Özümlü Şərqin örnəyi olmaq
"Xeberinfo.com": Bu gün dünyadakı gərginlikləri artıq hər kəs yaşamında daha ağrılı şəkildə hiss edir. Kürəsəlləşmə (qloballaşma) sürəkli hal alır, iri ölkələrin sınırsız iştahları daha da itilənir, balaca sayılan ölkələrə qarşı hərtərəfli (total) hücumlar baş alıb gedir: ölkələrin siyasi, iqtisadi, mədəni-mənəvi özəllikləri yox edilir, dünyanın tam nəzarətdə olmasını davamlı etmək üçün yeni-yeni fəndlər düşünülür. Dünyada insansızlıq çeşidləri artdıqca ekoloji problemlər kəskinləşir, hava, su çirklənir… Sonucda süniləşən, dəyərsizləşən qidalar insanlara yeni-yeni xəstəliklər gətirir. Bir yandan da dünyanı evə bənzədirlər, ancaq bu evi dayanmadan sökürlər.
Dünyadakı gərginliklər bu gün Şərqdə daha pis şəkildə cərəyan edir. Ölkələr dağıdılır, insanlar qətl olunur, səfalətə sürüklənir, bir sözlə, yaşam məhv olur. Dünyanı demokratiya ilə səyli şəkildə oynadırlar. İri güclərin əlində ölkələrin taleyi puç olunur.
İnam Ata (Asif Ata) hesab edir ki, dünyanın var olması üçün Şərqin özünə qayıtması ilkin şərtdir. Asif Ata Ocağının Bayramlarından (İnsanilik, Xəlqilik, Şərqilik, Bəşərilik) biri də Şərqilik adlanır. Şərqilik Bayramı – Ulusumuz, Uluslar, Bəşərin taleyi ilə bağlı Mütləqə İnam səviyyəsində qayğılanmağımızın ifadəsidir. İnsanın, Ulusumuzun, Şərqin, Bəşərin var olmasının qaynağı İnam Atanın Dünyabaxışıdır. Şərqilik Bayramını ömrümüzdən gələn ruhsal gerçəkliyimizlə kutlayırıq. Özümlüyə əsaslanırıq. Özgəlikləri içimizdən, ömrümüzdən, yaşamımızdan dışlayırıq. Maddiyyatçılıq əvəzinə ruhaniyyatçılıq (insançılıq) gətiririk ömürlərə. İnanırıq ki, Azərbaycan Özümlü Şərqin örnəyi olacaq. Özümlüyünə yetən – Vətənə yetir, Şərqiliyə yetir, Bəşərə yetir.
Kutsal Şərqilik Bayramının gəlişiylə bağlı Ulusumuzu kutlayır, İnam Atanın (Asif Atanın) “ŞƏRQ–QƏRB” yazısını sunuram.
İşıqlı Atalı, Asif Ata Ocağının Yükümlüsü
***
İnam Ata (Asif Ata)
ŞƏRQ–QƏRB
Şərqin belə fəlakətli vəziyyətə düşməsinin səbəbi nədir?
Şərq bir zamanlar müəllim idi, öyrədirdi, indi Qərbi təqlid edir, onun arxasınca addımlayır, ona oxşamasıyla öyünür. Şərq bir zamanlar yeni İdeyalar, formalar yaradırdı, indi həmin Məzmunu, Biçimi Qərbdən mənimsəyir. Geyimdən başlamış, siyasi üsul-idarəyə, ictimai doktrinaya, İdeala, Fəlsəfi Fikrə, Bədiiyyata qədər nə varsa, hamısını Şərq Qərbdən götürür. Bir zamanlar Şərq Şərq olmağıyla fəxr edirdi, indi “mən Şərq deyiləm, mən elə Qərbəm” – deyə bağırır. “Düşüncəm Qərb Düşüncəsidir, Duyğularım Qərb Duyğularıdır, Adətlərim, Həyat Tərzim, Məişətim Qərbvaridir, Özüm olmaq istəmirəm, Qərb olmaq istəyirəm. “Avropalaşmalı” – deyə haray qoparıram. Qərb müəssisələrini Şərqə gətirirəm, Şərq torpağında Qərb meyvəsi bitirirəm və bunu vüqarla aləmə bəyan edirəm. Sözdə irqçiliyin əleyhinə çıxıram, əməldə isə “Qərb hər şeydir” – ideyasını naşıcasına, miskincəsinə təsdiq edirəm. Üsul-idarəm – Qərb üsul-idarəsi, müəssisələrim – Qərb müəssisəsi, İdealım – Qərb İdealı… Qərbə qovuşuram, Qərbdə itirəm, ancaq fəlakətimi tərəqqi sayıram! Özümə təskinlik vermək üçün – “Bəşər vahiddir, onu Şərqə və Qərbə bölmək olmaz” – deyirəm və unuduram ki, Bəşər müxtəlifliyin Vəhdəti kimi birdir, yeknəsəqliyin təsdiqi kimi yox! Miskincəsinə, avamcasına unuduram ki, Şərqin Qərbləşməsi Qərbin Şərq Xalqlarını əsarətə salması üçün ən gözəl vasitədir”. Mən sənin əbədi qəyyumunam! Sən məni eşitməlisən, mən deyən kimi yaşamalısan. Mən sənə tarix tərəfindən əbədilik rəhbər təyin olunmuşam, sən mən deyən, mən istəyən Şərq olacaqsan!
