Yerevanda gərginlik davam edir
Ermənistanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları polis keşikçi-patrul alayının silahlı dəstə tərəfindən ələ keçirilməsi ilə bağlı vəziyyətin “partlayış təhlükəli həddə” çatdığını bildirir və növbədənkənar parlament iclasını çağırmağı tələb edirlər.
Xeberinfo.com: Onlarla vətəndaş cəmiyyəti təşkilatları birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, polis keşikçi-patrul xidməti (KPX) alayına silahlı hücumdan sonra “ölkədə, xüsusilə Yerevanda, son dərəcə gərgin, partlayış təhlükəli həddə çatmış” vəziyyət yaranıb.
Bəyanat müəllifləri polis tərəfindən “qeyri-mütənasib güc” tətbiq edildiyi və yüzlərlə fəal vətəndaşların tutulub saxlanması və “saxta cinayət işlər” açıldığını bildirir.
“Minlərlə vətəndaş “Sasna tsrer” dəstəsinin tələblərini dəstəkləmək üçün küçəyə çıxıb, çünki sistemli korrupsiya, sosial ədalətsizlik, arası kəsilməyən mühacirət və seçkilərin daima saxtalaşdırılması müsbət dəyişikliyə ümidləri məhv edib”, – bəyanatda deyilir.
“Gərginlik səngimir, prezident isə artıq 11-ci gündür xalqa heç bir söz demir, Milli Məclis və onun xalq nümayəndələri də yay məzuniyyətindən həzz almaqdadır”.
Eyni zamanda ikinci gündür, Ermənistan Milli Məclisinin müxalifətçi üzvü Nikol Paşinyan polis keşikçi-patrul alayının silahlı qrup tərəfindən ələ keçirilməsi ilə bağlı yaranmış vəziyyətlə bağlı növbədənkənar parlament sessiyasını çağırmaq üçün imza toplamağa başlayıb.
Qanuna görə, növbədənkənar parlament iclasını çağırmaq üçün müraciət 44 millət vəkili tərəfindən imzalanmalıdır.
“Silahlı qiyamçılara dəstək” aksiyaları davam edir
Silahlı dəstə tərəfindən ələ keçirilmiş polis keşikçi-patrul xidməti alayı yaxınlığında sakitlikdir. Bu gün yaxınlıqda gəzişən sakinlər polis təqibinə məruz qalmır.
Çərşənbə günü yüzlərlə insan tutulub polis şöbələrinə aparılıb. Xüsusi təyinatlı polis küçədə, yaxın məhəllələrdə dayanan və keçən sakinləri belə saxlayırdı.
Ərazidə toplaşmaq, kütləvi tədbir keçirmək qadağan olunmuşdu. Ona görə “Sasna tsrer” dəstəsinin tələblərini təqdir edən minlərlə insan mitinq keçirmək üçün Yerevanın mərkəzində toplaşdı. Lakin sonradan Azadlıq meydanından Xorenatsi küçəsinin qadağan olunmuş ərazisinə yürüş təşkil etmək qərarına gəldilər.
Nümayişçilər “Azad müstəqil Ermənistan”, “Ölkənin sahibi bizik”, “Serjik, aralan” səsləyərək, balkonlardan boylanan, küçədən keçən sakinləri “rejimə qarşı mübarizəyə” qoşulmağa çağırıdı.
Polis KPX alayı istiqamətində xüsusi təyinatlıların sayını artırıb bir neçə cərgəyə düzülmüşdü, lakin nümayişçilərin yolunu bağlamadı.
Ultimatum
Nümayişçilər hakimiyyət qarşısına “qəti şərtlər” qoydular. İlk növbədə gün ərzində tutulanların, KPX alayını ələ keçirən silahlı dəstə üzvləri və bütün “siyasi məhbusların” azad edilməsini tələb etdilər.
Bundan başqa, nümayişçilər tələb etdilər ki, “Serj Sarkisyan və onun hakimiyyəti istefa verməli, yeni seçkilər təşkil etmək üçün xalq etimadı hakimiyyəti yaradılmalıdır” və cavab üçün hakimiyyətə yarım saat vaxt verdilər.
“Ultimatum”un vaxtı bitdikdən sonra polis polkovniki gün ərzində ərazidə tutulanların buraxıldığını elan etdi.
Lakin sonradan məlum oldu ki, kütləvi aksiya fəallarından bir neçəsi buraxılmayıb, o cümlədən, Gümri “Asparez” jurnalistlər klubunun sədri Levon Barseğyan, “Müəssislər məclisi” təşkilatının üzvlərindən və hakimiyyət nümayəndələri ilə silahlı dəstə arasında danışıqları əlaqələndirən Alek Manukyan.
Nümayişçilər “sabah Azadlıq meydanında toplaşmaq” şərtilə gecə yarısından sonra ərazini tərk etdilər. (BBC azeri)