İcra başçısının "qaranlıq keçmişi": MTN generalı ilə ortaqlıq - ŞOK İDDİA
Xeberinfo.com: Azərbaycanın inzibati ərazi vahidlərinin idarəetməsinə böyük vəzifə sahiblərinin nəzarət etməsi hər kəsə aydındır. Qeyri- rəsmi qubernator səlahiyyətində olan bu vəzifə sahibləri nəzarət etdikləri rayonların rəhbər vəzifələrində işləyən şəxslərin kimliklərini, orada fəaliyyət göstərəcək biznes strukturları və eləcə də digər əhəmiyyətli məsələləri müəyyənləşdirirlər. Təbii ki, bu işlərin hamısı özlərinin maddi maraqları çərçivəsində həll olunur.
Hərəsi bir klana çevrilən böyük vəzifə sahiblərinin kapitallarının daha da böyütmək uğrunda apardıqları savaş sonucda nəzarət etdikləri rayonları iqtisadi cəhətdən məhvə sürükləyir. Hansısa bir klanın təmsilçisi olan icra başçısı dövlətin büdcəsi hesabına rəhbərlik etdiyi rayonda abadlıq-quruculuq işləri aparır, sahibkarlara sosial və biznes obyektlərinin tikintisi üçün sərəncam verir, həmin vəzifədən getdikdən sonra isə onun yerinə gələn digər klanın təsirində olan yeni başçı isə sələfinin dövlət büdcəsi hesabına apardığı adablıq-quruculuq işlərini sökdürərərk yenidən “təmir” etdirir, çox vaxt isə sahibkarlara verilən sərəncamlar “qeyri-qanuni” hesab edilərək tikdirdikləri obyeklər buldozerə verilir.
Uzun illərdən bəri böyük vəzifə sahiblərinin kapital poliqonuna çevrilən rayonlardan biri də Nizami rayonudur.
Nizami rayonu paytaxtın yeganə rayonudur ki, burada 100-dən artıq şadlıq evləri fəaliyyət göstərir. Hər bir şadlıq evi də RİH başçısı üçün potensial gəlir mənbəyidir. Mənbəmizin informasiyasına görə indiki RİH başçısı Arif Qasımov ötən il rayona rəhbər təyin ediləndən sonra icra hakimiyyətinin təsərrüfat şöbəsindən ilk istədiyi şey məhz rayon ərazisində fəaliyyət göstərən şadlıq evlərinin və restoranların ümumi siyahısı olub. Əldə edilən siyahıdan ölkənin ən iri vəzifə sahiblərinə məxsus şadlıq evlərinin adı çıxarıldıqdan sonra (siyahıdan çıxarılan şadlıq evləri adları saytımıza məlumdur - red. ) yerdə qalan bütün şadlıq evlərində və restoranlarında yoxlanışa start verilib. Rayon bələdiyyəsi ilə birgə aparılan yoxlamalarda eskiz layihəsindən azca kənara çıxan və yaxud obyektin ərazisində yardımçı tikililəri olan sahibkarlar obyektin tamamən sökülməsi tələbi qarşılığında qalaraq Arif Qasımovun adamlarının tələb etdiyi pulu ödəməyə məcbur oldular. AzToday.az-a verilən məlumata görə, sonradan Arif Qasımovun adamları ilə “şirin dil” olan bəzi sahibkarlar hətta digər əlaqədar qurumlardan gizli olaraq obyektlərinin ərazisini genişləndirə bildilər.
AzToday.az-ın əldə etdiyi məlumata görə Şadlıq evlərinin sahibləri ilə Nizami RİH-i arasında əlaqələndirici rolunu Arif Qasımovun qaynı Mehdi Cəfərov həyata keçirir. Məlumata görə, uzun müddət Sabunçu Telefon Qovşağının marketinq xidmətləri satış şöbəsinin müdiri işləyən Mehdi Cəfərov ötən ilin sonlarında “MTN işi”nə görə nazirliyin strukturundan qovulub. Məsələnin ilginc tərəfi isə Arif Qasımovun qaynı olan Mehdi Cəfərovun MTN generalı Hilal Əsədovun bacanağı olmasıdır. Qeyd edək ki, hal-hazırda davam etdirilən qalmaqallı “MTN işi” məhkəməsində keçmiş Milli Təhlükəsizlik Nazirinin müavini vəzifəsində çalışmış, general Hilal Əsədovun da adı keçir. Araşdırmamızın daha detallaı olması üçün bir az tarixə ekskurs edəcəyik. Ancaq öncə dəyərli oxucularımızın nəzərinə çatdıraq ki, Nizami rayonunda fəaliyyət göstərən şadlıq evləri və restoranlarla RİH-nin etdiyi maxinasiyalar barədə növbəti yazılarımızda daha geniş və ilginc məlumatlar verəcəyik. İndi isə bir az keçmişə- Arif Qasımovun Siyəzənə başçılıq etdiyi dövrə qayıdaq...
