Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Vasif Talıbov kiminlə savaşır və ya Qüdrət Həsənquliyevin arxasındakı güc

Vasif Talıbov və Qüdrət Həsənquliyev arasındakı kəskinləşən münasibətlərlə bağlı Fərəməz Novruzoğlu yazır

Yenixeber.org: 2006-cı ilin yayında İlham Tumasla Naxçıvana getmişdik. Təklif İlhamdan gəlmişdi. O, Naxçıvanla bağlı sənədli film hazırlamaq istəyirdi. Bu səbəbdən də ilk əvvəl Naxçıvanı gəzmək, insanlarla ünsiyyətdə olmaq, gərəkli materialları toplamaq və nəhayət, real işə başlamaq istəyirdi. Yol yoldaşı olaraq məni seçməsinin də öz səbəbi vardı. İlhamın dediyinə görə, mövcud qanunlardan, hüquqlarımdan az-çox anlayışlı olmağım, cəsarətim və ünsiyyət qurma bacarığım yaradıla biləcək maneələri aradan qaldırmama yardımçı ola bilərdi.

İlhamı artıq üç il idi tanıyırdım: ensiklopedik biliyinə, qabiliyyətinə və təşkilatçılığına söz ola bilməzdi. Ən əsası isə, gördüyü işdə bacardığı qədər obyektiv olmağa çalışan dostlarımdandı. Birlikdə Evez Zeynallinın şah əsəri olan “Xural” qəzetində çalışdığımız dönəmlərdə ondakı bu müsbət keyfiyyətləri sezmişdim.

Bütün bu səbəblərə görə, dərhal İlhamın təklifini qəbul etdim. Bilet alıb mənim doğma diyarıma uçduq. Heç gözləmədiyim halda, Naxçıvan hava limanında kimsə bizə yaxınlaşmadı. Axı əvvəlki səfərlərimdə heç olmasa bir qalstuklu yaxınlaşıb salam verər və gülümsəyərək “xoş gəlmisiniz, bəy” deyərək, nəzər-diqqətimizdəsən işarəsini verərdi.

Haşiyə:

İnsafən, nə o vaxta qədər, nə də sonralar kimsə məni İbrahim İbrahimli kimi başıma cuval keçirib naməlum istiqamətə aparmayıb. Əslində bütün bu deyilən fikirlər İbrahim İbrahimli kimilərin düzüb-qoşduğu nağıldan başqa bir şey deyil. Naxçıvan rəhbərliyini mənim qədər sərt tənqid edən çox az sayda adam tanıyıram. Amma məni nə kimsə oğurlayıb, nə də başıma cuval keçirib…

Xülasə, keçək mətləbə. İlhamla bir taksiyə əyləşib, üz tutduq Şərura, mənim ata evimə. Şəhərin çıxacağında, Naxçıvan-Sədərək magistralının ilk kilometrində qara pərdəli, dövlət nömrə nişanı olmayan, qara rəngli bir “Tofaş” əyləşdiyimiz taksiyə işarə verdi ki, saxlasın. “Tofaş”dan enib bizə yaxınlaşan adamı dərhal tanıdım: Qarabağlar kəndindən olan Həsən müəllimin oğlu Anar idi. Atası ilə deputat yoldaşı olmuşduq. Fərqli düşüncə sahibi olsaq da, Anar kifayət qədər mədəni insan idi. Bir vaxtlar sabiq MTN-in Şərur rayon şöbəsinin rəisi vəzifəsini tutmuşdu. Həmin vaxt isə Naxçıvan MR MTN-də yüksək vəzifə tuturmuş.

Anar bizə yaxınlaşıb, mədəni şəkildə salam verdi. Yəqin ki, etika xatirinə hal-əhval da tutdu. Sonra da bildirdi ki, rəhbərliyin bizim gəlişimiz haqda xəbəri var və MT naziri general Vəli Ələsgərov bizimlə çay içib söhbət etmək istəyir. Onsuz da biz elə bir iş üçün gəlmişdik ki, mütləq şəkildə kimlərləsə qarşılaşmalı olacaqdıq. Yəni bizim özümüzçün də belə bir görüş göydəndüşmə bir şeydi. Ancaq yenə də daxili bir hissin təkan verdiyi etirazla “nədən nazir bizimlə görüşmək istəyir ki” deyib narazılığımı bildirdim. Anar da təbəssümlə dedi ki, ciddi heç bir şey yoxdur, cənab nazir sizi mədəni şəkildə çay içməyə dəvət edir…

Generalın iş otağına girdikdə həqiqətən də stolun üstündə çay süfrəsi açılmış, süfrəyə müxtəlif növ mürəbbələr və çərəzlər düzülmüşdü.

