Xodorkovskini ölüm gözləyir?
Ərəstun Oruclu: “Onu aradan götürmək lazım olsa, Rusiyanın Kadırovun başkəsənlərinə ehtiyacı yoxdur”
"Xeberinfo.com": Məlumata görə, Rusiyalı keçmiş milyarder Mixail Xodorkovski Parisdəki məlum terror olayından sonra Avropa mətbuatına müraciət edərək Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturasını dərc etməyə çağırıb. Qeyd edək ki, Xodorkovski uzun illər həbsdə qaldıqdan sonra ötən il azadlığa buraxılıb və hazırda Avropada məskunlaşıb. Onun bu çağırışı birmənalı qarşılanmayıb və ciddi etirazlara səbəb olub.
Çeçenistan prezidenti Ramzan Kadırov isə Mixail Xodorkovskini şəxsi düşməni elan edib.
YUKOS neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski Çeçenistan rəhbəri Ramzan Kadırovun ona qarşı səsləndirdiyi hədələrə cavab verib. Xodorkovski öz saytında yaydığı müraciətində Kadırovdan qorxmadığını deyib. “Mən Vladimir Putinin satqın tərəfdarının təhdidlərini eşitdim və qəbul etdim. Bu hədə Parisdəki terror aktlarını törədənlərdən fərqlənmir. Onun əsas hədəfi qorxutmaq və səsini kəsməkdir” deyə, Xodorkovski bildirib.
Qeyd edək ki, Çeçenistan lideri Ramzan Kadırov bir neçə dəfə xarici ölkələrdə düşmənlərini aradan götürməsi ilə gündəmə gəlib. Putinin yaxın adamının adı xaricdə bir sıra siyasi qətllərdə hallanır. Bu mənada Kadırovun Xodorkovski haqda fikriləri həm də sui-qəsd təhdidi kimi qiymətləndirilib. Bəs, indiki vəziyyətdə bu hədə Xodorkovski üçün nə qədər real təhlükə hesab oluna bilər?
Politoloq Ərəstun Oruclu deyir ki, Kadorvun indiki halda Xodorkovskiyə ünvanlanmış hədəsi ciddi qəbul oluna bilməz. Ekspertə görə, bu, sadəcə Xodorkovski və onun timsalında Putinin düşmənlərinə hədə-qorxudan başqa bir şey deyil: “Mənə elə gəlir ki, bu ucuz şantajdır. Məqsəd isə Xodorkovskini qorxutmaqdır. Çünki Xodorkovski son aylar, xüsusən də Rusiyaya qarşı sanksiyalar effekt verməyə başladıqdan sonra kifayət qədər fəal siyasi mövqeyə keçib. Siyasi perspektiv baxımından Xodorkovskinin şansları olduqca azdır, bunu Moskvada da yaxşı başa düşürlər. Eyni zamanda, Kadırovun dili ilə onu hədələyərək başqalarına mesaj verirlər. Mən düşünmürəm ki, Rusiya hakimiyyətinin ən ciddi müxalifəti Xodorkovski olsun. Birincisi, onun arxasında hansısa siyasi təşkilat yoxdur. Təcrübə də göstərir ki, hakimiyyət dəyişikliyi üçün siyasi qüvvənin olması zəruri şərtdir. İkincisi, Xodorkovski Rusiya biznesində olmuş yəhudi oliqarxlardan biridir. Bu isə onun siyasi iddialarına qarşı ciddi maneədir.
Üçüncüsü, ümumiyyətlə hazırda Putin hakimiyyətinin ən ciddi opponenti hakimiyyətin daxilində olan qüvvələr, konkret desək hərbçilərdir. Sergey Babulin bu yaxınlarda müsahibəsində baş nazir Medvedyevi hədəfə almışdı və onun yerinə potensial namizəd kimi Sergey İvanovun adını qeyd edirdi. Hər kəs bilir ki, İvanov Rusiya hərbi dairələrinə yaxın, faktiki olaraq hökumətdə ordunu təmsil edən şəxsdir. Eyni zamanda, prezidentliyə də namizəd olub. Bu mənada Rusiyada ciddi siyasi məsələlər ölkə daxilində cərəyan edir. Xodorkovski ciddi faktor deyil”.
Kadırovun özünün ciddi problemlərinin olduğunu deyən Ə.Oruclunun fikrincə, Xodorkovski aktiv siyasi fiqur omasa da, onu Avropada ciddi şəkildə qoruyurlar: “Kadırov bu cür yollarla Kremlə yarınmağa çalışır. Buna görə də növbəti səhvlər edir. Xodorkovskini fiqur kimi aradan götürmək lazım olsa Rusiya kimi dövlətin özünün imkanları var və Kadırovun başkəsənlərinə ehtiyacı yoxdur. Kadırov amili ciddi qəbul oluna bilməz, o haradasa öz düşmənlərini aradan götürə bilər. Ancaq Xodorkovski amilini də kiçiltmək olmaz. Unutmaq olmaz ki, onun həbsdən azad edilməsi üçün Putin kimi bir adama təsir göstərilib. Yəni bu Kadırovun yemi olan məsələ deyil”(.Müsavat.com)