TURAN SEVDALI KOMANDAN… –Bakını azad etməyi qardaşına tapşıran Ənvər Paşa haqda bilmədiklərimiz - ARAŞDIRMA
Ramazan SİRACOĞLU, professor
Onun haqqında həm sağlığında, həm də şəhidlik zirvəsinə yüksələndən sonra da çox yazıldı, danışıldı, müzakirələr aparıldı. Kimisinə görə cəsur hərbçi, şanlı komandan, kimilərinə görə isə, xəyalpərəst, səbatsız, macəra ardından qaçan generaldır.
Yenixeber.org: Dünyaya gəlişi də, yaşamı da çox keşməkeşli dövrə təsadüf etdi. Bir zamanlar Avropanı titrədən qüdrətli Osmanlı imperatorluğunun çöküşü dönəmində, I Dünya müharibəsi zamanında 33 yaşındaykən Hərbiyyə Nazirliyinə başçılıq etdi, 1839-1861-ci illərdə Osmanlı dövlətinin hökmdarı olmuş Sultan Əbdülməcidin nəvəsi ilə evləndiyi üçün xalq arasında “Damad-i Şəhriyar” kimi tanınan bu fövqəladə şəxsiyyətdən (1881- 1922) ilahi qüdrət heç nə əsirgəməmişdi.
41 illik ömründə taleyinin ona nəsib etdiyi bütün şirin və acıları daddı: hürriyyət qəhrəmanı, Bab-i Ali basqınçısı, II Məşrutiyyət memarı, Trakiya və Edirnə fatehi; uğursuz Sarıqamış əməliyyatının baiskarı, avropalıların fikrinə görə, sözdə erməni təhcirinin (deportasiyasının) suçlusu, I Dünya müharibəsinin məğlub sərləşkəri, rütbələri alınmış əsgər, hərbi tribunalın ölüm cəzası verdiyi məhkum, mühacir, bolşevizmə qarşı mücahid və şəhid.
Bütün bu titullar heç zaman unudulmayacaq, doğrusuyla-yanlışıyla, günahıyla-savabıyla türk düşüncə tarixində əbədiyyən yaşayacaq İsmail Ənvər Paşaya aiddir. O Ənvər Paşaya ki, 1918-ci ilin yayında qardaşı Nuri Paşanı V Qafqaz İslam Ordusuna başçı təyin edərək, nəyin bahasına olursa-olsun Azərbaycanı, onun paytaxtını düşmənlərdən azad etməyi əmr etmişdi. Qardaşı Nuri Paşa da qəhrəman bir əsgər bacarığı ilə KOMANDAN Ənvər Paşanın döyüş əmrini uğurla yerinə yetirmişdi.
15 Sentyabr 1918-ci il sabahı Nuri Paşanın cəsur əsgərləri Bakıya daxil olanda KOMANDAN qardaşından təbrik teleqram almışdı: “Türk ve islam tarihi Sizin bu hizmetinizi unutmayacaktır. Gazilerimizin gözlerinden öper, şehitlerimize fatihalar ithaf ederim! 15. 09. 1918 – ENVER PAŞA”.
4 avqust 1922-ci ildə Qurban bayramının ikinci günündə səhər vaxtı Tacikistanın Belcivan vilayətinin Çağan qışlağında bolşevik əsgərləri ilə girdiyi qeyri-bərabər döyüşdə şəhid olan Ənvər Paşanın qətlə yetirilməsi barədə sonralar müxtəlif rəvayətlər uydurulmuşdur. Ən yayğın olan iki rəvayətin müəllifləri Hakop Melkumyan (bolşeviklər onu Yakov Arkadiyeviç Məlkumov kimi tanıdıblar) və Qriqor Arutyunyandır ( o da NKVD- XDİK- sənədlərində Georgi Sergeyeviç Aqabekov kimi təsbit edilmişdir).
