Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanlı milyarderdən Xodorkovskiyə sərt reaksiya

 

Rusiyada yaşayan azərbaycanlı iş adamı, eks-senator, Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının (EEİG) senatoru Fərhad Əhmədov Fransada törədilmiş terror hadisələrinə və bu hadisələr ətrafında baş verənlərə münasibət bildirib.

"Xeberinfo.com":  Məlumata görə, azərbaycanlı milyarder bu fikirlərini “Dərman xəstəlikdən pis olanda…” başlıqlı məqaləsində qələmə alıb.
F.Əhmədovun həmin yazısını təqdim edirik:

“Dərman xəstəlikdən pis olanda…”

Yanvarın 7-də Parisdə dəhşətli hadisə baş verdi. Fransanın iki vətəndaşı “Kalaşnikov” avtomatları ilə silahlanaraq populyar fransız jurnalının redaksiyasına soxuldu və orada Fransanın 12 digər vətəndaşını güllələyərək vəhşicəsinə qətlə yetirdi.
Bu, özlüyündə çox dəhşətli hadisədir. Lakin vəziyyət ona görə daha pisdir ki, mənşəcə müsəlman və ərəb olan qatillər dini ekstremizmdən vəcdə gələrək öz həmvətənləri olan fransızları öldürüblər. Onlar Məhəmməd Peyğəmbərin satirik şəkillərinin jurnalda dərc edilməsinə etirazlarını bu yolla bildiriblər. Bütün dünya bu dəhşətli cinayətdən diksindi.
Terrorçuluğa heç cür və heç bir bəraətin olmaması, zəmin, bəhanə və motivlərindən asılı olmayaraq istənilən terror əməlinin mənəvi və hüquqi cəhətdən sərt şəkildə qınanmalı olduğu barədə uzun-uzadı danışmaq istəmirəm. Mən indi terrorçu hücumu zamanı həlak olanların qohumlarına və yaxınlarına, çox sevdiyim və ehtiram bəslədiyim Fransanın bütün sakinlərinə dərin hüznlə başsağlığı verirəm.
Bunu geniş izah etməyə ehtiyac yoxdur ki, ağlı başında olan heç bir məsuliyyətli adam terroru məqbul yol saymaz. Eyni zamanda hər bir ciddi adam terrorçuluqla mübarizə yolu axtarmalıdır. Lakin təklif edilən, irəli sürülən mübarizə üsulları problemin həllini yaxınlaşdırmalıdır, əksinə, vəziyyəti daha da pisləşdirməməlidir.
Bununla təzə nəsə demirəm. Bu həqiqət bir çox nəsillərə məlumdur. İngilis filosofu Frensis Bekon hələ XVII əsrdə xəstəlikdən daha pis olan dərmanlardan qorunmağı tövsiyə edirdi. Belə dərmanlar problemi həll etmir, xəstəliyi aradan qaldırmır, onu daha da dərinləşdirir.

Burada adamı heyrətləndirən cəhət odur ki, indiki siyasi xadimlərin heç də hamısı bundan ibrət dərsi götürə bilməyib. Mixail Xodorkovskinin Məhəmməd Peyğəmbərin karikaturalarının Parisdəki terrora cavab olaraq dünyanın bütün nəşrlərində dərc olunması barədəki təklifini eşidəndə adam buna sadəcə olaraq mat qalır.
Mixail Xodorkovski uğur qazanmış sahibkar idi. Bir vaxtlar onunla eyni sahədə işləmişik və tanış idik. Xodorkovski öz biznesinin itirəndən sonra indi siyasi xadim olmağa iddialıdır. Bu yaxınlarda da bəyan etmişdi ki, Rusiya prezidenti olmaq ondan ötrü maraqlı olardı. Madam belədir, onda Xodorkovski özünü yenicə köçüb sığındığı Cenevrənin sakini kimi yox, bir rusiyalı kimi, ölkəyə, özü də təkcə xristianlarla yəhudilərin yox, həm də müsəlmanların əsrlər boyunca çiyin-çiyinə yaşamaqda davam etdiyi bir ölkəyə rəhbərlik etməyə iddiası olan siyasətçi kimi aparmalıdır.

Yəni Xodorkovski bunu başa düşməlidir, daha doğrusu, başa düşməyə sadəcə olaraq borcludur ki, Məhəmməd Peyğəmbərin istənilən formada təsvir olunması müsəlmanlar tərəfindən qəbul edilmir, İslam peyğəmbərinin karikaturasını çəkmək cəhdi isə birbaşa təhqirdir, açıq həqarət deməkdir.

