Yenixeber.org: Özünü videobloger kimi təqdim edən Ata Abdullayevin həbs olunması barədə martın 12-də yayılan məlumat rəsmi təsdiqini tapıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Amma onun saxlanılmasının səbəbi və irəli sürülən ittihamlar hələ ki açıqlanmır.
Qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, A.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün bu şəxsin Səbail rayon Məhkəməsində hakim qarşısına çıxarılacağı gözlənilir. Sosial şəbəkələrdə onun yüksək vəzifəli şəxslərdən birinin ailə üzvünü hədələdiyi barədə iddialar var.
Bu, Ata Abdullayevin ilk həbsi deyil. O, bir neçə il əvvəl keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulmuşdu. Cinayət Məcəlləsinin 177 (oğurluq) və 271-ci (kompyuter sisteminə qanunsuz daxil olma) maddələri ilə ittiham olunan Abdullayev müəyyən müddət həbsdə saxlandıqdan sonra şərti cəza ilə azadlığa buraxılmışdı. Sözügedən şəxs internet vasitəsilə dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərin bank hesablarından oğurlanan vəsait hesabına online qaydada aviabiletlər alıb və daha ucuz qiymətə satmaqla nağd pul qazanan dəstə üzvlərindən biri olub.
A.Abdullayev həmin vaxt ifadəsində bu ittihamla razılaşaraq özünü təqsirli bilmişdi. O, həbsdən buraxıldıqdan bir müddət sonra müxalifətin keçirdiyi etiraz aksiyaları zamanı müxalifətçilərin, fəalların tutulmasında iştirak edən biri kimi ortaya çıxdı. Daha sonra Ata Abdullayev özünü Daxili İşlər Nazirliyinin tabeliyində İctimai Şuranın üzvü kimi təqdim edərək, polisə yardım etdiyini açıqladı. Onun dediklərini nazirlik də təsdiqlədi.
Son illərdə isə Ata Abdullayev özünü videobloger kimi təqdim edərək, müxalifət təmsilçilərindən və başqa vətəndaşlardan kobudluqla hesabat tələb edir, bu barədə çəkdiklərini sosial mediada yayımlayırdı. Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) qurultayından sonra Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev jurnalistlərə müsahibə verərkən Ata Abdullayev müdaxilə edərək onun sözünü bir neçə dəfə kəsmişdi. A. Abdullayev R. Mehdiyevə “Sizcə, cənab prezidentə sadiq olmayan məmur varmı hal-hazırda?” sualını ünvanlamış, Mehdiyevin cavabı isə belə olmuşdu:
“Hazırda 5-ci kalon məsələsi ortalığa atılıb. Həm də burada cənab prezidentə sədaqətli olan insanları günahlandırırlar. Bizim dövrümüzdə də, indi də işləyənlərin arasında cənab prezidentə sadiq olmayan məmurlar tanımıram. Biz Heydər Əliyev – İlham Əliyev dəyərlərinə tamamilə sadiqik. Belə də olmalıdır, çünki Azərbaycanın gələcəyi bu yöndədir”.
Ramiz Mehdiyev fikrini başa çatdırana qədər Ata Abdullayev bir neçə dəfə müdaxilə etmişdi. Bu səbəblə bəzi şərhçilər onun həbsində R.Mehdiyevin rol oynadığı versiyasını irəli sürürlər. Amma hazırda R.Mehdiyevin belə bir gücə malik olub-olmaması sual doğuran məsələdir. Hər halda, fakt budur ki, son illər yuxarılardakı müəyyən çevrələrin himayəsində olan Ata Abdullayev adlı şəxs hazırda həbsdədir. Onun taleyinə yaxınlarda aydınlıq gələcək.
P.S. Ata Abdullayev barəsində “Press Klub”un bu yazısı da diqqətinizi çəkə bilər.
Gülər