Gürücstanda türk (Azərbaycan) toponimlərinə qarşı savaş açılıb:soydaşlarımız isə “gəlmələr” elan olunub - Araşdırma
Stanislav Tarasov
regnum.ru, 12.01.2018
Yenixeber.org: Bakı və Tiflis arasında ciddi siyasi münaqişə yetişir. 2017-ci ilin dekabrında milli azlıqların məsələləri üzrə Avropa Mərkəzində müəllifi Maria Diyeqo Qordon olan “Nomen Est Omen? Naming and Renaming of Places in Minority Inhabited Areas in Georgia” adlı məruzə təqdim olunub. Bu sənəd Azərbaycanda böyük diqqət doğurub, çünki onda həyəcanlı faktlar qeydə alınıb. Birincisi: Gürcüstan hokuməti milli azlıqların sıx yaşadığı yerlərdə toponimləri məqsədyönlü şəkildə dəyişdirir. İkincisi: dəyişikliyə əsasən türk (Azərbaycan) toponim və hidronimləri məruz qalır və bu siyasət digər milli azlıqlara toxunmayıb. Qeyd edək ki, ekspertlər Cənubi Qafqazda bu cür tendensiyanı çoxdan, az qala, orada müstəqil dövlətlərin – Azərbaycan, Ermənistan və Gürcüstanın meydana çıxdığı andan qeydə alıblar. Lakin bu, Dağlıq Qarabağa görə müharibə durumunda olan Bakı və İrəvan üçün xarakterik idi. İki respublikada toponomika fəal şəkildə dəyişdirilib. Azərbaycan prezidenti İlham Əliyev bu zaman ermənilərin “gəlmə” mənşəyinə işarə edərək Rusiya İmperiyasının həqiqətən də gözəçarpan türk mənşəli toponomika dəstini ehtiva edən topoqrafik xəritəsini tez-tez misal çəkib. İndi azərbaycanlıların Gürcüstan ərazisində ortalığa çıxmasının “gəlmə” xarakteri haqda artıq gürcü tarixçiləri yazırlar, siyasətçilər isə, aydınlaşdığı kimi, birinci il deyil ki, Gürcüstanda azərbaycanlıların özünüeyniləşdirməsini altdan-altdan təftişə məruz qoyurlar.
Azərbaycan kəndində məscid. Gürcüstan
Xatırladaq ki, Gürcüstanda 1990-cı illərin əvvəlində Azərbaycan kəndlərinin adlarının dəyişdirilməsi “tarixi ədalətin bərpası” şüarı altında həyata keçirilib. Bu kampaniya Gürcüstana fars hücumu zamanı azərbaycanlıların 1480-ci illərdə ölkənin cənub ucqarlarında Akstafa çayı, Dəbəd və digər rayonlarında (Qazax, Pambak və Şuragel qrupları) məskunlaşdığını hesab edən gürcü tarixçilərinin hesablamasına söykənib. XVII əsrin başlanğıcında İran şahı I Abbasın dönəmində Dəbəd vadisinə borçalı türk tayfası gəlib və Borçalı bölgəsinə də öz adını verib. 1604-cü ildə burada XVIII əsrədək var olmuş Borçalı xaqanlığı (sultanlığı) qurulub. Mühacirlər yerli kəndlərin anlaşılmaz adlarını türk toponimlərinə dəyişiblər.
Lakin Azərbaycan tarixçiləri bir qədər başqa fikri təqib edirlər: müxtəlif türk tayfaları Gürcüstanın cənubi-şərq bölgələrində hələ eramızdan öncə məskunlaşmağa başlayıblar.
Artıq dediyimiz kimi, Bakı və İrəvan arasında adlar uğrunda savaş başa düşüləndir. Bəs Azərbaycanla Gürcüstanın qarşılıqlı münasibətlərində nə baş verir? Axı iki respublika rəsmi səviyyədə strateji tərəfdaşlıq haqda bildirir, hətta Gürcüstan prezidenti Mixail Saakaşvilinin kadensiyasında (musiqisiz vokal ifa-tərc.) Tiflisdə “Bakı ilə faktiki konfederativ münasibətlər”dən danışırdılar. Bundan savayı, Gürcüstanda ən böyük azlıq icması olan və ölkənin cənub, cənubi-şərq və mərkəzi rayonlarında yaşayan azərbaycanlılar muxtariyyət statusuna heç vaxt iddia etməyiblər. Halbuki Cavaxetiyada erməni muxtariyyətinin yaranması imkanı həm akademik, həm də siyasi səviyyədə müxtəlif vaxtlarda müzakirə olunub. Qordonun məruzəsində Gürcüstanda ancaq türk toponomikasının dəyişdirilməsi tendensiyası qeydə alınıb. Təsadüfdür?
Tarixçilər bilirlər ki, belə şey adların dəyişdirilməsinin yalnız xarici siyasət səbəbləriylə şərtləndiyi, dövlət dərhədlərinin dəyişdiyi və yaxud saxlanmaq istəyi, habelə nominasiya obyektinin milli və yaxud mədəni mənsubluğunu parlaq ifadəli vurğulama cəhdi zamanı baş verir. Gürcüstanda isə ölkənin mədəni eyniyyəti haqda geniş diskussiyaların aparıldığı birinci il deyil. Məlum olduğu kimi, sonralar Azərbaycan, Ermənistan və Gürcüstan respublikalarının formalaşdığı ərazilər XIX əsrin əvvəlində İran imperiyasının tərkibinə daxil idi və müsəlman sivilizasiyası arealında idi. SSRİ dağılandan və müstəqillik qazanılandan sonra Bakı Ankara ilə birlikdə “bir millət – iki dövlət” doktrinasını rəhbər tutub, bu qayda ilə özünün mədəni mənsubiyyətini işarələyib və Tiflislə İrəvanı sərhədyanı və ya ucqar mədəniyyətlər zonasına çıxardıb. Lakin Gürcüstan və Ermənistan AB ilə əməkdaşlığı inkişaf etdirdikcə bu ölkələr özünü şərqi xristian mədəniyyəti, Bizans imperiyasının varisləri kimi qələmə verir. Bir gürcü araşdırıcısının yazdığı kimi, Gürcüstan və Ermənistanın Avrasiya sivilizasiyasının subdominantı olduğu haqda baxış nöqtəsi var. Başqa konsepsiyaların da adını çəkmək olar, lakin onları birləşdirən başlıca məsələ islam, daha dəqiqi, türk dünyasından aralanmaqdır.
Ola bilsin, Tiflisin öz ərazisində toponimlərin təmizlənməsi üzrə siyasətini yalnız bununla izah etmək mümkündür, bu da, əlbəttə, Cənubi Qafqazda formalaşan geopolitik konyunktura, sabit dəyərlər istiqamətinin mürəkkəb və ziddiyyətli axtarışı ilə bağlıdır. Və bu, üstünlük təşkil edən tendensiyadır.
Praktikada isə Bakı və Tiflis arasında strateji tərəfdaşlığın perspektivləri intriqalı çıxır. Gürcüstan Azərbaycanın enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeganə nəqliyyat dəhlizidir. Eyni zamanda Bakı Tiflisin energetik təhlükəsizliyində yeganə zamin rolunda çıxış etsə də, mövqelərini itirə bilər. Lakin bütövlükdə Azərbaycan üçün unikal durum biçimlənir. Dağlıq Qarabağ ərazisində erməniləri “gəlmə” adlandıran azərbaycalıların özləri Gürcüstanda bu cür elan olunub. Savaş hələ xeyli tarixi sirləri olan toponomika meydanında açılır.