Çox maraqlıdır ki, Mixail Borisoviç həmişə ağıllı adam təsiri bağışlayıb. Xodorkovski doğrudanmı başa düşmür ki, o, özünün tam məsuliyyətsiz bəyanatı ilə özünü demək olar islamçı ekstremistlər kimi aparır, həmin ekstremistlər sayaq o da Avropada din bayrağı altında müharibəyə çağırış edir? Məhz elə bu cür çağırışların nəticəsidir ki, məscidlərə artıq qumbara atırlar. Bunun axırı nə olacaq? Bundan sonra yalnız müsəlman məhəllələrində talanlar törətmək qalır. “Yəhudiləri qır, Rusiyanı xilas et” şəkilli idbar şüardan sonra eyni dərəcədə idbar “Müsəlmanları qır, Avropanı xilas et” şüarının səslənməsini görmək ürəkbulandırıcı mənzərədir.

Xodorkovski bununla nəyə nail olmaq istəyir? Avropada siyasi kapital qazanmağa çalışır? Nə məqsədlə? Bəs Avropanın özünün sivilizasiyaların qarşıdurması probleminə cavabları varmı? Nəsə belə görünmür.
Aydın məsələdir ki, Avropa İttifaqı (Aİ) özünün müsəlman mənşəli milyonlarla vətəndaşını öz strukturlarına daxil (inteqrasiya) etməyi heç cür bacarmadı. İndi isə Aİ ölkələri vətəndaşları barrikadanın müxtəlif cinahlarında qərar tutublar.
Əlbəttə, bu adamlardan ucuz işçi qüvvəsi kimi istifadə etmək çox asandır. Axı bir vaxtlar Avropada Afrikadan olan qara qulların ticarətindən yaxşı qazanırdılar. Digər xalqların və mədəniyyətlərin dəyərlərinə ehtiramla yanaşmaq isə onlara çətindir.

Müsəlmanlara nə təklif edirlər?! Bizə yaxınlaşın, bizə bənzəyin, bizə kömək edin, bizim dəyərləri qəbul edin və inkişaf etdirin, lakin öz yerinizi bilin, ikinci növ adamlar kimi qalmaqda davam edin…
Problemi bu yolla həll etmək olmaz.

Mən dindar deyiləm. Lakin yaşadığım Azərbaycanın (Rusiya ilə yanaşı orada da yaşayıram) dini tolerantlıq nümunəsi olması ilə fəxr edirəm. Azərbaycanda məscid və sinaqoqlar, kilsələr və digər xristian ibadətgahları dinc yanaşı şəkildə, mehribanlıq və anlaşma şəraitində fəaliyyət göstərirlər. Azərbaycanda Rus Pravoslav Kilsəsinin bütöv yeparxiyası var.

Bütün həyatımı xalqların və mədəniyyətlərin yaxınlaşmasına həsr etmişəm. Əminəm ki, bəşəriyyət fəlakətlərdən yalnız bu yolla xilas ola bilər. Yaxın dostlarım arasında müsəlmanlar da var, xristianlar da, yəhudilər də. Onların hamısı mənə eyni dərəcədə əzizdir. Ona görə də Parisi Fələstinə döndərməyə hesablanmış dini zəmində parçalanma və iğtişaşlara çağırışlardan iyrənirəm.

Yeri gəlmişkən, Fransa fələstinliləri və onların öz dövlətlərini yaratmaq uğrundakı mübarizəsini həmişə dəstəkləyib. Elə görünə bilərdi ki, qəddar islamçı ekstremistlərin ən axırıncı növbədə zərbə vurmalı olduğu hədəf Fransa və fransızlar olmalı idi.

Mən həmişə və hər şeydə sui-qəsd əlaməti axtarmaq cəhdlərindən, şəkkaklıqdan uzaq adamam. Amma axı bu da faktdır ki, bu terrorçuları Fransaya qarşı qaldıranlar var! Bu, kimlərəsə sərf edir! Bəs indi hansı nəticə alınır? Belə çıxmırmı ki, Xodorkovski də o kimsələrin sıralarındadır?!

Xodorkovski indi nahaq yerə söz azadlığı məsələsini əldə bayraq edərək öz təxribatçı bəyanatına haqq qazandırmağa çalışır. O, bununla düşdüyü vəziyyəti lap ağırlaşdırır. Mən Xodorkovskiyə məsləhət görərdim ki, o, bunun əvəzinə təhqir etdiyi 2 milyard müsəlmandan üzr istəsin. O, hörmətinin, nüfuzunun qalıqlarını yalnız bu yolla qoruyub saxlaya bilər.

Söz yox ki, bundan sonra o, Rusiya prezidenti postunun əvəzinə, necə deyərlər, qulağının dibini görər. Rusiya elektoratının 30 faizi buna heç vaxt imkan verməz…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam