HEYKƏLLƏRƏ QARŞI İRİMIQYASLI "MÜHARİBƏ"... - Britaniyada nələr baş verir?+ FOTOLAR
Mayın 25-də ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floyd polis tərəfindən həbs edilərkən vəfat edəndən bəri, dünyanın bir çox şəhərlərini antiirqçilik etirazları bürüyüb.
Yenixeber.org: Bu mənada ABŞ-la birbaşa tarixi bağlılığı olan Britaniya xüsusilə diqqəti cəlb edir. Londonda başlanmış izdihamlı etiraz yürüşünün ardınca, iyunun 7-də “Qaraların da ömrü qiymətlidir” adlı hərəkatın fəalları İngiltərənin Bristol şəhərində Edvard Kolston adlı tarixi şəxsiyyətin heykəlini əvvəlcə yıxıb, sonra isə dənizə atıblar. Buna səbəb 17-ci əsr taciri Kolstonun qul ticarəti ilə məşğul olmasıdır.
O "Royal African Company" (RAC) şirkətinin sahibi kimi 1672 və 1689-cu illər arasında Qərbi Afrikadan Karib hövzəsinə və Amerika qitəsinə 100 min qaradərili insanı nəql edib. Qulları daşıyan gəmilər çox vaxt ağzınadək doldurulduğuna görə on minlərlə insan elə yollarda ölüb.
“Yıxılmalı heykəllərin xəritəsi”
Kütlənin “irqçı heykəllərə” qarşı hərəkəti rəsmilər tərəfindən ümumən sakit qarşılanıb. Məsələn, London şəhərinin leyborist meri Sadiq Xan dərhal elan edib ki, Britaniya paytaxtındakı bütün heykəllər siyasi baxımdan nəzərdən keçiriləcək. Lakin etirazçılar rəsmilərin heykəlləri təftiş etməsini gözləmək fikrində deyillər.
Britaniya mətbuatının yazdığı kimi onlar bir çox hallarda qədim heykəllərin hökmlərini özləri verirlər.
Devon şəhərində qul taciri Fransis Drakein iki heykəlinin sökülməsi üçün imza toplanmasına başlanıb. Edinburq şəhər bələdiyyəsinin başçısı Adam Makvey əgər Henri Dundasın heykəli götürülərsə, heç bir təəssüfüm olmaz deyib.
Qraf Dundas quldar olmayıb, amma o, 18-ci əsrdə müxtəlif nazir postları tutub və quldarlığın ləğvi barədə qanunun qəbulunu gecikdirənlərdən biri hesab olunur.
Uelsdə Kardif şəhəri bələdiyyəsinin başçısı Hau Tomas bəyan edib ki, o 19-cuəsrin ən qəddar quldarlarından biri olmuş lord Tomas Piktonun heykəlinin demontaj edilməsinə çağırışları dəstəkləyir.
Britaniyada özünü Trampı dayandıraq koalisiyası adlandıran fəallar “İrqçiləri yıxaq” adlı xəritə tərtib ediblər."The Daily Mail" yazır ki, bu xəritəyə ölkənin müxtəlif şəhərlərində “yıxılmalı olan” 78 heykəl daxil edilib.
Əfsanəvi baş nazir - Çörçil
Lakin son günlərdə irqçiliyə etiraz bildirənlər indiyədək Britaniyada “müqəddəs” və ya “toxunulmaz” sayılan şəxsiyyətlərin də heykəllərinə vandalizm hücumları ediblər. Ötən həftəsonu Britaniyanın əfsanəvi baş naziri Uniston Çörçilin parlament meydanındakı heykəlinə hücum edilib.
Heykəlin ətrafına toplaşanlar “Çörçil də irqçı olub” deyə qışqırırdılar. Yeri gəlmişkən, onlar heykəlin postamentinə elə bu sözləri yazıblar. Lakin bəzi qəzetlərin yazdığına görə elə həmin gecə bir neçə könüllü II Dünya Müharibəsinin qalib liderlərindən biri olmuş şəxsin heykəlini boyalardan təmizləməyə başlayıb.
