Deputat Əsabil Qasımov daha bir otel aldı: 6.5 milyon dollara - Detallar
Milli Məclisin deputatı Əsabil Qasımov Jeleznovodsk və Kislovodskdakı "İstoçnik" sanatoriyalarının ardınca Rusiyada daha bir sanatoriya alıb.
Yenixeber.org: Bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki hesabında məlumat yayıb.
O bildirib ki, beznesmen deputat bu dəfə Kislovodskdakı köhnə "Voronej" sanatoriyasına müştəri çıxıb və auksionda ona 356,3 milyon rubl, yəni 6,5 milyon dollar təklif edib:
"Müştəri qismində Əsabil Qasımovaun Stavropoldakı EKSPO MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО "Экспо”) auksionda iştirak edib. Bu şirkət 17 fevral 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 1 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib.
Təsisçiləri Əsabil Qasımovun "Karmen" Məhdud Məsuluyyətli Cəmiyyəti (8 000 rubl və ya 80%) və deputatın digər şirkəti Aqros MMC-dir (ООО "АГРОС”, 2 000 rubl və ya 20%).
"Voronej" sanatoriyası 2015-ci ilin iyunundan satışa çıxarılıb və əvvəlki iki hərracda ona müştəri çıxan olmayıb.
100 nəfərlik qonaq tutumu olan sanatoriyanın 2017-ci ildə xalis gəliri cəmi 918 min rubl təşkil edib. Bu o deməkdir ki, həmin göstəricilərlə deputat sanatoriyaya yatırdığı investisiyanı 388 ilə geri qaytaracaq. Yəni tarixin ən bərbad investisiya layihələrindən biri hesab oluna bilər".
Yeri gəlmişkən, Mia.az xatırladır ki, bu günlərdə Gürcüstanda hakim partiyanı təmsil edən deputatlardan biri bizneslə məşğul olmaq üçün mandatından imtina edib. Amma görünən budur ki, Azərbaycanda bizneslə məşğul olmaq, yaxud onu böyütmək üçün mandat həlledicidir. Oysa ki, qanunla deputat biznes fəaliyyəti ilə məşğul ola bilməz.
Məsələ ilə bağlı deputatın mövqeyini də yayımlamağa hazırıq.