Qərbləşməyə can atmaqla Şərq özünü əjdahanın ağzına atır, vüqarla Mənəvi səfalətə doğru addımlayır və anlamır ki, ayılıb görəcək Şərq Dünyasından heç nə qalmayıb.
Şərqin belə fəlakətli vəziyyətə düşməsinin səbəbi nədir?
Birinci səbəbi odur ki, iqtisadi inkişafı tərəqqinin meyarı saydılar. Əgər Qərb Şərqi iqtisadi cəhətdən ötübsə, deməli, o, hər cəhətdən Şərqdən üstündür. Deməli, onun Mədəniyyəti də, İctimai İdealı da, Həyat Tərzi də təqlidə layiqdir. Deməli, Avropalaşmaq lazımdır, Avropada nə varsa, Şərqə köçürmək lazımdır. Şərqin öz Fəlsəfəsini, Üsul-İdarəsini yaratmağa ehtiyacı yoxdur. Əgər Avropanın maşını çoxdursa, deməli, Ləyaqəti də çoxdur. “Qərb balonlarda gəzir, biz isə avtomobil minməyiriz” – deməli, avtomobilə minməklə biz tərəqqinin ön sırasına çıxacağıq. Şərq dəhşətli yanlışlığa, fəlakətli naşılığa yol verdi, avtomobilə minməyi tərəqqiylə eyniləşdirdi. İndi Şərq artıq balonlarda gəzir, ancaq tarixinin ən ağır illərini keçirir. Şərq hay-küyə uydu, uzaqgörənlik göstərmədi, indi Qərb filosofları özləri maşın sivilizasiyasının Bəşərə səadət gətirmədiyini, əksinə, zillət gətirdiyini təsdiq edirlər. Şərq avtomobilə minməliydi, minəcəkdi, ancaq bundan ötrü öz Dünyasından əl çəkməməliydi, anlamalıydı ki, İqtisadi Tərəqqi avtomatik şəkildə Mənəvi, İctimai, Siyasi Tərəqqi yaratmır, bu səbəbdən də Qərbdə hökm sürən Üsul-İdarəni, Mədəniyyəti süni surətdə Şərqə köçürmək, calamaq olmaz, bu, eybəcərlik törədər.
***
Qərb öz nailiyyətləri ilə Şərqin gözünü qamaşdıra bildi, Şərq Sabahı görmədi. Heç bir Şərq ölkəsində parlament sistemi özünü doğrultmadı, Qərb Fəlsəfəsi Cərəyanlarının heç biri Şərq İdrakına təkan vermədi, Şərq pozitivistləri Kantların, Yasperslərin yanında heç görünmürlər də. Şərq öz bədii ənənəsini davam etdirmədi, Qərb ənənəsini mənimsədi və bu səbəbdən də Sənət Zirvəsi yarada bilmədi. Şərq öz Mədəniyyətinə Qərbin gözü ilə baxdı, Qərb rasionalizminin, praqmatizminin ölçüsüylə yanaşdı, özündən ayrıldı. Ona elə gəldi ki, Tarixində, Qədimliyində nailiyyəti azdır, yalnız Qərbləşəndən, Avropalaşandan sonra onun əsl tarixi başlanacaq. Şərq özünü inandırdı ki, onun dünəni despotçuluqdan, qəsbkarlıqdan və xurafatdan ibarətdir və bu səbəbdən də onun özünə əsaslanmağa, öz ənənələri əsasında təbii şəkildə inkişaf etməyə imkanı yoxdur, o, özünü rədd edib, Avropanı qəbul etməlidir.
