“Rabitəçilərin işi” Şəki TKQ-nın rəisini də vura bilərmiş: 1,5 milyonluq müəmma!
Vidadi Zeynalov-Məhəmməd Əhmədov tandemi nələr doğurub?
Xeberinfo.com: Bir müddət əvvəl ölkə mediasının aparıcı mövzusuna çevrilmiş “Rabitəçilərin işi” ilə bağlı yeni məlumat almışıq. Məlumata görə rabitə sistemindəki məlum təmizləmə əməliyyatı Şəki Telekommunikasiya Qovşağının rəisi Məhəmməd Əhmədovu da “silkələyib”. Həm də əməllicə…
Bu istiqamətdə xeberinfo.com-a daxil olan məlumatda deyilir ki, uzun müddət bu quruma rəhbərlik edən, təcrübəli rabitəçi Məhəmməd Əhmədov da nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovla “iş birliyində” olub. Həm də ardıcıl və yüksək səviyyədə… Hətta Vidadi Zeynalovla Məhəmməd Əhmədovun münasibətlərinin işgüzar müstəvidən mehriban dostluğa çevrildiyi də bildirilir. Bu isə zamanında hər qovşaq rəisinə qismət olan xoşbəxtlik deyildi. O dərəcədə ki, bu dostluğun sayəsində Məhəmməd Əhmədov birbaşa tabe olduğu “Aztelekom” MMC-nin sabiq rəhbəri Məhəmməd Məmmədovu da “tanımırmış”. Bütün görülməli olan işlər, gerçəkləşən layihələrlə bağlı birbaşa Vidadi Zeynalova məruzə edirmiş.
Məhz bu dostluğun sayəsində Məhəmməd Əhmədov böyük kapital sahibinə çevrilə bilir. Bu vaxta qədər mediada da yazıldığı kimi, Məhəmməd Əhmədov Şəkidə və Bakıda müxtəlif daşınmaz əmlaklar silsiləsinə sahibdir. Bu xüsusda mənbələr iddia edirlər ki, Şəki TQK-nın rəhbərinin elə işlədiyi binanın qarşısındakı binada hər biri 3 otaqlı olmaqla 2 mənzili və böyük bir kişi geyimləri dükanı, Soyuqbulaq deyilən ərazidə villası, Şəki bazarında qızıl mağazası var. Bundan başqa isə, onun "Gülab evi” istiqamətində gedən yolun üstündə də icarəyə verdiyi daha 2 mağasasının olduğu və Şəki şəhəri, Mümtaz küçəsində də daha bir dükanının olduğu bildirilir.
Məhəmməd Əhmədovun fəaliyyəti və sahib olduğu kapitaldan əlavə xeberinfo.com-a daxil olan məlumatda “Rabitəçilərin işi”ndən də bəhs olunur. Məlumata görə məlum hadisələr zamanı Məhəmməd Əhmədovun başı əməllicə ağrıyıb. “Sağa-sola dartınan” qovşaq rəisinin 1,5 milyon dəfə “tərlədiyi” haqqında Şəkidə çoxları bilməmiş deyil…
Təəssüf ki, hörmətli Məhəmməd Əhmədovla əlaqə saxlayıb, onu dinləmək istiqamətindəki bütün cəhdlərimiz nəticəsiz qalmaqdadır. Məlumatların ciddiliyini və bu səbəbdən də müxtəlif instansiyalarda diqqətçəkici olacağını nəzərə alıb, gərəkən araşdırmalar aparmaqda qərarlıyıq. Sonda mövzu ilə bağlı geniş yazımız olacaq.
Sabir