Bir çox Ermənistan vətəndaşı bu tələbləri dəstəkləyir. Minlərlə insan “Sasna tsrer” dəstəsi üzvlərinin şəkilləri və prezident Serj Sarkisyanın devrilməsi çağırışları ilə mitinq və yürüşlər keçirirlər.
Yerevanda qiyamçıların liderləri həbs olundu- Yenilənib
Məhkəmə İrəvanda polis alayının binasını ələ keçirmiş qiyamçı qrupun üzvü Aram Manukyanın həbs olunması barədə qərar verib.
Xeberinfo.com: Bunu onun vəkili İnessa Petrosyan deyib.
Onun sözlərinə görə, hazırda Aram Manukyan və atası Pavlik Manukyan “Erebuni” tibb mərkəzindədirlər. O, həmçinin bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Şurası Pavlik Manukyanın həbsi üçün sorğu təqdim edib, lakin məhkəmənin nə vaxt keçiriləcəyi məlum deyil.
Hər ikisi Cinayət Məcəlləsinin 219-cu (bina və qurğuların alınması) və 235-ci (odlu silahl və döyüş sursatını qanunsuz saxlama) maddələri ilə ittiham olunur.
Ermənistan Milli Təhlükəsizlik Xidməti “Təsis məclisi”nin üzvü Alek Yeniqomşyanı da saxlayıb.
Xatırladaq ki, Alek Yeniqomşyan ASALA terror təşkilatının üzvüdür, 1980-ci ildə Cenevrədə əlində qumbara partlayıb və o, görmə qabiliyyətini itirib.
***
Yerevanda silahlı qrup tərəfindən 10 gün əvvəl ələ keçirilmiş polis keşikçi-patrul xidməti (KPX) alayı ərazisi yaxınlığında onlarla nümayişçi həbs olunub. Həbslər mitinq iştirakçılarının böyük hissəsi ərazini tərk etdikdən sonra başlanıb.
Xüsusi təyinatlı polis dəstələri iyulun 27-nə keçən gecə təxminən saat 2 radələrində mitinqdən sonra ərazidə qalan nümayişçiləri saxlamağa başlayıb.
Ermənistan polisi informasiya və ictimai əlaqələr idarəsinin məlumatına görə, 64 nəfər saxlanıb polis şöbələrinə aparılıb, 3 saatdan sonra 63 nəfəri sərbəst buraxılıb. Tutulanların arasında qadınlar da olub.
Bir nəfərdə, polis məlumatına görə, revolver tipli tapança aşkar edilib. Lakin “Müəssislər məclisi” hərəkatının nümayəndəsi Alek Yeniqomşyan mətbuat konfransında jurnalistlərə deyib ki, həbs olunan şəxs “Müəssislər məclisinin” üzvü ailəsi ilə evə qayıtdığı zaman polis tərəfindən dayandırılıb və həbs olunub. Yeniqomşyan “silahı onun cibinə polislər atmış olar”, deyib.
Ermənistan insan haqları müdafiəçisi – ombudsman – ofisi həbslərlə bağlı çoxsaylı “həyəcanlı xəbərlər” aldındığını bəyan edib.
Polis, “Sasna tsrer” (Sasunlu cılğınlar) adlanan dəstənin üzvləri tərəfindən ötən bazar günü ələ keçirilmiş KPX alayına gedən Xorenatsi küçəsinin yük maşınları ilə bağladığı hissəsindən başlayaraq, ətraf məhəllələrdə də insanları təqib edib.
Həbslər gün ərzində də davam edib. Ərazidə 3-4 dəqiqədən artıq dayanan şəxslər, ərazini tərk etmək xəbərdarlığından sonra, saxlanıb polis şöbəsinə aparılır. Hətta minik maşınlarını yaxınlıqda saxlamaq qadağan olunur.
Şəhərdə fövqəladə vəziyyət elan olunmayıb, lakin polis bu ərazidə azad hərəkət etməyi və kütləvi aksiyaların keçirilməsini qadağan edir. Artıq bir həftədir, “Sasna tsrer” dəstəsinin müdafiəsinə bu ərazidə axşam saatlarında mitinqlər keçirilir.
