Yenixeber.org: Məlum olduğu kimi, COVID-19 virusunun mutasiyaya uğramış tipi aşkarlanıb. İlk olaraq Böyük Britaniyada aşkarlanan bu virus Danimarka, Niderland və Avstraliyada da qeydə alınıb. Bu səbəblə əksər dövlətlər Britaniya ilə uçuşları dayandırıb.
Mutasiyaya məruz qalmış virusun daha yoluxucu, amma bununla yanaşı, daha az öldürücü olduğu deyilir. Dünya Səhiyyə Təşkilatı bununla bağlı açqılamasında bidirib:
“Yeni tip COVID-19 ilə bağlı Böyük Britaniyanın rəsmi şəxsləri ilə sıx təmasdayıq. Məlumat, təhlil nəticələri və davam edən tədqiqatları bölüşməyə davam edəcəklər. Bu tip virusların xüsusiyyətləri və nəticələri barədə daha çox məlumat əldə etdikdə üzv dövlətləri və ictimaiyyəti məlumatlandıracağıq”.
Vəziyyətlə bağlı təşkilatın Azərbaycan nümayəndəliyinin rəyini öyrəndik. Nümayəndəlikdən deyildi ki, Birləşmiş Krallığın səlahiyyətli qurumları virusun SARS-CoV-2 növü haqqında Dünya Səhiyyə Təşkilatına məlumat veriblər:
“Orada bu yeni növ virusa 1400-dən artıq yoluxma faktı aşkar edilib və bu hallara ilk dəfə sentyabr ayının ortalarında rast gəlinib. Virusun bu növü özündə bir sıra genetik dəyişiklikləri ehtiva edir və əsasən London daxil olmaqla, İngiltərənin cənub və şərqində qeydə alınıb. Bu növün kəskinlik, antikor reaksiyası və ya peyvəndin effektivliyində dəyişiklik yaradıb-yaratmayacağına dair hələ heç bir dəlil yoxdur. Birləşmiş Krallıq ilkin tapıntıları təsdiqləmək və bu yeni ştam haqqında anlayışı genişləndirmək üçün əlavə araşdırmalar aparır”.
Həkim-infeksionist Vüqar Cavadzadə qeyd etdi ki, mutasiyaya uğramış yeni virus yayılma sürətinə görə əvvəlkindən güclü olsa da, hər hansı təşvişə səbəb yoxdur. Çünki bu virusun təhlükəlilik dərəcəsi demək olar ki, dəyişməyib:
“Koronavirus infeksiyasının mutasiya olunmuş yeni forması digər tiplərdən fərqli olaraq, daha daha tez yayılır, daha çox insan kütləsi yoluxdurur. Amma xəstəlik nisbətən yüngül keçir. Ölüm faizi də təqribən 1 faiz civarında müşahidə edilir”.
İnfeksionist deyir ki, mikroorqanizmlərin mutasiyası qaçılmazdır. Bu proseslər adətən xarici faktorların təsirindən yaranır:
“Eyni zamanda, virusun mutasiyaya uğraması heç də onun daha da güclənməsi anlamına gəlmir. Bir sıra infeksiyaların mutasiya olunmuş törədiciləri daha ağır xəstəliklər törədirlər. Amma əksər hallarda mutasiya olaraq tədricən bunların xəstəlik törətmək qabiliyyəti azalmağa doğru gedir”.
Cavadzadənin sözlərinə görə, mutasiyaya uğrayan yeni koronavirusun ölkəmizə də çatması mümkündür. Odur ki, insanlar bütün profilaktik tədbirlərə əməl etməlidirlər:
“Avropada infeksiya epidemiya şəklində yayılmaq halındadır. Əgər o, daha geniş yayılıb digər ölkələrə, materiklərə, qitələrə keçərək pandemiya halını alarsa, bəli, bizdə də rast gəlinmə ehtimalı var”.(pressklub)
Ülviyyə Şahin