Təməlinə haram qatılmış Hotel
ARDNŞ-nin vitse prezidenti Mikayıl İsmayılov Şamaxıda sahibkara qan uddurdu
Ölkə başçısının sahibkarlara göstərdiyi diqqət və qayğıya verilən cavab budurmu?
Xeberinfo.com: Bu gün ölkəmiz əsası ümummilli lider H.Əliyev tərəfindən qoyulmuş, cənab prezidentimiz İ.Əliyev tərəfindən davam etdirilən uğurlu, daxili və xarici siyasət nəticəsində dünyanın dinamik inkişaf edən ölkələrindən biridir. Bütün sahələrdə gedən bu inkişaf prosesi nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Yaradılan azad biznes mühitinə görə dünyanın bir çox aparıcı şirkətləri böyük həvəslə respublikamıza investisiya yatırırlar. Cənab İ.Əliyev dəfələrlə qeyd etmişdir ki, yerli sahibkarlara, iş adamlarına hər cür şərait yaradılmalıdır ki, ölkə iqtisadiyyatının inkişafında yerli şirkətlərin rolu daha da artsın. İş adamlarına, sahibkarlara qarşı yardılan süni maneələrə, əngəllərə qarşı prezidentimiz daim sərt mövqe sərgiləmiş, belə məmurları cəzalandırmışdır. Təəssüf ki, hələ də iş adamlarına qarşı maneələr mövcuddur.
Şamaxı rayonu S.Bəhlulzadə küçəsi, 30 saylı evdə yaşayan Niftəliyev Əziz Babası oğlu Rublika.az saytına müraciət edərək yaranmış probleminin həlli üçün kömək etməmizi xahiş etmişdir. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən beton zavodunun sahibidir. Rayon ərazisində inşa olunmuş bir çox obyektlər Niftəliyev Əziz Babası oğluna məxsus beton zavodu tərəfindən betonla təmin olunmuşdur. Həmçinin ARDNŞ-nin Pirqulu qəsəbəsində inşa etdiyi Hotelin təməlinin başlanmasından və təməlin son tamamlanma işlərinə qədər, 2012-ci ilin sentyabr ayının əvvəllindən sonuna qədər verilmiş sifarişə əsasən zavoda məxsus beton qarışdıran maşınlar vasitəsilə tikinti keyfiyyətli betonla təmin olunmuşdur. Lakin sifariş tam yerinə yetiriləndən sonra tikinti aparan şirkət zavoda ayrılmış 45134 manat borcu ödəməkdən imtina etmişdir(son məlumatlarda şirkət tərəfindən həmin məbləğin bir hissəsinin ödənildiyi bildirilir). Niftəliyev Əziz Babası oğlu dəfələrlə müraciət etməsinə baxmayaraq, yaranmış borc ödənilməmiş, nəticədə zavod öz işçilərinin əmək haqlarını və digər xərclərini ödəyə bilmədiyi üçün məcburi surətdə fəaliyyətini dayandırmışdır.
Rublika.az-a daxil olan məlumata görə, zavodun rəhbəri dəfələrlə ARDNŞ-nin idarəsinin nümayəndəsi Mehdiyev Qiyamətə və digər şirkət rəhbərlərinə müraciət etsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Ona bildirilmişdir ki, tikinti aparılan ərazi və tikintini aparan şirkət ARDNŞ-nə məxsus deyildir. Apardığımız jurnalist araşdırmaları nəticəsində aydın olmuşdur ki, tikinti aparılan ərazi Neft Şirkəti rəhbərlərinin yaxınlarının adına qeydiyyata alınmışdır və Hotelin tikintisi zamanı aparılan işlərə şirkətin yüksək vəzifə sahibləri nəzarət etmişlər. ARDNŞ-nin vitse-prezidenti Mikayıl İsmayılov şəxsən dəfələrlə ərazidə olmuş və aparılan işlərlə yerindəcə tanış olmuşdur. Həmçinin Hotelin inşasını həyata keçirən tikinti şirkəti daha əvvəl Şamaxı rayonunda Neft Şirkətinin yüksək vəzifəli sahiblərinin yaxınlarının adına qeydiyyata alınmış Şərədil istirahət mərkəzinin tikintisi ilə məşğul olmuşdur. Burada aydın olur ki, aparılan tikinti işləri tamamilə ARDNŞ-nin nəzarətindədir və yaranmış borcu ödəməmək üçün bundan imtina edilməsi tamamilə absurddur.
Maraqlıdır ki, dəyəri milyonlarla ölçülən bir Hotelin inşası zamanı yaranmış bu borcu ödəməkdən imtina etmənin səbəbi nədir?
Min bir əziyyətlə beton zavodunda fəhlə işləyib ailəsini dolandıran fəhlələrin bir parça çörək pulunu kəsmək kimə lazımdır?
Ölkə başçısının sahibkarlara göstərdiyi diqqət və qayğıya verilən cavab budurmu?
Ümidini hər yerdən üzən zavod rəhbəri və aylardır maaş gözləyən fəhlələr bu sualların cavabını axtarsalar da, bu işə məsul olanlar hələ ki susurlar.
El arasında belə bir söz var ki, bir binanın təməlini halallıqla qoymasan xeyr tapmazsan. Hotelin təməlinin borcunu verməyənlər bunu düşünsələr yaxşı olar.
Nicat MAHMUDOV