Bu hadisəyə sosial şəbəkələr də birmənalı reaksiya verməyib və yenə də media xəbərlərinə görə belə hücumlardan sonra etirazçıların sıraları bir xeyli seyrəlib. Bir çoxları belə ağına-bozuna baxmadan bütün abidələrə hücum edilməsinə qarşı səslərini ucaltmasalar da, sakitcə çıxıb gedirlər.
Etirazçılar Çörçilin bir sıra başqa xalqların nümayəndələri haqqında dediyi alçaldıcı sözlərə, 3 milyon hindlinin qırıldığı Benqal aclığına və bir çox başqa hadisələrə görə ittiham edirlər.
"Sky News" saytı yazır ki, Çörçil etirazçıların siyahısında olan yeganə baş nazir deyil. Hədəflənən heykəllərin arasında baş nazirlər Vilyam Gladstone və Robert Pil, hətta məşhur dəniz kapitanı Ceyms Kuk da var.
Zimbabveni yaradan quldar
Yıxılması istənilən heykəllərin bəziləri tarixi binaların memarlıq ansamblına daxildir və dövlət tərəfindən qorunur.İyunun 10-da Oksford Universitetinin Oriel Kollecinin qarşısında da etiraz olub. Bura toplaşanların əllərində “Cecil Rodes yıxılmalıdır!” şüarı vardı.
Onlar Rhodesin universitetin divarındakı heykəlinin uçurulmasını tələb edirdilər.Əslində eyniadlı hərəkat 2015-ci ildə Cənubi Afrikanın Keyp Taun Universitetində başlanıb.
Britaniyalı biznesmen, dövlət xadimi Rodes 1890-1896-cı illərdə Keyp koloniyasının ilk baş naziri olub. O əslində hazırda Zimbabve adlanan, əvvəllərsə onun şərəfinə Rodeziya adını daşımış müstəmləkənin əsasını qoyub. İyunun 9-da Londonun Tauer Hamlets rayonunda Robert Milliganın da heykəli demontaj edilib.
Robert Milligan da 18-ci əsr quldarlarından idi və Yamaykadakı şəkər plantasiyasında 526 qul işlədirdi.
Kraliça Viktoriya da hücuma məruz qalıb
"The Mirror" qzəeti yazır ki, heykəl müharibəsi artıq kraliça Viktoriyanın abidəsinə də çatıb. Lids şəhərinin Hayd Parkındakı Viktoriya abidəsinə rəng atılıb, abidənin üstündə çoxlu qraffitilər yazılıb. Kraliça Viktoriya taxta 1837-ci ildə çıxıb. O vaxt artıq 4 il idi ki, quldarlıq ləğv edilmişdi. Amma onun 63 illik hakimiyyəti ərzində Britaniya imperiyasının sərhədləri, xüsusən də Hindistan və Avstraliyanın hesabına genişlənib.
"The Guardian" yazır ki, ölkə boyunca heykəllərə qarşı hücumlar Britaniyanın siyasi partiyaları tərəfindən birmənalı qarşılanmayıb.
Daha çox yerli elektorata bel bağlayan hakim Mühafizkar Partiyasının rəsmiləri şərh verməyə tələsmirlər.Elektoratında daha çox etnik azlıqlar olan müxalif Leyborist Partiyası əsasən etirazçılarla həmrəylik ifadə edir. Lakin leyboristlərin yeni lideri Keyr Starmer deyib ki, "əlbəttə, 21-ci əsrdə şəhərlərin küçələrində quldarların heykəllərinə yer olmamalıdır”. Amma siyasətçi təklif edir ki, bu heykəllər səliqə ilə götürülərək, məsələn, muzeylərdə qoyula bilərdi. Belə görünür ki, Britaniyada baş verən bu ziddiyyətli hadisələr hələ tezliklə səngiməyəcək.
Bəzi xəbərlərə görə etirazçılar artıq “quldarların” və “irqçilərin” adlarının pablardan, küçələrdən və parklardan götürülməsini tələb edirlər. (Azadliq)