Hətta siqaret çəkməsə də, süfrədə alışqan, bahalı “Marlboro” siqareti və külqabı da vardı. Yəqin ki, nazir bu mədəni tavrıyla bizə çatdırmaq istəyirdi ki, sizi savaşmaq üçün dəvət etməmişəm, ancaq gəlişinizin məqsədi də bizimçün maraq kəsb edir.

Üç saata yaxın söhbət etdik. Həm İlham, həm mən xeyli suallar verdik. Qaneedici cavablar da aldıq, razılaşmadığımız cavablar da. Ən təəccüblüsü də o oldu ki, istədiyimiz işi başa çatdırmağa nəinki mane olmadılar, hətta bəzi yardımları da dəydi. Bir tək Vasif Talıbovla görüşmədik, demək olar ki, qalan bütün yüksək çinlilərlə görüşdük. Hətta o dövrün mətbuatında PKK-nın qalası kimi tanıdılan “Gəmiqaya” şirkətinin sənədləriylə, kadr heyətinin siyahısıyla tanışlıq imkanı da yaratdılar bizə. Kürdlərin yaşadığı Şərur rayonunun Dərəkənd kəndində dəfələrlə olduq, insanlarla görüşdük, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərində PKK terror təşkilatının militanları kimi tanıdılan şəxslərin kimliyini araşdırdıq və məlum oldu ki, bəhs edilən üç nəfərin ikisi uzun illər öncə ölmüş, biri isə artıq 80 yaşını çoxdan qeyd edib.

Söz verdiyimiz kimi hər şeyi necə görmüşdük elə qələmə aldıq, tənqidlərimiz də oldu, təqdir etdiklərimiz də.

Onlar da sözlərini tutdular və İlhama Naxçıvanın tarixiylə bağlı araşdırma aparmağa imkan yaratdılar. Səhv etmirəmsə İlham bu araşdırmalarını sonradan sənədli filmə çevirdi.

Bütün bunları yazmaqda əsas məqsədim tamam başqadı. O vaxt görüşdüyümüz şəxslərdən iki yüksək rütbəli məmur çox ciddi bir məqama toxunmuşdular. Və bizdən xahiş etmişdilər ki, bunu qələmə almayaq. Həmin şəxslərdən birinin adını indi də çəkmək fikrində deyiləm, çünki ona problem yaratmaq fikrim yoxdu. Adam etibar edib sirr açıb, niyə ona problem yaradım? Ancaq Vəli Ələsgərov onsuz da həbsdədi, ona edilən edilib. Nə isə…

Vəli Ələsgərov dedi ki, bəli, konstitusiyamıza görə, Azərbaycan unitar dövlətdir, ancaq Naxçıvanın da konstitusiyası var və bu ana qanuna görə Naxçıvan Muxtar dövlətdir. Sonra da dedi ki, şəxsən mənim özümçün ağır olsa da, fakt faktlığında qalır: əgər sabah prezident İlham Əliyev olmazsa, RƏHBƏR (Vasif Talıbovu nəzərdə tuturdu, ümumiyyətlə, orada bütün məmurlar onu belə adlandırırlar – E.İ.) konstitusiyanı əsas götürüb, Naxçıvanı tam müstəqil dövlət elan edər.

Bura qədəri yəqin ki, hər kəsə aydın oldu. İndi keçək başqa bir detala.

Bu gün dostlardan Elvin Məhərrəmlinin səhifəsində millət vəkili Qüdrət Həsənquliyevin bir açıqlamasını oxudum. Məlum oldu ki, deputatla Naxçıvan rəhbərliyi arasında açıq savaş gedir. Buna səbəb Qüdrət bəyin ötən ilin dekabr ayında AzPolitika.info saytına verdiyi müsahibədi. Müsahibəni oxudum. Olduqca sərt, cəsarətli müsahibədi. Müsahibədən kiçik bir iqtibas: “Dünyanın heç bir federativ və ya konfederativ dövlətində subyektlərin gömrük və miqrasiya xidməti yoxdur.

