Polis rəisi üsyan hazırlayır -ŞİKAYƏT
Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında torpaq sahəsi olan bir neçə vətəndaşın torpağı zorakı yollarlla əllərindən alınır.
Xeberinfo.com: Bu barədə kənd sakinlərinin istiqlal.az-a ünvanladığı müracətdə bildirilir.
Sakinlərin sözlərinə görə, 2014-cü ildə Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında Bakı şəhər sakinləri Orxan Bünyatzadə, Səkinə Həsənova, Vahid Cavadov, Məmməd Məmmədov, Elbrus Həsənov, Arif İbrahimov, Gülsəba Muradova və İlham Muradov və digərlərin həmin ərazidə yerləşən torpaq sahələrinin hasarları naməlum şəxslər tərəfindən uçurulub. Zərərçəkənlər o vaxt çıxış yolunu daxil işlər naziri Ramil Usubova müraciət etdikdən sonra daxili işlər nazirinin müvafiq göstərişi əsasında xüsusi əməliyyat tədbirləri keçirilmiş və Bərdə rayon sakini 1982-ci il təvəllüdlü Rüfət Mahmudov, Ucar rayon sakinləri 1978-ci il təvəllüdlü Məmiş Beydullayev, 1981-ci il təvəllüdlü Durmuş Hacıyev və 1961-ci il təvəllüdlü Abbas Abbasov həbs edilmiş və zərərçəkmişlərin hasarları bərpa edilmişdir.
Sakinlər bildirir ki, təqsirləndirilən şəxslər verdikləri ifadə zamanı törətdikləri cinayəti etiraf etmiş, Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında yerləşən torpaq sahələrinin hasarları polis polkovnik-leytenantı İbrahim İbrahimovun göstərişi ilə uçurduqlarını bildirmiş və həmin şəxs hüquq-mühafizə orqanlarından kənarlaşdırılmışdır. Amma naməlum səbəblərdən bu cinayətkar dəstənin üzvləri bir müddətdən sonra azadlığa buraxıldılar və onların başçısı İ.İbrahimova qarşı heç bir tədbir görülməyib. Beləcə, daxili işlər naziri Ramil Usubovun verdiyi tapşırıq sonadək yerinə yetirilməmiş qaldı.
Redaksiyamıza müraciət edən paytaxt sakinləri indi yenidən həmin torpaqları itirmək təhlükəsi ilə üzləşiblər. Belə ki, 2014-cü ildə cinayətkar dəstəyə bir neçə vətəndaşın hasarını sökmək göstərişi vermiş keçmiş polis polkovnik-leytenantı İbrahim İbrahimovun bir neçə gün əvvəl həmin şəxsi torpaqlara yiyələnmək iddiası ilə yenidən Sabunçu rayon məhkəməsinə müraciət edib. Vətəndaşların sözlərinə görə, bu özbaşınalıqları həyata keçirən İbrahim İbrahimovu himayə edən şəxs onun qudası - Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasovdur. Qohumunu vəzifə səlahiyyətlərindən istifadə edən bu şəxs Orxan Bünyatzadə, Səkinə Həsənova, Vahid Cavadov, Məmməd Məmmədov, Elbrus Həsənov, Arif İbrahimov, Gülsəba Muradova, İlham Muradov və digərlərinin Ləhiş bağlarında yerləşən torpaqlarını əllərindən alacağımızı bildirir. O, bütün dövlət orqanlarının, mötəbər ali qurumların tapşırıqlarını saymır, heç nədən çəkinmədiyini açıq şəkildə nümayiş etdirir. İbrahim İbrahimov kimi insanlar demokratik ölkədə vətəndaş hüquqlarını pozmaqla yanaşı, həm də hüquq-mühafizə orqanlarının adına ləkə gətirir.
Zərərçəkmişlərdən biri olan Orxan Bünyadzadə deyir ki, sözügedən ərazilərin sahibləri, yəni zərəçəkmişlərin hamısı hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Hamımızın əlində bələdiyyə sənədi var. 2014-cü ilə kimi torpaqlarımızın əlimizdən alınacağı heç ağlımıza gəlməyib. Həmin ilin payız aylarında mən rayonda olarkən qonşular zəng vurub hasarımın uçurulduğunu dedilər. Təcili Bakıya qayıtdım. O zaman gördüklərimdən dəhşətə gəldim. Mənimlə yanaşı, bir neçə vətəndaşın torpaq sahələri ətrafındakı iki metr hündürlüyündə olan hasarlar sökülmüşdü. Dərhal aidiyyəti qurumlara xəbər verdim. Daxili işlər naziri Ramil Usubovun göstərişi ilə əməliyyat-istintaq qrupu yaradıldı. Qısa araşdırmadan sonra polis əməkdaşı olan İbrahim İbrahimov adlı şəxs cinayəti törətdiyini etiraf etdi. Bizim hamımızdan üzr istədi, dəymiş zərəri ödəməyə hazır olduğu bildirdi. Söklümüş hasarlara görə 14 min manat ödədi. Sonra onu hüquq-mühafizə orqanlarından uzaqlaşdırdılar. Bizə məlum olmayan səbəblərdən təxminən bir ay sonra istintaq qəfil dayandırıldı. Amma hasarlarımız bərpa olunduğu üçün biz bu məsələnin dərinliyinə getmədik. Təxminən bir ildən sonra İbrahim İbrahimovun qudasının Sabunşu Rayonu Polis İdarəsinə rəis təyin edildiyini eşitdik. İbrahim İbrahimov orda-burda torpaqlarımızı əlimizdən alacağını, qudasının əli ilə başımıza oyun açacağını deyirdi. Amma bütün sənədlərimiz qaydasında olduğu üçün yenə də söz-söhbətə əhəmiyyət vermədik. Bir ay əvvəl onun məhkəmədə bizə qarşı iddia qaldığını öyrəndikdə isə artıq səbrimiz daşdı. Məhkəmə yalan ifadə verərək, guya həmin ərazidəki torpaqların ona məxsus olduğunu deyib. Bu ağ yalandır. Əgər günahı yox idisə, niyə o zaman işdən uzaqlaşdırıldı, əməlini etiraf etdi, üzr istədi, dəymiş zərəri ödədi? Bizim hamımızın əlində bələdiyyə sənədi var. Bu boyda yalan olmaz. İndi bütün günümüz məhkəmələrdə keçir. Ümidimiz yenə də hörmətli nazirimiz Ramil Usubovadır. Onun yenidən məsələyə qarışacağını və bu problemin birdəfəlik həll olunacağını gözləyirik”.
"Şübhəsiz ki, sadə vətəndaş bu cür azğınlaşmış məmurlarla təkbaşına mübarizə aparmaq iqtidarında deyil. Məhz bu məqsədlə onlar ölkə başçısına və daxili işlər nazirinə müraciət edərək yardım istəyirlər. Onlar üzləşdikləri məmur özbaşınalığına son qoyulması, pozulmuş hüquqularının bərpa edilməsi və illərdir onlara olmazın əziyyətini verən İbrahim İbrahimovun layiqincə cəzalandırılması üçün dövlət başçımızın aidiyyəti qurumlara müvafiq göstərişlər verəcəyinə, İbrahim İbrahimov və onun ətrafındakı cinayətkar qrupun dövlətçiliyə qarşı təxribat əməlləri cavabsız qalmayacağına ümid edirik"- deyə sakinlər bildirir.