Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Tiflis, Balakən, yoxsa Şuşa… – "QUYRUQLU ULDUZ" İLİNDƏ DOĞULMUŞ XACƏ ŞAHIN QƏBRİ HARDADIR?

Əziz Rzazadə

Strateq.az

 

Yenixeber.org: Mütaliəni ən yaxşı asudə vaxt sərfi hesab edənlər, yəqin ki, “Xacə şah” romanını oxuyublar. Rəvan dili və axıcı təhkiyəsi ilə adamı valeh edir. Birnəfəsə oxunur. Mütaliədən yorulub kitabı kənara qoyanda da fikrini ondan ayıra bilmirsən. “Görən sonra nə olacaq?” deyə, ya işlərini becid tamamlamaq istəyir, ya da səhərin tez açılmasını arzulayırsan.

Qacar xanədanının iki üzvü bəxt sarıdan qısırdır. İlki – Ağa Məhəmməd xan və sonuncusu – Əhməd şah.

Biri – 11 yaşında axtalanıb; digəri – 12 yaşında könülsüz taxta çıxıb.

Mənbələr yalan danışa bilər, amma onlara etibar etmək məcburiyyətindəyik.

Qacar nəslinin ilk təmsilçisi və xanədanın təsisçisi barədə köhnə yazılara, kənarları ovulan, saralıb-solmuş vərəqlərə baxdıqda, adının iki cür yazılış qaydasını görəcəksiniz.

İlk sözün – “Ağa”nın ikinci hərfi ya “qaf”la (آقا) , ya da “ğayn”la (آغا) həkk olunur.

“Xacə şah” romanının başlanğıcı yadınızdadır, göydə “quyruqlu ulduz”un görünməsi epizodu ilə başlayır. Demə, müəllifin – Jan Gevrin təxəyyül məhsulu deyilmiş: salnaməçi Xacə Tacdarın kitabında gələcək şahın Halley kometinin Yer kürəsinin yaxınlığından keçdiyi gecə doğulduğu qeyd olunub və məhz buna görə adının əvvəlinə “Ağa” (آقا) kəlməsi qoyulduğu iddia edilir.

Doğrudur, astronomlar kometin 26 oktyabr 1742-ci il deyil, 1758-də planetimizin yaxınlığından keçdiyini deyir. Ola bilsin ki, bu başqa “quyruqlu ulduz” olub. Ya də doğum tarixi səhvdir.

Yeri gəlmişkən, Məsihin doğumunu xəbər vermiş ulduzun da Halley kometi olduğu düşünülür. Yəni “quyruqlu ulduzlar” Şərqdə həmişə tarixi çevrilişlər, yeniliyin başlanğıcı və dahilərin doğumu kimi qavranılır.

Qacarın adındakı ilk sözün ikinci yazılış tərzi (آغا) barədə isə mənbələr bunu deyir: “Ağa Məhəmməd xan evlənməzdən əvvəl nişanlısına təcavüz etdiyi üçün cəza olaraq Nadir şahın varisi Adil şah tərəfindən qaçırılıb və axtalanıb”.

Yaxud: “Ağa Məhəmməd xan 11 yaşında çox yaraşıqlı olub, Məşhəd hökmdarı Adil şahın xanımlarından biri ilə zinakarlıq etdiyindən Mahmud Əfqan onu axtalayıb”.

Hətta bu da deyilir ki: “O, əsir düşən Lütfəli xan Zəndin oğlunu da axtalayıb”.

Ağa Məhəmməd xan Qacarın zalım, qaniçən, rəhmsiz obrazı, məncə, yetərindən artıq tündləşdirilib. Zəmanəsində (özündən əvvəl və elə indilərdə də) qılıncının qəbzəsindən belə qan daman azmı hökmdar olub?!

Mənbələrdə deyilir ki: “Müharibədə şiddətli bir insan olsa da, təqsirkar olduğu sübuta yetirilməyincə heç kimin cəzalandırılması əmrini verməzdi. Hətta bəzən təqsirləndirilən şəxsləri özü dindirirdi. Təbrizdə sui-qəsdçilər onu öldürmək istədikdə, bəylərbəyi qəsdi faş etdi. Qacar padşahı özü müttəhimlərin hər birini sərbəst şəkildə dindirir və etiraf etdiklərindən sonra cəzalarını müəyyənləşdirirdi. O, bəylərbəyiyə min tümən bəxşiş verdi və vədinə uyğun olaraq, yalnız sui-qəsd təşkilatçılarını edam və sıravi iştirakçıları əfv etdi, halbuki sonuncuların Qacarı öldürmək istəkləri tam sübut olunmuşdu”.

Tehranın Vəramin məhəlləsindəki bu ağac Ağa Məhəmməd şah Qacarın müvəqqəti tacqoyma mərasiminin keçirildiyi yerdir. Sonradan Azərbaycana yürüşü zamanı Muğan düzündə əsl tacqoyma mərasimi keçirilib.

Qacar səltənətinə ilk ayaq açmış avropalılardan biri – Ser Con Malkolm yazır ki: “Ağa Məhəmməd xan Qacar şəriətə hörmət və ehtiramla yaşayırdı və zahirən müqəddəs idi. Gün ərzində çox məşğul olsa da, hər gecə namaz qılar və dua edirdi”.

