Tanınmış hərəkatçı-hüquqşünası iş adamı ofisində qətl etdi - Tovuzda şok olay
Sabiq nazir müavini ilə qohum olan iş adamı sabiq məhkəmə sədrini güllələdi; kriminal olayın təfərrüatı...
Yenixeber.org: Tovuz rayon məhkəməsinin sabiq sədri Firudin Ələkbərli dünən odlu silahdan açılan atəşlə öldürülüb. Sabiq məhkəmə sədrini onun öz həmyerlisi, rayonda tanınan iş adamlarından olan Əli Şəmiyev qətlə yetirib. Baş vermiş hadisə ilə bağlı bir neçə versiya var.
Bilinən odur ki, tərəflərin son 5-6 aya qədər normal münasibətləri olub. Sonradan isə tərəflər arasında nifaq düşüb. Firudin Ələkbərli və Əli Şəmiyev arasında mübahisə rayon ərazisində fəaliyyət göstərən, sonuncuya məxsus restoran-saunada natəmizliyin olması və restoranın çirkab sularının çaya axıdılmasına qarşı sabiq sədrin sərt münasibət göstərməsi olub. Belə ki, Firudin Ələkbərli dəfələrlə restorandakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına və aidiyyəti idarələrə şikayət məktubu ünvanlayıb. Bundan başqa, Firudin Ələkbərli restorandakı vəziyyətlə bağlı Tovuz Rayon Məhkəməsinə iddia verib.
Məhkəmədə keçirilən proses zamanı hakim Əli Şəmiyevin xeyrinə qərar çıxarıb. Bundan sonra tərəflər arasında münasibətlər daha da gərginləşməyə başlayıb və onlar bir neçə dəfə mübahisə ediblər. Sonuncu görüş zamanı tərəflər yenidən mübahisə ediblər. Hadisə şahidləri “Report”un yerli bürosuna bildiriblər ki, Əli Şəmiyev Firudin Ələkbərlidən bir daha onun barəsində şikayət etməməyi tələb edib. Firudin Ələkbərli isə ölənə qədər ondan əl çəkməyəcəyini deyib. Bu zaman Əli Şəmiyev üstündə gəzdirdiyi TT markalı tapança ilə ona tərəf bir neçə dəfə atəş açıb. Güllələrdən 3-ü Firudin Ələkbərliyə dəyib. Ağır xəsarət alan Firudin Ələkbərli xəstəxanaya çatdırılsa da, kəskin qanitirmədən dünyasını dəyişib.
Firudin Ələkbərlinin güllələnməsi ilə bağlı digər bir versiyaya görə o, vaxtilə Əli Şəmiyevə vəkillik edib. Lakin xidmətinə görə Şəmiyev ona ödəməli olan 5 min manatı verməyib. Buna görə tərəflərin arasında dəfələrlə mübahisə olub, sonuncu mübahisə isə qan tökülməsi ilə başa çatıb.
Axar.az isə rayondakı mənbəyə istinad edərək xəbər verir ki, təxminən 5-6 ay əvvəl özünü jurnalist kimi təqdim edən 3 nəfər Əli Şəmiyevin otelinə gedərək, ərazidə göl salınmasının düzgün olmadığını bildirib. Həmin 3 nəfərdən biri də Firudin Ələkbərli olub. Firudin Ələkbərlinin gölün içməli su hövzəsinin üstündə olduğunu əsas gətirərək, Əli Şəmiyevdən qeyri-qanuni fəaliyyətinə görə pul tələb etdiyi deyilir. Hətta Firudin Ələkbərli dəfələrlə sözügedən məsələ ilə bağlı ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıb. Əli Şəmiyev isə qeyri-qanuni fəaliyyət göstərmədiyini bildirərək, pul verməkdən imtina edib.
“Sabiq məhkəmə sədri Ələkbərli Əli Şəmiyevi o həddə çatdırıb ki, iş adamı bezib və onu güllələyib”, - mənbə bildirib. Mənbənin sözlərinə görə, Firudin Ələkbərlinin vaxtilə iş adamına vəkillik etdiyinə görə ala bilmədiyi 5 min manatın müqabilində aralarında problem yaranması haqda yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bilinən odur ki, Firudin Ələkbərlini qətlə yetirən Əli Şəmiyev bir neçə məmurla yaxın qohumdur. Bu haqda redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Əli Şəmiyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəhbəri Arif Əsgərovun qudasıdır. Restoranı, oteli, gölləri və digər biznes obyektləri var. O, vaxtilə Tovuzda nəqliyyat idarələrində rəis vəzifələrində çalışıb. Əsasən Rusiyada yaşayan Əli Şəmiyev Tovuzun dağ kəndlərindən birində kəndi su ilə təmin edən bulağı həyətinə yönləndirib və orada özünə göl düzəldibmiş. Yerli sakinlərin dövlət qurumlarına şikayətlərini də eşidən olmayıb.
Qətldən sonra Firudin Ələkbərli haqda yayılan məlumatlarda onun hakimliyinə vaxtından əvvəl xitam verilməsi qeyd olunur.
Vəkil Osman Kazımov
Vəkil Osman Kazımov deyib ki, 1995-ci ildə Firudin Ələkbərli sifariş icra etmədiyinə görə onu qanunsuz olaraq vəzifəsindən kənarlaşdırıblar. Vəkilin sözlərinə görə, Firudin Ələkbərli ilə 1984-89-cu illərdə Bakı Dövlət Universitetində birgə təhsil alıblar. O, Firudin Ələkbərlinin fəaliyyətinə xitam verilməsi ilə bağlı bunları deyib: “Tələbəlik illərində yataqxanada bir otaqda qalmışıq. Xalq hərəkatı başlayandan Firudin hərəkatda idi. Firudin prinsipial, vicdanlı, cəsarətli insan idi. Xalq Cəbhəsi hakimiyyəti dövründə Tovuz Rayon Məhkəməsinin sədri olmuşdu. Hakimiyyət dəyişikliyindən sonra ona verilən sifarişi icra etmədiyi, işdən qanunsuzluqlar üstündə qovulmuş birini işinə bərpa etmədiyi üçün özünü qanunsuz olaraq vəzifəsindən kənarlaşdırdılar. Bundan sonra nümayəndə kimi fəaliyyət göstərirdi”.
Firudin Ələkbərli milli azadlıq hərəkatının fəal üzvlərindən, Azərbaycan Xalq Cəbhəsinin Tovuz rayon şöbəsinin qurucu rəhbərlərindən biri olub. Hər zaman ictimai-siyasi fəallığı ilə seçilib, son vaxtlar “Azərifridom” kanalında müxtəlif ifşaedici materiallarla çıxış edib. Bu məqam da qətllə bağlı digər məqamların ola biləcəyi haqda xəbərlərə yol açıb.
Qətldən sonra Əli Şəmiyev həbs olunub. Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb. Əli Şəmiyevə qanunsuz olaraq odlu silah gəzdirmə ittihamının veriləcəyi də gözlənilir.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Report-a bildirib ki, iş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. (Yeni Müsavat)