Vaşinqtondakı türk yazar:"SURİYADA SÜLH ÜÇÜN ABŞ-ın TÜRKİYƏYƏ EHTİYACI VAR" - TƏHLİL
Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi
Yenixeber.org: Vaşinqtonun milli təhlükəsizlik sahəsindən yazan ən hörmətli jurnalistlərilə uzun müddətdir təmas halındayam. Onlar da təsdiq etdiyi üçün könül rahatlığı ilə bunu deyə bilərəm: bu yaşadığımız çalxantılı və gərgin şəraitdə Vaşinqtondan gələn hər rəsmi açıqlamanı ciddiyə almaq səhv olar.
Hələ bir gələn açıqlamanı fikrimizdə qurduğumuz ssenariyə uyduraraq bir nəticəyə gələrsək, reallıqdan əməlli-başlı uzaqlaşa bilərik. Yazılanlara və danışılanlara buradan baxdıqda bunun, təəssüf ki, Türkiyədə intensiv olaraq yaşandığını deməyə məcburam.
Adına istər “dərin dövlət”, istərsəniz də “müəssəs nizam” (institusional nizam- tərc.) deyin, bir qeyri-rəsmi Vaşinqton vardır. Biz sadəcə rəsmi açıqlamalara baxaraq mövqe tutmağa çalışarsaq, yanılarıq. Çünki sərhəd bölgəsindəki hər yüksək mərtəbəli binanın çardağına çıxıb baxdıqda gördüyümüz şeyə belə, bu insanlar “Belə bir şey yoxdur” deyə bilirlər.
Belə bir şeyin necə olduğunu anlamaq üçün həm qeyri-rəsmi Vaşinqtonun iş metodunu, həm də rəsmi Amerikanın bu anda olduğu durumu anlamamız lazımdır. Könlümüzdən keçənin ssenarisini qurmadan, burada baş verənləri anlamaq üçün bəzi həqiqətləri alt-alta sıralamamız lazımdır.
Bu da əlimizdə olan həqiqətlər
1. Amerikanın Suriyaya yönəlik ümumi bir strategiyası qətiyyən yoxdur. Bu olmadığı üçün bölgə ilə əlaqədar olaraq hər bir qurum bir-birindən fərqli, ziddiyyətli açıqlamalar verə bilir. Hərtərəfli düşünülmüş planlı siyasət aparan Amerika dövləti yalnız “Hollywood” filmlərində var. Reallıqda olan isə Suriya kimi önəmli bir məsələdə belə, anlıq maraqlara görə mövqe tuta bilən bir dövlət quruluşunun var olmasıdır. Prezident Tramp ümumi strategiya formalaşdırmadan təşəbbüsləri qurumların başında duranlara verdiyindən, Vaşinqton İŞİD-lə mübarizədə birlikdə hərəkət etdiyi YPG/PYD ilə bu terror təşkilatı bitirildikdən sonra nə ediləcəyini bilmirdi.
2. Bütün qurumlar diqqətlərini İŞİD-lə mübarizəyə cəmləyərkən, bu durum problem yaratmadı. Ancaq indi lazım olan büdcəni, qanuni çərçivəni verməli olan Senat “Suriyadan nə üçün çəkilmirsiniz?” sualını soruşmağa başlayıb. Buna hər qurum fərqli cavablar verməyə çalışır.
