Həm film, həm də rejissorun həyatında oynayan aktrisalar- FOTOLAR
Yenixeber.org: Rejissorların həyatında böyük rolu olan aktrisaları təqdim edir:
Fassbinder və Hanna Şiqulla - Rayner Verner Fassbinder alman kinosunun önəmli simalarından biri, "Yeni alman kinosu"nun liderlərindəndir. Şiqulla 1967-ci ildə Fassbinderlə tanış olur, onun 20-dən çox əsərində oynayır. 1982-ci ildə Fassbinderin ölümündən sonra aktrisa nadir hallarda filmlərə çəkilir.
Şiqulla onun "Dörd mövsümün ticarətçisi", "Petra fon Kantın acı göz yaşları", "Mariya Braunun izdivacı" və s. filmlərində oynayıb. Şiqulla onu qeyri-adi, maraqlı qadın obrazları yaratmağa ruhlandırırdı. Qeyd edək ki, Fassbinder homoseksual olub.
Berqman və Liv Uilman - İsveç rejissoru İnqmar Berqman eşq macəraları ilə məşhur olub. Liv Uilman həm onun sevimli aktrisalarından biri, həm də sevgilisi idi. Onların Linn adlı qızları olsa da, heç vaxt evli olmayıblar. Uilman rejissorun 10-dan çox filmində çəkilib. Bunlar arasında "Persona", "Payız sonatası", "Pıçıltılar və qışqırtılar" adlı incilər var. Onların qızı Linn Uilman yazıçı, ədəbi tənqdiçidir.
Antonioni və Monika Vitti - Monika Vittini aktrisa kimi məhz Antonioni kəşf edib. Vitti rejissorun yaradıcılığının önəmli filmlərində rol alıb: "Tutulma", "Gecə", "Qırmızı səhra", "Macəra". "Tutulma" filminin çəkilişi zamanı Alen Delon Monikanı özünə cəlb etməyə çalışsa da, onun cəhdləri məyusluqla nəticələnib. Çünki Monika ancaq Antonioniyə aşiq idi.
Antonioni ilə Monika uzun müddət vətəndaş nikahında yaşayıblar. 10 il sonra rejissor aktrisaya evlənmə təklifi etsə də, lakin rədd cavabı alıb.
Kassavetes və Cina Roulends - Cina Roulends müstəqil Amerika kinosunun əsas nümayəndələrindən biri Con Kassavetesin həm həyat yoldaşı, həm də ilham pərisi olub. O, ərinin əksər filmlərində çəkilib. Həmin filmlərin arasında dünya kinosunda önəmli yer tutan "Premyera", "Təsir altındakı qadın", "Qloriya", "Üzlər" kimi əsərlər var. Cütlüyün oğlu Nik Kassavetes də rejissordur.
Şabrol və Stefan Odran - Odran rejissor Klod Şabrolun filmləri sayəsində tanınıb. Onlar 16 il nikahda olublar. Oğulları Tom aktyordur.
Şabrol arvadından ayrılmasının səbəbini belə izah edirdi:
"O, məni qadından çox aktrisa kimi maraqlandırmağa başlamışdı".
Odran Şabrolun əksər filmlərində - "Skandal", "Xəyanətkar qadın", "Qəssab" və digərlərində çəkilib.
Fellini və Cülyetta Mazina - Dünya kinosunun bu məşhur cütlüyü radioda tanış olub. Radioda Mazinanın səsləndirdiyi mətnlərin müəllifi Fellini idi.
O, Fellininin dünya kinosunun şedevrlərindən sayılan "Yol", "Kabiriyanın gecələri" filmlərində baş rolu oynayıb. Cütlük ömürlərinin sonunadək birgə yaşayıb.
Odzu və Setsuko Hara - Yapon kinosunun simvollarından sayılan Hara Yasudziro Odzunun 6 filmində çəkilib. Ümumiyyətlə, Odzu eyni aktyorlarla işləməyə üstünlük verirdi. Hara rejissorun şah əsərlərindən biri "Tokio əhvalatı", həmçinin "Tokio alatoranlığı", "Gecikmiş payız" filmlərində oynayıb.
Rejissorun ölümündən sonra aktrisa guşənişin həyat keçirərək, müsahibə verməkdən imtina edib.
Rosselini və İnqrid Berqman - Neorealizmin əsasını qoyan Roberto Rosselininin isveçli aktrisa İnqrid Berqmanla əməkdaşlığı 1949-cu ildə başlayıb. Berqman rejissorun "Roma açıq şəhərdir" filmindən vəcdə gəldiyi, onun filmlərində çəkilmək arzusunda olduğu barədə məktub yazıb. Razılıq cavabı alandan sonra aktrisa Hollivudu tərk edib. Bu əməkdaşlıqla eyni zamanda onların eşq macərası başlayıb. Cütlüyün üç uşağı doğulub. Onlardan biri İzabella tanınmış model və aktrisadır. Cütlük 1950-ci illərin sonunda ayrılıb.
Berqman Rosselininin "Avropa 51", "İtaliyaya səyahət", "Qorxu" və başqa filmlərində çəkilib.
Qodar və Karina - Anna Karina Qodarın təkcə muzası deyildi. O, eyni zamanda 1960-70-ci illər fransız kinosunun əsas simvollarından biri idi. 1959-cu ildə Qodar onu bir sabun reklamında görüb. Karina rejissorun diqqətini çəkib. O, Qodarın bir çox filmində - "Kiçik əsgər", "Qadın qadındır", "Öz həyatınla yaşa", "Dəlisov Pyero" və digər ekran əsərlərində baş rolları oynayıb. Cütlük 1961-ci ildə evlənib, 6 il sonra boşanıb.
Almodovar və qadınları - Almodovar yəqin ki, ən çox muzası olan rejissordur. Karmen Maura, Rossi de Palma, Viktoriya Abril, Mariya Parades, Penelopa Kruz, Sesiliya Rot... Homoseksual olsa da, rejissorun əsas ilham mənbəyi qadınlardır. Hətta rejissor Penelopa Kruzun baş rol oynadığı "Parçalanmış ağuş" filmində ikinci planda oynayan aktrisa Karmen Maçidən necə ilhamlanmışdısa, filmin çəkimlərini saxlayıb onun üçün ssenari yazır. Həmin ssenari əsasında Maçinin baş rolu oynadığı qısametrajlı film çəkir.