***
Əslində isə Şərqin öz yoluyla getmək, öz ənənələri əsasında müasir mədəniyyət yaratmaq üçün hər cür imkanı var idi. Zərdüştdən, Buddadan başlayan Sufilik, Hürufilik səviyyəsinə yüksələn Fəlsəfi İdeyalar əsasında orijinal Şərq Fəlsəfəsi yaratmaq mümkün idi. Qərb Şərqin Fəlsəfi Siqlətini özündən yaxşı anladı, ondan bəhrələndi, onun təsiriylə Həyat Fəlsəfəsi, İntiutivizm və s. yaratdı. Şərq Avropalaşmaya qapılan zaman Avropanın Tolstoyları, Şveyserləri Şərq Düşüncəsinə, Bədiiyyatına, Mənəviyyatına üz tutdular… Şərq öz siyasi tarixinə daha ciddi, daha diqqətli və daha yetkin yanaşsaydı, onda Şərq despotçuluğundan başqa Şərq Müdrikliyi, Şərq Möhtəşəmliyi, Şərq Müqəddəsliyi, Şərq Mətanəti də görərdi, Qərbdən üsul-idarə mənimsəməzdi. Ümumbəşəri Bədiiyyatın Zirvələrindən olan Şərq Sənətini də Şərq düzgün qiymətləndirmədi. Belə hesab etdi ki, müasir dövrdə ona arxalanmaq olmaz, o, vaxtı keçmiş arxaik hadisədir, Qərb sənətinə əsaslanmaq lazımdır.
***
Övladlar Atalarına layiq olmadılar və tədricən Şərq Qərbin bədii əyalətinə çevrildi. Şərq çox şeydə yanıldı: ona elə gəldi ki, Qərb kapitalistləşirsə, o da kapitalistləşməlidir, Qərb sənayeləşirsə, o da mütləq sənayeləşməlidir, yoxsa məhv olar. Əslində isə onu kapitalistləşmə, sənayeləşmə məhv etdi: bunları Şərq öz qüvvəsiylə həyata keçirə bilmədi, Qərbə üz tutdu, Qərb isə Şərqə sənayeləşmə ilə yanaşı, əsarət gətirdi. Şərq elə hesab etdi ki, əgər Qərbdə yeni bir ictimai cərəyan yaranırsa və bu cərəyan əsasında Dünyanı cənnətə döndərirlərsə, o, bu axından kənarda qala bilməz, tezliklə “nicat doktrinasını” qəbul edib cənnətə hamıdan tez çatmalıdır. Şərqin Qərbçilik dövrü ona ağır başa gəldi. İndi o, özünə qayıtmalıdır, ya da Qərbin bulanıq sularında qərq olmalıdır.
QAYITMA
İnsan Özündən ayrılıb – onu Özünə qaytarmaq lazımdır!
Şərq Özündən ayrılıb – onu Özünə qaytarmaq lazımdır!
Azərbaycan Özündən ayrılıb – onu Özünə qaytarmaq lazımdır!
İnsanı Özünə qaytarmaq üçün Ona normal maddi şərait yaratmaq lazımdır. Bu, ilkin və ibtidai tələbdir. İnsanı Özünə qaytarmaq üçün Ona Yeni İdrak, Yeni Mənəviyyat, Yeni Hissiyyat,Yeni Həyat İdealı lazımdır. Bunun üçün keçmişə qayıtmaq tələb olunur. Müqəddəsliyə pərəstiş duyğusunu bərpa etmək gərəkdir. Bunun üçün Dinin alleqorik şəkildə ifadə etdiyi Ruhani İdeyalara, Duyğulara qayıtmaq tələb olunur. İnsansevərliyə, Məhəbbətə qayıtmaq gərəkdir.
Bunun üçün İdealizmin Ruhani Paklığına, Füzulilərin, Nəsimilərin Ehtizazına, Vəcdinə qayıtmaq tələb olunur. Qəhrəmanlıq, Fədakarlıq, Özündənkeçmə Ehtirasına qayıtmaq gərəkdir. Bunun üçün Babəklərin, Cordano Brunoların, Yan Qusların Dünyasına qayıtmaq tələb olunur. Ailə Qüdsiyyətini bərpa etmək gərəkdir.
