RUSİYA TƏLƏDƏ
"Xeberinfo.com": Bu yaxınlarda “Bloomberg” agentliyi məlumat verib ki, Kremldə Rusiyanın hansı istiqamətdə getməsı və hansı siyasi kursu tutması ilə əlaqədar bir-birlərinə əks olan iki fraksiya rəqəbətdədir. Sərt kursun tərəfdarları soyuq müharibə dövründəkinə bənzər təcridolunma siyasətinin həyata keçirilməsini istəyirlər. Onların əsas siyasi prioriteti – Sovet dövründəki kimi geosiyasətdə Rusiyanın nəhəng dövlət masştabına qədər güclənməsidir. Sərt mövqe tutanların əksi olan və praqmatik düşüncəli “iqtisadi realistlər” özlərinə tam şəkildə hesabat verirlər ki, ölkənin harmonik inkişafının yeganə şansı bazar iqtisadiyyatında və həmçinin də Avropa və ABŞ-la simbiozdadır.
Bir çox makro-iqtisadi göstəricilər Rusiyanın aqressiv siyasət nəticəsində qazanmaq əvəzinə daha çox itirirdiyini əyani şəkildə nümayiş etdirir. Digər yandan isə Rusiyadakı daxili ziddiyyətlər özünü şizofrenik hərəkətlər tərzində göstərir.
Putin nəyə nail olmaq fikrindədir? Putinin şəxsi ambisiyalarının əsl məğzini birmənalı formalaşdırmaq mürəkkəb iş olduğu üçün, bu məsələni bir kənara qoyaq. Digər tərəfdən isə Rusiya mərkəzi hakimiyyətində pərdə arxasında nələrin baş verməsi barəsində bizim dəqiq məlumatımız yoxdur. Ancaq biz böyük bir ehtimalla Moskvanın üç əsas məqsədinin nədən ibarət olduğunu aydınlaşdıra bilərik.
BİRİNCİ MƏQSƏD Rusiya ilə Qərb arasındakı şərti sərhədin Polşanın şərqinə tərəf çəkilməsidir. Ukrayna hadisələrindən sonra Avropa Birliyi və ABŞ, Rusiyanın dinc niyyətli demokratik dövlətə çevriləcəyinə olan inamlarını tamamilə itiriblər. Ukraynadakı hadisələr soyuq müharibə dönəmindəkinə bənzər siyasi-iqtisadi ab-hava yaradıb. Rusiya öz hərbi təyyarələri ilə Avropa ölkələrinin hava sahəsinə soxularaq aradakı gərginliyi daha da artırır. Bu cür hərəkətlər başlıca olaraq Putin və onun komandasının ölkə daxilindəki avtoritetini yüksəltmək üçün nəzərdə tutulub. Həm də rusların apardığı təbliğata görə, xarici imperialist təhlükəyə qarşı mübarizə aparan böyük dövlətin güclü prezidenti xalqa daha çox lazımdır. Putin istəyir ki, Rusiyanı bacarıqlı məmur deyil, güclü rəhbər idarə etsin.
Moskvanın müasir siyasətinin İKİNCİ MƏQSƏDİ Ukraynanın vassallaşması və onun üzərində nəzarət əldə etməkdir (Onun müdafiə sanayesi ilə birlikdə). Söhbət heç də Ukrayna üzərindəki siyasi təsirdən getmir. Hər iki ölkənin hərbi sənayesi uzun müddət ərzində sıx əməkdaşlıq ediblər. Rusiya ballistik raketlərinin 80%, aviasiya məhsullarının isə əhəmiyyətli hissəsi və həmçinin də ən müasir vertolyotlar və qırıcı təyyarələr Ukrayna şirkətləri ilə birlikdə hazırlanıb. Rusiyanın Ukrayna hərbi sənaye kompleksindən belə bir asılılığının kökləri Sovet İttifaqı dönəminədək gedib çıxır.
Putinin ÜÇÜNCÜ mühüm məqsədı – Avrasiya İttifaqının meydana çıxması üçün fundament yaratmaqdır. Onun yaradacağı bu ittifaq Avropa Birliyinin alternativi rolunu oynamalıdır. Putin tədricən Sovet İttifaqının digər ölkələrini də buraya qoşmaq niyyətindədir. Krımın ilhaqından sonra Şimali Qazaxıstanda da vəziyyətin destabilizasiya olunması müşahidə edilib. Belə bir məqsəd üçün novbəti ölkə Belarus ola bilər.
BAZAR CAVAB VERİB
Hazırda Rusiya biznesi Kremlin izolyasiya strategiyasına qarşı çıxır. Yaxşı məlumdur ki, iqtisadi və siyasi izolyasiyaların tətbiqinə baş vuran bütün dövlətlərin hamısı gec-tez maliyyə çöküşünə məruz qalırlar.
Moskvanın apardığı siyasətə iqtisadi mənada ən yaxşı cavabı bazarın özü verib. ”Vedomosti” qəzetinin məlumatına əsasən, ilin əvvəlindən rubl avroya nisbətdə 25% geriləyib. Rusiyanın böyük valyuta ehtiyyatı var, amma o çox sürətlə əriyir. Bu il ərzində öz valyutasını xilas etməkdən ötrü Moskva 65 milyard dollar itirib. Valyuta ehtiyyatının həcmi isə 2010-cu il səviyyəsinə düşüb. Hazırda kapital Rusiyadan qaçır. Eyni zamanda rus şirkətləri və vətəndaşları da ölkəni tərk edir. Rusiya iqtisadiyyatının əsas təməli xam mal ixracı üzərində qurulub. Neftin qiyməti isə son dövrlər aşağı düşür.
Rusyanın bundan sonrakı davranışlarının iki mümkün ssenarisi var:
BİRİNCİ ssenariyə görə, güclənən özünütəcrid siyasəti Rusiya şirkətlərini marginallaşdıraraq, rublu intəhasız zəiflədəcək və nəticədə istehlak mallarının qiyməti qalxacaq. Silahlanmaya ayrılan xərclərin yüksəldilməsi fonunda neft satışından əldə olunan gəlirlərin azalması ölkəni iflas vəziyyətinə sala bilər. Bu isə xalq narazılığının partlaması və hakimiyyət sıraları arasındakı parçalanma riskini artırır.
İKİNCİSİ isə, Moskvanın Ukraynadakı vəziyyəti sakitləşdirməklə aqressiv imperialist siyasətdən imtina etmə ssenarisidir. Ukrayna tamamılə Qərb istiqamətində yürüməyi qarşısına məqsəd qoyub. Bunun önünü kəsmək üçün Rusiya Ukraynanın şərq regionlarındakı vəziyyəti “sakit” tərzdə destabilizasiya etməklə məşğul ola bilər. İstənilən sərt hərbi fəaliyyət Moskvanı gələcək uzunmüddətli marginallaşmaya doğru aparacaq.
Çin kimi açıq iqtisadiyyata malik avtoritar dövlətin normal fəaliyyət göstərməsi də mümkündür. Ancaq qapalı bazar üsulu ilə yalançı demokratiya nümayiş etdirən dövlət sisteminin harmonik inkişaf etməsi ağlasığmaz bir məsələdir. Aydın şəkildə görünür ki, Rusiya strategiyası peşəkar iqtisadçının deyil, xüsusi xidmət əməkdaşlarının yaradıcılığıdır.