Razim Məmmədovun vəzifədən çıxarılmasının –Səbəbləri
Prezident İlham Əliyevin Sərəncamı ilə ötən gün daha bir məmur - Xətai Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Məmmədov tutduğu vəzifədən azad edildi.
Yenixeber.org: Son günlər kadr islahatları çərçivəsində işdən çıxarılması gözlənilən icra başçıları sırasında Razim Məmmədovun adı tez-tez çəkilirdi. Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinə əvvəlcə birinci müavin, daha sonra isə rəhbər təyin ediləndən sonra apardığı proseslər sırasında Xətai rayonundakı neqativliklərin vaxtaşırı üzə çıxması isə R.Məmmədovu daha tez-tez gündəmə çevirirdi.
Növbəti belə hadisə oktyabr ayında baş vermişdi. Belə ki, Xətai RİH-nin sərəncamı əsasında “Bravo” supermarketinin qarşısında obyekt tikməyə icazə verilən sahibkar ümumilikdə 400 min manat ziyana düşdüyünü bildirmişdi. Sahibkar tikintiyə icazə verilməsi üçün 250 min, binaya isə 150 min xərc çəkdiyini vurğulayaraq, məhkəməyə müraciət etmişdi. Çünki Xətai Rayon İcra Hakimiyyətindən aldığı icazəyə əsasən sözügedən ərazidə 5 mərtəbəli obyekt inşa etməli idi. Lakin 4-cü mərtəbə tamamlandıqda İcra Hakimiyyəti binanın sökülməsi haqda qərar qəbul etmişdi.
Rayonda ən diqqətçəkən tikililər isə Sadıqcan, Cavanşir, Məhəmməd Hadi kücələrində tikilən, yolun hərəkət istiqaməti ilə birləşik vəziyyətdə olan ticarət obyektləridir. Ən maraqlı cəhət isə odur ki, həmin obyektlərin tikintisinə icazə üçün hər hansı sərəncam və ya digər hüquqi sənəd yoxdur. Başqa sözlə, sənədsiz tikililərin də qarşısı vaxtında alınmayıb və yaxud göz yumulub.
Xətai rayonunda ən ciddi problemlərdən biri də yaşıllıqlarla bağlıdır. bakı meriyasının bu sahədə aktiv fəaliyyətə keçməsindən sonra metronun “Əhmədli” stansiyasının yaxınlığında, iki yolun ortasında yerləşən bağda əkilən ağacların məhv edildiyi ortaya çıxdı. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Baş Prokurorluğa da müraciət etdi.
Xətai rayonu İnqilab İsmayılov küçəsindəki avtobus dayanacaq məntəqəsinin ətrafı, həmçinin piyada keçidini də bir tikinti şirkəti hasara almış və tikintiyə başlamışdı. Lakin məsələyə Bakı Nəqliyyat Agentliyinin qarışması ilə qeyri-qanuni şəkildə sərəncam verilən əraziyə çəkilən hasarlar sökülərək, piyadalar üçün gediş-gəliş imkanı yaradıldı.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında qanunsuz tikililər, paytaxtda ağacların qeyri-qanuni şəkildə kəsilməsi və s. məsələlər barədə sərt danışması bu işlərlə məşğul olan icra başçılarına ciddi bir siqnal idi. Bunun ardınca Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda qanunsuz tikililərin söküntüsünə start verdi və işə ilk olaraq Xətai rayonunda (Məhəmməd Hadi küçəsində, “Əhmədli” və “Həzi Aslanov” metrostansiyalarının yaxınlığında) hasarlanmış ərazilərdən başladı.
Həmçinin meriyada təşkil olunmuş komissiya tərəfindən sözügedən ərazilərdə tikilən bir sıra müxtəlif təyinatlı obyektlərin sənədlərinin araşdırılmasına start verildi. BŞİH-i məlumat yaydı ki, tikintilərlə bağlı qanun pozuntusu qeydə alınacağı təqdirdə tikililər söküləcək və məhkəməyə müraciət olunacaq. Xətai rayon ərazisindəki qanunsuz tikililərin söküntü işlərinin Xətai RİH deyil, Bakı ŞİH-i tərəfindən aparılması da diqqət çəkirdi.
Bundan bir qədər sonra isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edildi.
Məsələnin maraqlı tərəfi isə qanunsuz tikililərə görə həbs edilən X.Məmmədovun icra hakimiyyətinin başçısı R.Məmmədovun yaxın qohumu olması barədə mediada yayılan iddialar idi.
Sonuncu qəribə hadisə isə magistral su xəttində baş verən qəza zamanı ortaya çıxdı. Belə ki, Xətai rayonu, İlham Məmmədov küçəsindən keçən 600 mm diametrli magistral su kəmərində baş vermiş qəza səbəbindən sözügedən ərazi sakinləri 3 gün susuz qaldı. Azərsu ASC əməkdaşları bir neçə texnika ilə gecə-gündüz çalışsalar da, boru üzərindəki tikintilər səbəbindən qəza baş verən ərazini tam aça bilmədikləri üçün problemi aradan qaldırmaqda çətinlik çəkirdilər. Nəhayət, magistral su xəttinin üstündə inşa edilən evlərdən birinin hasarını sökməyə məcbur oldular və yalnız bundan sonra qəzanı aradan qaldırmaq mümkün oldu.
Azərsu ASC əməkdaşları sakinlərin narahatlığını nəzərə alaraq, bütün gecəni səhərə qədər işləsələr də, İcra Hakimiyyəti rəsmi sərəncamla magistral xəttin üstündə tikilən evlər səbəbindən yaranmış problemin aradan qaldırılmasına heç bir yardım göstərilməmişdi.
Azərsu ASC isə Xətai rayonu ərazisində əsas su xətlərinin üzərində bu cür tikililərin az olmadığını bildirərək, məsələ ilə bağlı aidiyyəti qurumları məlumat verdiyini açıqlamışdı.(axar.az)