Arutyunyan 1930-cu ildə Berlində rus dilində nəşr olunmuş “ГПУ. Записки чекиста – DSİ. Çekistin qeydləri” kitabında, guya, Ənvər Paşanı şəxsən özünün təqib edərək əlbəyaxa döyüşdə qılıncla qətlə yetirdiyini və bununla da milli qisasını aldığını iddia etmişdir.
Yeri gəlmişkən, xatırladaq ki, Q. Arutyunyanı NKVD-nin xüsusi dəstəsi 1937-ci ilin avqust ayında Fransada türk əsilli bir nəfərin yardımı ilə elə zərərsizləşdirmişdi ki, tikəsi də ələ gəlməmişdir. Bu baraədə sovet QRU-nun əfsanəvi əks-kəşfiyyat generalı P. Sudoplatov yazmışdır. (Bax: Судоплатов П. А. Спецоперации. Лубянка и Кремль 1930—1950 годы Гл. 2. Ликвидация троцкистов за рубежом)
Ənvər Paşa haqqında yayğın olan digər şayiənin müəllifi H. Melkumyan öləndən çox sonralar, 1985-ci ildə Kanadada nəşr olunan “L’Horizon”qəzetində bir məlum mənşəli qəzetçi həmin Hakopa istinadən belə rəvayət uydurub: guya, Hakop təkbaşına Ənvər Paşanı xeyli təqib etdikdən sonra onun həyatına son verib. Qəribədir ki, o da bununla öz milli borcunu ödədiyini deyibmiş. Hakop lovğalıqla bildiribmiş: “Rəhbərlik mənə onu diri tutmağı əmr eləsə də, mən qəsdən bunu yerinə yetirməkdən vaz keçdim; şəxsi əşyalarını da sübut kimi özümlə götürdüm”.
Guya, belə edərkən Hakop Melkumyan o zamanlar Türküstan cəbhəsindəki qoşunun başçısı Q. Voskanyana güvənirmiş.
Araşdırmalar isə göstərir ki, nəinki 1922-ci ildə, ümumiyyətlə, heç vaxt Türküstan cəbhəsində Voskanyan adlı qoşun başçısı olmayıb. Daha sonra, Ənvər Paşaya aid olan bəzi əşyalar, Hakopun iddia ettiyi kimi, onun tərəfindən 4 avqust 1922-ci ildə ələ keçirilməmişdir; həmin əşyalar 1922-ci ilin iyun ayında Ənvər paşa Kofrun qışlağını tərk edərkən orada unudulmuşdur.
Ənvər Paşanın 1920-1922-ci illərdə Orta Asiyada istifadə etdiyi möhür: Möhürdə “Damad-i xəlifət-ul- muslimin, Əmir-i ləşkər Səyyid Ənvər- 1340 (1921)” yazılıb.
Yeri gəlmişkən, şəhadətindən 96 il sonra Moskvada Rusiya Silahlı Qüvvələri Mərkəzi muzeyində Ənvər Paşaya aid olan çəkmələrin sərgiləndiyi vitrində də belə yazılıb.
Bolşeviklər 4 avqust 1922-ci ildə həlak olanların hansının Ənvər Paşa olduğunu bilməmişlər. 15 avqust 1922-ci ildə Çağan qışlağına gələn bolşeviklər yerli sakinlərdən olan və Ənvər Paşanı üzdən yaxşı tanıyan Feyzulla Xocayevdən məzardan çıxarılmış bir nəşin kim olduğunu söyləməsini tələb etmişlər. Bolşeviklərin iddiasına görə, həlak olmuş şəxsin cibindən türk, fars, alman və özbək dillərində yazılmış kağızlar aşkar edilmişdir. Feyzulla Xocayəv nəşin Ənvər Paşa olmadığını söyləmişdir. ( Bax: РГВА, ф.110,оп.3, д.1104, л.61)
Bolşeviklər getdikdən sonra gecə ikən Osman əfəndi, Buri Bataş adlı mücahid və Qarşı qışlaqdan adını müəyyənləşdirə bilmədiyimiz bir qeyrətli kişi gizli şəkildə Ənvər Paşanın və ona silahdaşlıq etmiş Dövlətməndin nəşlərini güvənilir bir yerdə dəfn etmişlər. (Bax: Olaf Caroe. Soviet Empire, the Turks of Central Asia and Stalinism. London, 1953,125)
Qırmızı ordunun generalı V. İ. Uranovun iddiasına görə, Ənvər Paşanı Türküstan cəbhəsinə daxil olan 16-cı süvari alayının eskadron komandiri İvan Savkonun əsgərləri qətlə yetirmişlər (Bax: “Ленинец” qəzeti, №152 (5821) 19.09.1967).