3. İqtidar çətinə düşdüyü zaman uzun müddətdə yaradılan Kürd silahlı gücünü lazım olan vaxtda İrana yaxın milislərlə vuruşdurmağa girişəcəyini rəsmən söylədi. Bu, ilk öncə Senatın Xarici əlaqələr komitəsində İŞİD sonrası dövrdə Suriya siyasətini koordinasiya etməyə məsul olan ən yüksək səviyyəli siyasi şəxs olan Devid Saterfild (David Satterfield) tərəfindən açıqlandı. Daha sonra Konqresin Nümayəndələr palatasında, Milli təhlükəsizlik alt komitəsində and içərək danışan mütəxəssislər (aralarında Sebastian Qorka (Sebastian Gorka) da vardı), uzun müddətdir regionda əməliyyatları davam edən İran İnqilab Keşikçilərinin “Qüds Birliyi”nin komandiri olan Qasım Süleymaninin ən böyük təhdid olduğunu və Amerikanın tətbiq etdiyi sanksiyalara rəğmən, İranın gizli saxlanılan 86 milyard dollarının olduğunu, bunu da regiondakı gücünə xərclədiyini söylədilər. Göründüyü kimi, onlar da İranla mübarizəni ön planda tuturlar.
4. Bunu da mütləq görməyimiz önəmlidir: aralarında Sebastian Qorka kimi Türkiyədən heç xoşu gəlməyən insanların olduğu bu mütəxəssislər belə, ABŞ-ın regionda uzunmüddətli sülh strategiyası olmadığı üçün, başda Türkiyə olmaqla, regionda müttəfiq deyilə biləcək ölkələrlə diplomatiyasının mütləq davam etdirilməsini istəyirlər. Hətta Konqresin Nümayəndələr palatasının alt komitəsində bu məsələ aydın şəkildə söyləndi və uzun müddətdir gözlədilən ABŞ-ın Türkiyə Böyük elçisinin həmən təyin edilməsinin lazım olduğu vurğulandı.
5. Anlayacağınız odur ki, ABŞ qısa müddətdə nələri istədiyini bilir, amma uzunmüddətli bir sülh strategiyası formalaşdıra bilmir. Dəqiq bildiyi tək şey regiondan həmən çıxmasının imkansız olmasıdır. Konqresin Nümayəndələr palatasının Milli təhlükəsizlik üzrə alt komitəsinin sədr müavini, konqresmen Russel deyib ki, “İraqdan sürətlə çəkildiyimiz üçün İŞİD-i əslində biz yaratdıq; indi də eyni səhvi edə bilmərik”. Bu alt komitə İŞİD-in əl-Qaidəyə çevrilmə prosesində olduğunu da təsbit edib. Biz də mövzuları düşünərkən, Afrində Rusiya üçün də əsas problemin bu olduğunu unutmayaq.
Xülasə, təbii ki, Türkiyənin qırmızı cizgiləri vardır və təbii ki, bəzən hər şeyi gözə alaraq müharibə etmək də lazım ola bilər, amma Vaşinqtonda da bir arayışın olduğunu görək. ABŞ-ın bu vəziyyətdə belə Türkiyə ilə dialoq kanallarını açıq tutmaq məcburiyyətində qala biləcəyini də görək. İlk müharibəni bəlkə də uda bilərlər, amma sülhü necə əldə edəcəklərini bilmirlər. Buna görə də Türkiyəyə ehtiyacları olacaq.
6. Bitirmədən bir əlavə də etməliyəm, çünki bu önəmlidir. Dünən də yazdım. Azad Suriya Ordusu təmsilçiləri Vaşinqtonda bir sıra təmaslarda olublar və “Əgər problem İrandırsa, silahları bizə verin, “Öyrət-təchiz et” proqramını yenidən başladın” deyiblər. Bu tələbin regiondakı yeni reallıqla necə uyğunlaşacağı da məlum deyil.
Göründüyü kimi, qeyri-müəyyənlikləri, ziddiyyətləri çox olan mürəkkəb bir durum vardır. Çox adam problemi birtərəfli açıqlamağa çalışır, ancaq əslində bu, çoxməchullu bir qeyri-müəyyənlikdir. Buradakı bəzi təcrübəli insanlar deyir ki, “Belə durumlarda, bir də toqquşma olduğu təqdirdə, işin heç kimin istəməyəcəyi qədər böyüməsi ehtimalı da mövcuddur”.Tərcümə: Strateq