“Yaralılar və təslim olanlar”
Həbslərdən əvvəl Ermənistan polisi informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aharonyan Facebook şəbəkəsi ilə məlumat yaymışdı ki, polis KPX binasını ələ keçirmiş silahlı qrupun iki üzvü – Qaqik Yeğiazaryan və Aram Hakobyan – polisə təslim olublar.
Polis rəsmisinin Facebook yazısına görə, sözügedən ərazidə “atışma nəticəsində bir polis nəfəri, eləcə də (silahlı dəstənin liderlərindən biri) Pavel Manukyanla onun oğlu Aram Manukyan yaralanıb, xəstəxanaya çatdırılıb”.
Yaralılara Erebuni tibb mərkəzində cərrahiyə əməliyyatı edilib. Polis əməkdaşının vəziyyəti yüngül, Manukyanların vəziyyəti stabil ağır kimi qiymətləndirilir.
Bundan bir gün əvvəl polis tərəfindən silahlı qrupun daha iki üzvü xəsarət alıb. Hamısı ayaqlarından yaralanıb.
Aşot Aharonyan daha bir dəstə üzvünün yaralandığını bildirib, lakin “silahlı qrupun üzvləri ona tibbi yardım göstərmək təklifini qəbul etməyiblər”.
Aharonyanın sözlərinə görə, “silahlı dəstənin təslim olması prosesini başa çatdırmaq istiqamətində danışıqlar davam edir”.
Lakin “Müəssislər məclisi” hərəkatının Facebook qeydinə görə, polis rəsmisinin məlumatı qismən həqiqətə uyğundur. Atəş polis tərəfindən açılıb və yaralı Pavel Manukyan, onun oğlu və təslim olduqları bildirilən dəstənin iki üzvü “polis tərəfindən oğurlanıb”.
Hazırda KPX alayı istiqamətində Xorenatsi küçəsinin yük maşınları ilə bağlı hissəsində “qırmızı beretli” xüsusi təyinatlı polis dəstəsi keşik çəkir. Ərazidə jurnalistlərdən başqa heç kəs yoxdur.
“Sasna tsrer” dəstəsi, “Müəssislər məclisi” hərəkatı və onların tərəfdarlarından ibarət silahlı qrup Yerevan polis KPX alayı binasını iyulun 17-də ələ keçirib.
Onlar “Müəssislər məclisi” radikal müxalif hərəkatın lideri Jirayr Sefilyanın və başqa siyasi məhbus hesab etdikləri fəalların həbsdən azad edilməsi və Ermənistan prezidentinin istefasını tələb edirlər.
Yerevanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirən silahlılar təcili tibbi yardım briqadasını girov götürüb.
Yerevanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirən silahlılar təcili tibbi yardım briqadasını girov götürüb.
Bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan Facebook səhifəsində yazıb.
“Bu gecə polis binasını ələ keçirən silahlı qrupun iki üzvünün yaralanmasına dair məlumat yayılıb. Hüquq-mühafizə orqanları onlara yardım edilməsini təklif edib, lakin qarşı tərəf rədd cavabı verib. Daha sonra onların qohumları həkim göndərilməsi üçün müraciət ediblər. Bir qədər sonra isə silahlı qrup yaralının vəziyyətinin ağır olduğunu bildirərək həkim tələb edib. Binaya gələn həkimlər silahlılar tərəfindən girov götürülüb”, – deyə Aşot Aqaronyan qeyd edib.
Məlumatda o da deyilir ki, müvafiq qurumlar həkimlərin danışıqlar yolu ilə azad olunması üçün tədbirlər görürlər.
***
Polis alayının binası qarşısında silahlıları dəstəkləyən 30-dək etirazçı saxlanılıb.
Onların arasında uşaqlar, qadınlar, qocalar və “Asparez” qəzetinin redaktoru Levan Barseqyan da var. Bundan başqa, qiyamçılardan Aram Akobyan da güc strukturlarının əlinə keçib.