Bunun üçün Qədim Adətlərə, Qaydalara qayıtmaq tələb olunur. Qadınlıq Ləyaqətini bərpa etmək gərəkdir. Bunun üçün Qədim Qadınlığa qayıtmaq tələb olunur. Kişilik Əzəmətini bərpa etmək gərəkdir. Bunun üçün Qədim Kişilərə bənzəməliyik. İnsanın Torpaq ilə Doğmalığını bərpa etmək gərəkdir. Bunun üçün ona torpaqdan nə isə düşməlidir.
İnsanı Heyvani Həyat tərzindən, əşyalaşma fəlakətindən, var-dövlət əsarətindən qurtarmaq lazımdır. Bunun üçün Buddaların, C.Rumilərin Ruhuna qayıtmaq tələb olunur! İnsanın Gözəlliklə, Bədiiyyatla təmasını bərpa etmək lazımdır. Bunun üçün Təbiətə Ruhani münasibətə, Qədim, Əbədi Bədiiyyata qayıtmaq tələb olunur. İnsanın Vətənsevərlik Ehtirasını bərpa etmək lazımdır.
Bunun üçün Vətənlə bir olmaq Ülviyyəti tələb olunur. İnsanın Mənəvi Müstəqilliyini bərpa etmək lazımdır. Bunun üçün onu mühitin təsirindən qurtarmaq tələb olunur. İnsanı daxilində yaşayan Şərdən, Eybəcərlikdən, Naqislikdən qurtarmaq lazımdır.
Bunun üçün Özüylədöyüş Hikmətinə qayıtmaq tələb olunur. Şərq Özünəməxsus Dövlət Quruluşu, İctimai-Siyasi Doktrina, İdeal, Fəlsəfə, Bədiiyyat yaradanda, Qərbi təqlid etməkdən əl çəkəndə, öz Adət-Ənənələrinə arxalananda Özünə qayıdacaq. Şərq özünün Dünənini Bugünündən, Qədimliyini Müasirliyindən, Tarixini indiki nailiyyətlərindən Üstün sayanda Özünə qayıdacaq. Bunun üçün ardıcıl və dərin Özünüdərketmə və Özünüdəyişdirmə Qüdrəti tələb olunur. Azərbaycanın Özünə qayıtması – Özünü Müstəqil İctimai, Mənəvi Varlıq kimi dərk və təsdiq etməsilə bağlıdır. Azərbaycan – Müstəqil İctimai, Mənəvi Varlığa çevrilmədən, Qədim Ənənələri əsasında Özünəməxsus Ruhani Sərvətlər yaratmadan, Taleyini öz əlinə almadan, Özünün Ümumşərqi, Ümumtürk Xislətini bərpa etmədən, Qəyyumluq İmtiyazlarını həmişəlik rədd etmədən Öz Xəlqi Mahiyyətini təsdiq edə bilməz. Xalqı Özünün qeydinə qalmağa, Özünə sahib olmağa çağırmaq lazımdır. Onu yanlış fikirlərdən, avam xülyalardan, yalançı vətənsevərlərdən qorumaq gərəkdir. Azərbaycanı mücərrəd vahidliyin vəhdəti kimi yox, orijinal, canlı, konkret hadisə kimi Xalqa öyrətmək lazımdır. Xalqı Müstəqil Həyata çağırmaq, hazırlamaq və yetirmək gərəkdir.
Üç Böyük Qayıtmanı təmin etmək üçün dördüncü bir Qayıtmaya da zəruri ehtiyac yaranır. Qədimdə Dini, Fəlsəfi və Bədii Fikir bir idilər. Sonralar onlar ayrıldı, hər biri öz yoluyla getdi. İndi yenidən bir-birinə qovuşmalıdırlar. İndi Xüsusi Din, Xüsusi Fəlsəfə, Xüsusi Sənətlə yanaşı, onları özündə cəmləşdirən, onların üzvi, təbii Birliyi olan Ali Söz yaranır. Həmin Söz Xəlqi, Şərqi, Ümumbəşəri İntibaha Rəhbərlik edəcək!
(1981)
İşıqlı Atalı, Asif Ata Ocağının Yükümlüsü