Əldə etdiyimiz məlumata görə bir müddət bundan öncə ölkə gündəmini silkələyən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin cinayətləri işində, həmin vaxt Siyəzən icra başçısı vəzifəsini daşıyan Arif Qasımovun adı da “qırmızı xətt”lə keçirdi. O zaman adı vəzifə alverində çəkilən başçı haqqında bildirilirdi ki, "həqiqətən də Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onun icra başçısı təyin etdirəcəyi vədində o zaman Siyəzən icra başçısı vəzifəsini daşıyan Arif Qasımovda iştirak etmişdi”.
Hətta Həsən Əliyevin Arif Qasımovla Ramazan Səlimovu görüşdürərək Siyəzəndə həyata keçirilən bir çox tikinti, təmir işlərinin ona verilməsinin vasitəçisi olaraq çıxış edib. Ancaq sonradan məsələnin baş tutmaması və iş adamı Ramazan Səlimovun hüquq mühafizə orqanlarına şükayət etməsi nəticəsində Həsən Əliyev cinayət məsuliyyətinə cəlb edildi.
Qeyd edək ki, Arif Qasımovun Siyəzəndə aparılan təmir və tikinti işlərində yol verdiyi maxinasiyalar barədə də kifayət qədər məlumatlara malikik. Xüsusən də rayonun su təsərrüfatının yenilənməsi işində böyük yeyintilərə yol verilib. Bu barədə gələcəkdə xüsusi yazımız olacaq. Hələlik isə Arif Qasımovun vəzifə “maklerliyi”ndə ittiham olunması haqda yazımızı davam etdiririk.
Həsən Əliyev cinayət məsuliyyətinə cəlb edildikdən sonra keçmiş Ağır Cinayətlər Məhkəməsinin hakimi məhkəmə istintaqı dövründə belə Arif Qasımovun adını çəkməsinə baxmayaraq, bu məsələ asanlıqla ört basdır edildi. Mənbəmiz Həsən Əliyev cinayətində Arif Qasımovun adının "yoxa” çıxmasını məhz həmin vaxtlar MTN nazirinin müavini vəzifəsini daşıyan general Hilal Əsədovun "xidməti” olduğunu qeyd edib.
Belə ki, qaynı Mehdi Səfərov vasitəsi ilə general Hilal Əsədovla isti münasibətlər quran Arif Qasımovun hətta Siyəzəndə generala dəbdəbəli bir villa tikdirdiyidə deyilir. Görünür qaynının bacanağı ilə vasitəsi ilə Eldar Mahmudov komandasına "stavka” edən Arif Qasımov özünün gələcək kareyrasını məhz Hilal Əsədov himayəsində görürmüş.
Mehdi Səfərovun vəzifəsindən çıxarılmasına gəlincə isə mənbəmiz qeyd edir ki, Hilal Əsədovun işdən çıxarıldıqdan sonra onun ən yaxın qohumunun qovulması təbii idi. Çünki rabitə sahəsində hər kəs bilirdi ki, Mehdi Səfərov bu vəzifəyə Hilla Əsədovun bir zəngi ilə təyin edilib. Ancaq bu vəzifə Mehdi Səfərov üçün formal bir iş sayılırdı. O qaynı Arif Qasımovun və bacanağı general Hilal Əsədovun köməkliyi ilə böyük bir biznes sahəsi yaradıb və hazırda onun böyük biznes quruluşunda həm Hilal Əsədovun, həm də Arif Qasımovun böyük payı var. Mənbəmiz bildirirki, bir çox turistik rayonlarda Mehdi Səfərova aid olan İstirahət Mərkəzləri və digər iaşə obyektləri fəaliyyət göstərir. Həmin obyektlərin də bir çoxunun məhz Hilal Əsədova aid olduğu qeyd edilir. Həmçinin mənbəmiz iddia edir ki, Bakıda da general Hilal Əsədovun bir çox gəlirli obyektləri bacanağı Mehdi Səfərovun adana rəsmləşdirilib.