Polislər Ermənistan prezidenti Serj Sarkisyanın istefası tələbinin əks olunduğu plakatları cırıblar.
Xatırladaq ki,ötən gecə atışma nəticəsində silahlı qrupun 4 üzvünün yaralandığı və iki üzvünün polisə təslim olduğu bildirilib.
***
Yerevanda polis polkunu ələ keçirilən üsyançılara dəstək aksiyasına on minlərlə insan gəlib. Məlumata görə, irimiqyaslı etiraz aksiyası bu dəqiqələrdə Xorenatsi küçəsində davam edir.
Ermənistan polisi əvvəlcədən xəbərdarlıq etmişdi ki, nümayiş keçirməyə cəhd olsa, qarşısı alınacaq. Amma yürüşə qoşulanların sayı, gec olmasına baxmayaraq, hər saat artmaqdadır.
***
Yerevanda patrul xidməti alayının binasını zəbt etmiş qiyamçılara dəstək məqsədilə Xorenatsi küçəsində keçirilən aksiyaya toplaşan müxalifət təmsilçiləri Ermənistanın kiçik mərkəzi hesab oluna ərazidə yürüşə başlayıblar.
Etirazçılar Milli Təhlükəsizlik Xidmətinin və Ermənistan Polisinin yerləşdiyi Nalbandyan küçəsi ilə hərəkət edərək Respublika Meydanını keçmək və yenidən Xorenatsi küçəsinə qayıtmaq istəyirlər.
***
Ermənistanın ən məşhur müğənni və bəstəkarlarından biri Ruben Haqverdyan üsyançıları dəstəkləyib.
R.Haqverdyan deyib: “Mən bir şeyi bilirəm: Serjik Sarkisyanı hakimiyyətə Rusiya xüsusi xidməti gətirib və bu gün də əlindən gələni edir ki, onu postunda saxlasın. Sarkisyan da əvəzində xalqımızı məhv edib, Ermənistanı Rusiyanın poliqonuna çevirmək istəyir”.
* * *
Yerevanda qiyamçılar tərəfindən ələ keçirilmiş polis polku alayı ətrafına içərisində güc strukturlarının xüsusu qüvvələrinin olduğu 5 avtobus gətirilib.
Şahidlər qiyamçılara qarşı xüsusi əməliyyatın keçiriləcəyini istisna etmirlər.
Bu arada Ermənistan Polisinin keçmiş rəhbəri Aşot Manuçaryan sensasiyalı bəyanatla çıxış edib. Onun sözlərinə görə, üsyançılar və hakimiyyət orqanları arasında danışıqlarda vasitəçi Qarabağ separatçılarının keçmiş lideri Arkadi Qukasyan ola bilər.
Erməni polisi də öz növbəsində bəyanat yayaraq xəbərdarlıq edib ki, Xorenatsi küçəsində təkrar mitinqlərə cəhd olsa, buna imkan verməyəcəklər.
* * *
Ermənistan Milli Təhlükəsizlik Xidməti bu dəqiqələrdə xüsusi bəyanat yayıb.
Bəyanatda deyilir: “Silahlı qruplaşmanın cinayətkar davranışları getdikcə bütün sərhədləri keçərək daha təhlükəli xarakter alır.
Ermənistan Polisinin patrul-mühafizə alayının binasını nəzarətdə saxlayan silahlı qruplaşma üzvləri yeni cinayətlər törətməməklə bağlı çoxsaylı çağırışların əksinə olaraq hüquq-mühafizə orqanları əməkdaşlarının həyat və sağlamlığına qəsd etməyə, onların əmlakını məhv etməyə davam ediblər. Məhz onların hərəkətlərinin nəticəsi idi ki, iyulun 26-na keçən gecə atışma baş verdi və qan töküldü.
Cinayətkar qrupun niyyətləri və fəaliyyətləri barədə məlumatlı olduğumuz üçün xəbərdarlıq edirik: İnsanların həyat və sağlamlığına olan bütün təhdidlər qanuni cavab tədbirləri ilə dərhal neytrallaşdırılacaq”.