“Lap 117 il olsun, heç vecimə deyil” demişdi... - Milyardlıq yeyintində hökm
Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfər barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Prokuror Cahangir Hacıyevin (əvvəlki cəzası birləşdirilib) 17 il, Dünyamin Xəlilovun 15 il 9 ay, İsmayıl Hidayətzadənin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Yenixeber.org: Yada salaq ki, o, məhkəmədəki son sözündə ittihamı qəbul etmədiyini bildirib: “Burada heç bir şahid mənim əleyhimə ifadə vermədi. Bankdan götürülən pullar isə layihələrə xərclənib, hamısının təyinatı göstərilib. Buna görə də hesab edirəm ki, barəmdə bəraət hökmü çıxarılmalıdır”.
Digər təqsirləndirilən D.Xəlilov da son söz deyib və məhkəmədən bəraət istəyib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə görə, Cahangir Hacıyevin əvvəlki cəzasını toplanmaqla 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov 14 il 6 ay, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər CM-in 179.3.2. (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar olunublar.Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.
Xatırladaq ki, bundan əvvəlki cinayət işi üzrə Cahangir Hacıyevə 15 il həbs cəzası verilmişdi. Beləliklə, ikinci cinayət işi üzrə məhkəmənin hökmünə əsasən, onun həbs müddəti 1 il 6 ay artmış olub.
2016-cı ilin oktyabrında, yəni 15 il həbs cəzası veriləndə C.Hacıyev xeyli geniş və sərt danışmışdı. Onun dedikləri bu hökmə də birbaşa aidiyyəti olduğundan yenidən bəzi hissələri xatırlatmaq zərurəti gördük. Məsələn, o deyib ki, xaricdə olsa da, istintaqa çağırıldığı üçün Bakıya qayıdıb: “Mən bu sistemdə 20 ildən artıq işləmiş adamam, xahiş etdilər ki, kreditlərin qaytarılmasında kömək edim. Qısa müddətdə kreditlərin qaytarılması ilə bağlı böyük işlər görüldü. Həmçinin Moskvadakı törəmə bankın kreditlərinin qaytarılıması məsələsində də irəliləyişlər oldu. Bu, dövlət başçıları səviyyəsində müzakirə olunan məsələ idi. Rusiya prezidentinin Bakıya səfəri zamanı müzakirə olundu, xeyir-dua verildi. Bu işlə bağlı hazırda 7-8 min adama STOP qoyulub. Çoxunda bu qadağa 500-800 dollar kreditə görədir. Mənim bacımın banka nə aidiyyəti var ki, ona da ”stop" qoyulub?"
C.Hacıyev deyib ki, istintaqda 11 dəfə ifadə verib. “Bir-bir hamısını açıb göstərmişəm ki, fiziki şəxslərin adına verilmiş kreditlər hardadır? İstintaqla əməkdaşlıq etməyimə, kreditlərin qaytarılmasında köməyimə baxmayaraq, heç bir əsas olmadan dekabrda həbs olundum. İstintaqdakı qanunsuzluqlardan sonra ümidimiz var idi ki, bəlkə məhkəmədə bizi eşidərlər. Əfsus ki, burada da eşitmədilər. 30 vəsatətimizdən biri də təmin olunmadı. Heç olmasa maraq xatirinə birini təmin edəydiniz. İstintaqda sanki bizimlə yerlərini dəyişmişdilər. Onlar ittihamı sübut etməkdənsə, biz günahsızlığımızı sübut edirdik. Burada elə adamlar var ki, onları həyatımda 1-2 dəfə görmüşəm. Hansı mütəşəkkil qrupdan söhbət gedir? Nə istintaq, nə də məhkəmə özünə zəhmət verib, həqiqəti araşdırmaq istəmədi”.
Cahangir Hacıyev yüksək məbləğli kreditlər ayrılmış plastik kartlarla bağlı məsələyə də toxunub. “Ailə üzvlərimə və mənə aid kartlardan xərcləmələri prokuror bəh-bəhlə sadaladı. Əvvəla, kimin hansı gözəlllik salonuna, təyyarəyə pul xərclədiyini sadalamaq nə qədər etikdir? İkincisi də ki, həmin kreditlər çoxdan mənim tərəfimdən ödənilib. Mənə ittiham verilən 47 milyonu təyyarə biletlərinə, gözəllik salonlarına xərcləmək fiziki olaraq mümkün deyil. Onda gərək sutkanın 24 yox, 25 saatını təyyarədə uçasan. Bir daha bildirirəm ki, verilən kreditlər kredit kartlarından nağd şəkildə çıxarılıb və səhmlər alınıb”.
Cahangir Hacıyev çıxışında deyib ki, cinayət işində mənimsəməni sübut edən nəinki bir fakt, heç yarım fakt yoxdur: “Siz nəyin əsasında mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun, heç mənim vecimə deyil. Ancaq hamı biıməlidir ki, bu vəsaitlər hara gedib”.
Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
“Yeni Müsavat”