Azərbaycan isə hətta unitar dövlətdir. Bu dövlət institutları müstəsna olaraq mərkəzi hakimiyyət tərəfindən formalaşdırılır və gömrük daxilolmaları yerli büdcəyə yox, dövlət büdcəsinə köçürülür. Keçmişdə Naxçıvanın iqtisadi durumunun daha ağır vəziyyətdə olmasını, blokada vəziyyətində yaşamasını nəzərə alaraq büdcə vəsaitləri hesabına əlavə iş yerlərinin açılması üçün Muxtar Respublikada DGK və DMX formalaşdırılmışdır. Amma bunun mənfi nəticələri ondan ibarət olmuşdur ki, bu gün Naxçıvandan Bakıya və əks istiqamətdə hərəkət edən, əşya və yük daşıyan insanlar gömrük yoxlamalarından keçmək və qanunsuz “rüsum” ödəmək zorunda qalmışlar, sanki başqa dövlətdən gələn əcnəbilər kimi. Hətta Avropa İttifaqının vətəndaşları belə bir üzv dövlətdən digərinə gedərkən gömrük yoxlamalarına məruz qalmırlar…”

Qüdrət bəy başqa ciddi şeylərdən də danışır, ancaq yuxarıda sitat verdiyimiz bu hissə kifayət edir ki, məsələ nə qədər ciddi və təhlükə xarakteri daşıyır. Qüdrət bəy yaxından tanıdığım biridi, şəxsinə böyük hörmətim var. Ancaq onun ehtiyatlı bir siyasətçi olduğunu da bilirəm. Kimsə arxasında durmasa, o heç vaxt bu cəsarəti göstərməzdi. Nəzərə alsaq ki, Qüdrət bəy Naxçıvanın deputatıdır, hələ üstəlik, yaxın keçmişdə Vasif Talıbovla qohum da oldular, onun qohumluğa verdiyi aşırı önəmi də buna əlavə etsək… Yox, qardaşım! Qüdrət bəy arxasındakı şəxsin gücünə arxalanır! Bəs kimdir o güc?

Vəli Ələsgərov Vasif Talıbovun ən güvəndiyi kadrlardan birincisi idi.

Bilirsiniz onu niyə həbs etdilər? Bakıya gələrkən onu Heydər Əliyev Fonduna dəvət edib söhbətləşirlər. O isə bu barədə Vasif Talıbova məlumat verməyi artıq hesab edir. Və bütün istintaqda generaldan sadəcə bir suala cavab istəyirmişlər: Fondda nədən danışdınız?

Bir daha qayıdaq Qüdrət Həsənquliyevə. görəsən onu da…

Qüdrət bəyə Naxçıvandan nazirlərdən biri Azad Cabbarov cavab verib: DAXİLİ İŞİMİZƏ QARIŞMAYIN!

İlk baxışda gülünc doğuran cavabdı. Azad Cabbarovu tanımayan adamlar bəsit görünən bu cavaba həqiqətən də gülə bilərlər. Mən isə qətiyyən gülmürəm, çünki həm Azadı, həm də atasını çox yaxşı tanıyıram. Olduqca qabiliyyətli və savadlı gənc kadrdı. O belə bir bəsit cavab verə bilməz. Bunu onun cavabından sonra Vasif Talıbov tərəfindən təltif olunması da sübut edir. Əslində Azad Cabbarov Qüdrət Həsənquliyevə yox, Vasif Talıbov millət vəkilinin arxasındakı gücə deyir ki, DAXİLİ İŞİMƏ QARIŞMA!
Təxminən 13 il öncə Vəli Ələsgərov İlham Tumas və mənimlə görüşəndə demişdi: Ümid edirəm ki, RƏHBƏR Naxçıvanda olduğu müddətdə Azərbaycanın prezidenti də hər zaman İlham Əliyev olacaq, əks-təqdirdə bu dövlət parçalanacaq!(aztoday)

Yazı Fərəməz Novruzoğlunun (Elçin İlqaroğlu) Facebook profilindən götürülüb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam