Novruz Məmmədovun istefasının PƏRDƏARXASI: - Sabiq baş nazir hansı kriteriyalara uyğun gəlməyib?
2018-ci il aprelin 21-də baş nazir təyin olunan Novruz Məmmədovun cəmi ilyarım sonra postunu təhvil verməsi ciddi səbəblərə dayanır.
Yenixeber.org: Prezident Administrasiyasının şöbə müdiri vəzifəsini tutan Novruz Məmmədovun ötən ilin yazında baş nazir təyinatı cəmiyyətdə müxtəlif reaksiyalarla qarşılanmışdı. Bununla belə, onun və yenilənmiş kabinənin ardıcıl qaydada zəruri islahatları həyata keçirəcəyinə müəyyən inam vardı. O baxımdan, Məmmədov ölkənin yeni iqtisadi strategiyasının əsas icraçılarından biri kimi nəzərdən keçirilirdi.
Lakin geridə qalan ilyarımlıq müddət açıq göstərdi ki, prezident İlham Əliyevin təşəbbüsü ilə vüsət alan yeni sosial-iqtisadi xarakterli islahatlar məhz bürokratik sistemdə kök atmış sovet təfəkkürlü məmurların yarıtmazlığı ucbatından yetərli sürət yığa bilmir.
Ali hakimiyyətin yeniliyə yönəlik addımları icra strukturları tərəfindən alqışlansa da, dövlət qurumlarında yer tutan və müasir dövrün çağırışlarını qiymətləndirmək iqtidarında olmayan məmurlar dövrün tələbinə qətiyyən cavab vermirdilər. Görünür, məhz bu səbəbdən, Azərbaycan iqtisadiyyatında idarəetməni effektivləşdirmək məqsədilə rəqəmsal iqtisadiyyat və qlobal proseslər haqqında dolğun təsəvvürləri olan yeni kadrların iş başına keçirilməsi zərururəti yaranıb.
Son bir ildə yüksək vəzifələrə yeni təyinatlar ölkə prezidentinin Azərbaycanı perspektivdə inkişaf etmiş dövlətlərin sırasına çıxaracaq köklü islahatların həyata keçirilməsində sona qədər qətiyyətli olacağının göstəricisi kimi qiymətləndirilir. Bu məqsədə nail olmaq üçün bütün sahələrdə – gömrük sistemindən tutmuş vergilərə qədər zəruri islahatların aparılması qaçılmaz idi. Yetərincə gənc kadrların vergilər, kənd təsərrüfatı, rabitə nazirləri postuna gətirilməsi ölkənin inkişafının ali rəhbərlik üçün dəyişməz prioritet olduğunu təsdiqləyir.
Lakin islahatların arzulanan tempdə getməməsi, böyük sərmayə yatırılmış miqyaslı layihələrin icrasında “axsamalar” istənilən nəticələrin əldə olunmasına imkan vermirdi. Eyni zamanda, Məmmədov baş nazir postunu tutduğu son ilyarımda da praktik olaraq, Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri qismində həyata keçirdiyi fəaliyyətlə məşğul oldu. O, xarici qonaqlarla görüşür, əl sıxır və kameralara gülümsər görüntülər verməklə kifayətlənirdi. Vəzifə yüksəlişi onun xeyrinə olmuşdu. Daha geniş kabinet və əvvəlkindən xeyli yüksək maaş…. Daşıdığı vəzifənin adı da olduqca cazibədar idi: Baş nazir!
Lakin mütləq şəkildə qeyd olunmalıdır ki, Məmmədovun baş nazir kreslosunu tərk etməsinin səbəbləri sırasında hansısa “çarpıcı” məqam yoxdur. Konkret desək, Məmmədovun dövlətə və aid olduğu komandaya sədaqəti heç kimdə şübhə doğurmur. O, hər zaman özünün də içində olduğu sistemə sədaqətlə xidmət edib. Seçilmiş siyasi kurs sakit, təmkinli və ambisiyasız Məmmədovun tam ürəyincə idi. Eyni zamanda, o da bu sistem üçün çox əlverişli fiqur hesab olunurdu.
Lakin bir “amma” olmasaydı… Bu “amma” isə onun dövrün sürətilə ayaqlaşa bilməməsidir. Müasir dünyanın tələbləri başqadır. Qlobal aləmdə enerjili, beynəlxalq iqtisadiyyatın incəliklərini və texnologiyalarını bilən gənc kadrlara ehtiyac getdikcə artır və “köhnə nəsil” təmsilçilərinin onlarla rəqabətə girmələri sadəcə, imkan xaricindədir. Hər halda, göründüyü qədər, Məmmədovun “belə gəlib, belə də gedəcək” yanaşması özünü doğrultmadı.
Çağdaş dünyada hökumətlərin formalaşdırılması inzibati-amirlik qaydalarının möhkəmləndirilməsi yox, siyasi-iqtisadi sistemin işləkliyini və vətəndaşların rifahını təmin etmək məqsədi daşıyır,…
Azərbaycanda da hökumətin və dövlət idarəetmə aparatının dünya standartlarına uyğun şəkildə formalaşdırılmasının zamanı yetişib. Ona görə də, bütün mütərəqqi yeniliklərin qarşısında kötük kimi dayanan sovet təfəkkürlü bürokratların istefaya göndərilməsi və gənc kadrların yolunun açılması labüddür. Əks halda, icra hakimiyyəti strukturlarının fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olmaq və qarşıya qoyulan məqsədlərə çatmaq çox çətin görünür.
”Yeni Çağ”