Beyləqanda BÖYÜK YEYİNTİ- İTTİHAM VAR
Yenixeber.org: Beyləqan rayon İcra Hakimiyyətinin (RİH) Beyləqan şəhəri üzrə nümayəndəsi Bakir Balakişiyev 2015-ci ildə rayon rəhbəri Vaqif Abdullayev tərəfindən hazırki vəzifəsinə təyin olunana qədər Beyləqan Bələdiyyəsinin sədri işləyib. Yerli özünüidarəetmə qurumuna rəhbərlik etdiyi uzun müddət ərzində daha çox korruptiv əməlləri ilə yadda qalıb. Görünür, elə məhz bu “müstəsna” qabiliyyətinə görə icra başçısı onu daha mühüm, həm də daha münbit korrupsiya şəraiti olan dövlət qulluğu postuna irəli çəkib. Elə o vaxtdan hər il şəhərin abadlaşdırılması məqsədilə ayrılan 90-100 min manat civarında maliyyə vəsaiti Balakişiyevin sərəncamına verilib. Hətta ötəri, vizual müşahidə ilə də görmək mümkündür ki, bunca vəsaitin qarşılığında şəhərdə çox az abadlıq-quruculuq işləri həyata keçirilib. Görülən işlərin də keyfiyyətindən oğurlanıb. Bir məqamı da xüsusi qeyd etməyə dəyər ki, bu sahədə yerinə yetirilən işlərin əksər hissəsi iməcilik yolu ilə şəhərin idarə, müəssisə, təşkilatlarının əmək kollektivlərinin zorla cəlb olunduqları iməciliklər yolu ilə istismar edilmələri hesabına gerçəkləşdirilib. Və əlbəttə ki, işlərin həcmi şişirdilmiş rəqəmlərlə ifadə olunaraq RİH-nin və şəhər nümayəndəliyinin aktivinə yazılaraq başçı ilə nümayəndəlik sədrinin hesabatlarında öz əksini tapıb. Keyfiyyəti oğurlanmış, göstəriciləri şişirdilmiş həmin işlərin sırası uzundur.
RealMedia.az-ın bu əsnada apardığı araşdırmalar zamanı məlum olmuşdur ki, şəhər stadionunun arxa tərəfi ilə rayon polis idarəsinin qarşısı arasında eni 2,5 metr, uzunu 100 metr olan yol nahiyəsinə üzlük daşı döşənib. Lakin kağız üzərində işin həcmi 650 kvadrat-metr göstərilib. Bundan başqa, şəhərin Sevil Qazıyeva küçəsi ilə mərkəzi xəstəxanaya aparan yola “əkilmiş” 22 ədəd işıq dirəyinin hər biri qiymətindən xeyli baha – hər biri 1270 manatdan hesablanıb. Şəhər icra nümayəndəliyinin gördüyü asfaltlama işləri də korrupsiyaya uğrayıb. Asfaltın qalınlığı hesabatda 7 sm göstərilsə də, faktiki olaraq köhnə, dağılmış asfaltın üstünə 3 sm döşənib. Qalan yarıdan çox asfaltın hər kvadrat-metrinə 22 manat silinən pulu mənimsənilib. İstehsalat prosesini əks etdirən sənədlər nəzərdən keçirilsə, yük maşınlarının reyslərinin yol qaimələri (putyovka), həmin reyslərə silinən yanacaq tutuşdurulsa asanlıqla görmək olar ki, inşa olunan yola hesabatlarda göstərilən qədər asfalt, qraviya daşınmayıb.
Bildirilir ki, Balakişiyev məhrəm məclislərdə bütün bu işdəycələrinə görə eyhamlar eşidəndə, “70 min manat başçıya vermişəm, bəs nə etməliyəm?” deyərək öz əməllərinə haqq qazandırmağa çalışır. Ancaq bəllidir ki, Balakişiyev “təyinatı üzrə və səmərəli” istifadə etdiyi maliyyə vəsaitinin heç də hamısını Abdullayevlə bölməyib, özünə də xeyli haram kapital saxlayıb. Elə malik olduğu var-dövlət, mülk-səltənət, Beyləqan şəhərində özü və yaxınları üçün qurub-yaratdığı çoxsaylı gəlirli obyektlər də məhz vaxtilə sədr kimi bələdiyyədən və sonra şəhər nümayəndəsi kimi dövlətdən çırpışdırdığı vəsait hesabına ərsəyə gəlib. Ümid edirik ki, aidiyyati qurumlar Balakişiyevin işinə baxacaqlar.