyyə qurumlarından onlara dərman preparatları göndərilib. Həmin insanlar heç Türkiyə vətəndaşı deyil. Əgər səksən milyonluq ölkə bu işi təşkil edə bilirsə, on milyonluq ölkənin bunu təşkil etməsi heç də çətin olmaz. Ölkəmiz iqtisadi cəhətdən zəif bir ölkə deyil. Təəssüf ki, Azərbaycanda səhiyyəni idarə edən qurumlar çox yarıtmaz fəaliyyət göstərirlər. Sözügedən problemlə bağlı minlərlə bu cür faktlar var. Yoluxan insanlarla əlaqə saxlanılmır, qayğı göstərilmir…”
A.Əliyev vurğuladı ki, bu problemlər nə sahə həkiminin, nə də təcili yardım həkimlərinin problemidir:
“Bu, səhiyyə sisteminin problemidir. Təcili yardım, sahə həkimləri fasiləsiz işləyir. Bu, idarəçilik problemidir. Çünki tibbi idarə edən qurumların, rəhbərliklərin başı başqa işlərə qarışıb. Əgər vəzifə daşıyan insanda vətənpərvərlik, xalqına sevgi olmazsa, işə ürəyini qoymazsa, bu cür problemlər yaranır. Bu problemlərdən tez-tez yazmaq, danışmaq lazımdır. Həm peyvəndləmənin təşkili, həm COVİD-19 nəticəsi pozitiv olan insanların durumuna reaksiya verilməsi, həm yoluxmuş xəstələrin müalicəsi və onların müayinəsinin təşkili üçün kifayət qədər vəsaitin ayrılmasına baxmayaraq, COVİD-19-a görə müalicə alan xəstələrin müalicəsinin təşklində çox ciddi problemlər var. Əks halda, bizdə bu qədər ölüm halları olmamalı idi…”(pressklub)
Ülviyyə Şahin