Sovet rəsmi qaynaqlarında isə iddia olunur ki, Ənvər Paşanı 8-ci Başqırd süvari briqadasının 16-ci alayına mənsub M. Nikitinin komandir olduğu 3-cü eskadronun döyüşçüləri şəhid etmişlər (Bax: Дело 123469. c.18)
Ənvər Paşanı gizli yerdə dəfn etmiş Osman əfəndi və iki yoldaşı “Qurani-Kərim”ə əl basaraq, şərtlər nə olursa-olsun, münasib vaxt yetişməyənədək onun məzarının yerini heç kimə söyləməyəcəklərinə and içmişlər.
Göründüyü kimi, bədxahların iddia etdiklərinin əksinə, Ənvər Paşanın nəşinin təhqir olunması o üç qeyrətli kişinin sayəsində baş verməmişdir.
Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl 1995-ci ilin sentyabrında Tacikistanı ziyarət edəndə Türkiyə ilə Tacikistan arasında əldə edilmiş razılığa əsasən, səlahiyyətli mütəxəssislərdən ibarət mötəbər komissiya yaradılır və müəyyən axtarışlardan sonra Ənvər Paşanın məzarı aşkar edilir. Komissiya 30 iyul 1996-cı ildə Tacikistanın Xatlon vilayəti Xovalin rayonun Çağan kəndində yerləşən təpəlikdəki məzarı açır.
Türkiyəli mötəbər axtarış qrupu tam hazırlıqlı idi. Onlar İstanbuldan və Berlindən Ənvər Paşanın tibbi kartotekasını da gətirmişdilər. Berlində stomatoloji poliklinikadan alınmış tibbi arayışa görə, Ənvər Paşanın alt çənəsinə platin dişlər qoyulmuşdu. Eksqumasiya nəticəsində platin dişlər aşkar edildiyində komissiya üzvləri rahat nəfəs aldılar: nəşin Ənvər Paşaya aid olmasına şübhə yox idi. Türkiyəli mütəxəssisləri qəhər boğmuşdu…
3 avqust 1996-cı ildə Türkiyədən gəlmiş 8 səlahiyyətli mütəxəssis Ənvər Paşanın nəşi ilə bərabər İstanbula uçdu. Nəhayət, Ənvər Paşa 78 illik ayrılıqdan sonra (1918-1996) ərsəyə yetdiyi doğma məmləkətinə qayıtdı. Ertəsi gün, 4 avqust 1996-cı ildə Şişli camisində qılınan cənazə namazından sonra böyük ehtiram və izdihamlı törənlə İstanbuldakı “Abide-i Hürriyet” məzarlığında dəfn olundu.
Bəzi qərəzli Avropa tarixçiləri, Ənvər Paşaya qara yaxsalar da, onlara yandaşlıq edən bəzi üzdəniraqlar Ənvər Paşanı gözdən salmağa çalışsalar da, muzdlu publisistlər onu saxta irqçilikdə ittiham etsələr də, Ənvər Paşa türk dünyasının əbədiyyət kahkəşanında daim parlayacaqdır.
Yaxın, Uzaq Doğunu Turan elləri sandı
Turançılıq yolunda nə yoruldu, usandı.
Parlaq komandan idi, Turan uğruna yandı,
Qızıl alma yolunun yolçusu Ənvər Paşa.
Türkün Haq dərgahında elçisi Ənvər Paşa!
Strateq.az