Bu, uydurma deyil. Anası Ceyran xanımdan oxumağı və yazmağı öyrənmiş Ağa Məhəmməd xan Quran hafizi idi. 13 yaşında atası Məhəmmədhəsən xanın ən yaxşı oxçularından biri sayılır, atasının kəşfiyyat dəstəsinə rəhbərlik edidi. Onun mətin döyüşçü simasına şairanə cizgilər yaraşdırmaq kiməsə bəlkə də qəlp görünə bilər. Amma əksər salnaməçilər yazır ki, “…çox kitab oxuyan bir insan idi və ömrünün sonuna qədər bu aludəsini tərk etmədi. Düşmənləri bunu xacəliyi və bekarçılıq səbəbi hesab edirdi, lakin o, kitabxanasını hətta hərbi yürüşlərə aparırdı. Şeyx Əli Təcrişidən uzun illər fəlsəfə öyrənmişdi. Fars, türk, ərəb və rus dillərini mükəmməl bilir, fransızca danışırdı”.

“Fransa” demişkən, başqa bir maraqlı fakt Napoleonun Fətəli şaha yazdığı məktubda sələfi Ağa Məhəmməd şahı tərifləməsidir: “Yalnız Məhəmməd şah, fikrimcə, padşaha layiq yaşayıb və Xosrovanə düşüncə ilə İranın çox hissəsini fəth edərək hökmranlığını qurub; fəthindən qazandığını sizə əmanət verib”.

“Qarabağnamə”lərin hamısını oxumuş və özünü tərifləmək olmasın, tükü-tükdən seçən bir oxucu kimi bir məsələ mənə heç vaxt rahatlıq verməyib: 17 iyun 1797-ci ildə Şuşa qalasında öldürülən Ağa Məhəmməd xan Qacarın nəşi harada və necə dəfn olunub? Çünki “Qarabağnamə”lər bizə fərqli mənzərələr təqdim edir.

Mirzə Adıgözəl bəyin “Qarabağnamə”sində bu sətirlər var: “Ağa Məhəmməd şahın başını da Məhəmmədrəfi bəylə Balakənə göndərdi. Behiştlik İbrahim xan, Ağa Məhəmməd şahın təhlükəsindən asudə olunca, onun başını bir sovqat kimi Gürcüstan valisinə yolladı…”

Mirzə Yusifin qeydi: “Məhəmməd bəy Ağa Məhəmməd xanın başını Məhəmmədrəfi bəyin yaxın adamı ilə Balakənə, İbrahim xana göndərdi. Həmin xan da onun başını bir əyləncə kimi valinin tamaşasına çıxartdı…”

Bu dürlü qeydlərdən başın Tiflisdə və ya Balakəndə dəfn edildiyi gümanı yaranır. Xan sarayının vəziri olmuş Mizə Camalın “Qarabağnamə”sində də bu qeyd mövcuddur: “Ağa Məhəmməd şahın kəsilmiş başını öz məktubu ilə birlikdə qədim xidmətçilərindən birinin vasitəsilə Balakənə, mərhum İbrahim xanın yanına göndərdi. Şahın başı İbrahim xanın hüzuruna çatdıqda, onun öldürülməsi hamıya yəqin oldu. Nəcabətin və ehtiramın tələbinə görə, şahın başını tam bir hörmətlə, qüsl və kəfən etdirib, lazımi dini mərasim qaydalarını bilən yaxşı mötəbər mollalarla Cara göndərərək, o yerin böyük adamlarının qəbiristanlığında dəfn etdirdi”.

Amma sonrakı qeydlərdə deyilir: “Qarabağ vilayətinin vəziyyəti olduqca çətin olduğundan, ətrafı isə düşmən və bədxahlar bürüdüyündən, İbrahim xan mülayimlik etməyi məsləhət bilərək, Ağa Məhəmməd şahın cənazəsini böyük ehtiramla Tehrana göndərdi. Fətəli şah İbrahim xanın belə hərəkətini özü üçün xoşbəxtlik sanıb, onun adamların xələt və ənamla geri qaytardı…”

Belə olan halda, Ağa Məhəmməd xan Qacar konkret harada dəfn olunub?

Mənbələr buna aydınlıq gətirir: “Əvvəlcə onu Şuşa qalasında basdırdılar, ancaq qardaşı oğlu Fətəli şah taxta çıxdıqdan sonra Ağa Məhəmməd xanın cəsədini Tehrana gətirtdi və hicri 26 cəmadiəl-əvvəl 1212-ci ildə Nəcəfül-Əşrəfdə dəfn olunmasını əmr etdi. Şah hz. Əlinin (ə) türbəsində, zərihin baş tərəfində, 7 zər (dirsək – təxminən 50 sm) məsafədə basdırıldı”.

Jan Gevr yazır: “Qacar xanı dindar adam idi. Heç vaxt namazının vaxtını ötürməmişdi. Başqa məzhəbdə olanlara güzəşt edərdi, heç kimin haqqı yox idi ki, isəviləri və musəviləri incitsin. Bu qanunu tapdalayanlar şiddətli cəzalanırdılar. Ağa Məhəmməd şah Qacardan qabaq onların yağışlı günlərdə evdən bayıra çıxmağa ixtiyarları yox idi. Ağa Məhəmməd şah ətrafdakıları başa saldı ki, İslam dinində məsihilər və yəhudilər murdar deyillər, ona görə ki, onlar da Allahı tanıyıb, ona pərəstiş edirlər. Yağışlı günlərdə onlar evlərindən çıxıb öz işləri ilə məşğul ola bilərlər. Ağa Məhəmməd şahdan qabaq musəvilərin öz məbədlərində uca səslə Tövrat oxumağa icazəsi yox idi. Hər kim uca səslə Tövrat oxusaydı, ağır cəza verirdilər. Ağa Məhəmməd şah Qacar icazə verdi ki, onlar Tehranda sinaqoq tikdirib, uca səslə Tövrat oxusunlar…”

Məndən bu qədər, kitab oxuyun. “Hellas” yox, “Xacə şah”…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam