Paşinyan bu dəfə Rusiya sərhədçilərini və KTMT missiyasını Azərbaycanla sərhədə çağırdı-"Əgər mümkün deyilsə..."
Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün hökumətin iclasında Azərbaycanla sərhəddəki vəziyyət haqda danışıb.
Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, Paşinyan “bütün sərhəd boyu” Rusiya sərhədçilərinin postlarının üstəlik KTMT missiyasının yerləşdirilməsinə çağırıb.
“İndiki situasiyada hesab edirəm ki, Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhədçilərinin dayaq məntəqələrinin yerləşdirilməsi məsələsinə baxılması məqsədəuyğundur. Bu, döyüş toqquşmaları riski olmadan sərhədlərin delimitasiyasını və demarkasiyasını həyata keçirməyə imkan yaradacaq”,-Paşinyan deyib.
O bildirib ki, məsələni rusiyalı həmkarlarla müzakirə etməyi planlaşdırır.
Habelə Paşinyan KTMT-nin monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədi boyu yerləşdirilməsini təklif edib. Onun fikrincə, belə imkan təşkilatın hüquqi sənədlərində nəzərdə tutulub. “Əgər KTMT tərəfindən belə missiyanın həyata keçirilməsi mümkün deyilsə bizim üçün başqa beynəlxalq formatlar, o cümlədən ATƏT-in Minsk Qrupu çərçivəsində formatlar məqbuldur”,-o deyib.
Qeyd edək ki, bundan əvvəl Paşinyan Azərbaycan və Ermənistan qoşunlarının sərhəd boyu güzgü prinsipi ilə geri çəkilməsini, əvəzində Minsk Qrupu həmsədrləri olan ölkələrin hərbi müşahidə missiyasının sərhəddə yerləşdirilməsini təklif etmişdi. Əlbətdə, Azərbaycan bu təklifi heç müzakirə etməyə də ehtiyac bilmədi, çünki Azərbaycan Ermənistandan fərqli olaraq dövlət sərhədlərini özü qoruyur və hazırda da Laçın-Kəlbəcər istiqamətində sovet dövrü xəritələri əsasında öz sərhədlərində möhkəmlənib.
Lakin Paşinyanın bu təklifi irəli sürməkdə məqsədi əlbətdə ki, Rusiyanın Ermənistanın sərhədlərinin təhlükəsizliyini qoruya bilmədiyini, yaxud bunu istəmədiyini ictimaiyyətə göstərmək idi. Və digər tərəfdən Paşinyan sərhəddə vəziyyəti gərginləşdirməklə Ermənistanın Qərbdəki dostlarının hərbi qüvvələrinin regiona gətirilməsini hesablamışdı. Bir halda ki, Rusiya qüvvələri və KTMT Ermənistanı Paşinyanın hesab etdiyi kimi, “Azərbaycan ordusunun sərhədi keçməsindən” müdafiə etmir, deməli ABŞ və Fransa qüvvələrinin sərhəddə yerləşdirilməsindən başqa yol qalmır.
Bu plan isə baş tutmadı. İndi göründüyü kimi, Paşinyan öz strategiyasına bir qədər düzəliş edib-o, Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhəd qoşunlarının yerləşdirilməsinə və eyni zamanda KTMT-nin monitorinq missiyasının sərhəd boyu müşahidə aparmasına çağırır. Və dərhal da əlavə edir-əgər KTMT bu missiyanı həyata keçirmək istəmirsə Ermənistan “başqa beynəlxalq formatlara” üz tutacaq.
Əlbətdə, sərhəddə Paşinyanın hesab etdiyi kimi, Rusiya sərhəd qoşunlarının yerləşdirilməsi təkcə erməni tərəfinin istəyi ilə baş tuta bilməz. Bunun üçün Azərbaycan tərəfinin də razılığı lazımdır və artıq qeyd edildiyi kimi, Azərbaycan öz sərhədlərini hansısa xarici hərbi qüvvələrin nəzarətinə vermək niyyətində deyil, bu sadəcə olaraq müzakirəyə belə layiq olmayan ideyadır. Deməli Paşinyanın əsl niyyəti Rusiya sərhədçilərinin sərhədə nəzarəti ələ alması deyil, əslində regionda Rusiyanın sülhyaratma missiyasının uğursuz olduğunu göstərmək və qərb ölkələrinin regionda hərbi iştirakına zəmin hazırlamaqdır. Sərhəddə tez-tez baş verən təxribatların da səbəbini bu "strategiyada" axtarmaq lazım gəlir...(virtualaz)