Baş Prokurorluq tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yenixeber.org: Açıqlanan rəsmi məlumatlarda bildirilir ki, tender müsabiqəsinin qalibi “Service and Supply Ltd” MMC (VÖEN- 1005654841) olub.
“Service and Supply Ltd.” MMC Baş Prokurorluğa tərcümə xidmətləri göstərəcək və qarşılığında 176 min 800 manat alacaq.
Məlumat üçün bildirək ki, “Service and Supply Ltd.” MMC 7 dekabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 11 manat olan MMC Binəqədi rayonu, Mir Cəlal, ev 59K, m. 390 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızıdır.
Qeyd edək ki, müsabiqənin qalibi olan MMC daha əvvəl AMEA-nın keçirdiyi 130 min manatlıq tenderin qalibi olub. MMC AMEA-ya müxtəlif sərfiyyat malları (kağız, qələm və s.) satıb. Şirkət AMEA-nın tenderində qalib olan zaman qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı olub. Kəmalə Rasimli o zaman AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Hazırda Kəmalə Rasimli Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən Zoologiya İnstitutunun baş meneceridir.
Kəmalə Rasimlinin rəhbərlik etdiyi daha bir şirkət “Aysberq KMT” MMC (VÖEN-1003279381) adlanır. Bu şirkət də müxtəlif dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərdə qalib olub.
“Aysberq KMT” MMC 24 fevral 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan bu şirkətin hüquqi ünvanı “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”də yerləşir. MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızıdır.
Daha əvvəl “Service and Supply Ltd.” MMC-nin də hüquqi ünvanı Süleyman “Sani Axundov, ev 2A, m. 25”də yerləşib.
“Service and Supply Ltd.” MMC-dən fərqli olaraq “Aysberq KMT” MMC-nin rəsmi veb-saytı (https://iceberg.az/) var və orada şirkətin tərcümə xidmətləri göstərdiyi qeyd olunur.
Bunlardan başqa Rasimli Kəmalə Rasim qızı fiziki şəxs (VÖEN – 1001630942) kimi də tender müsabiqələrində iştirak edərək qalib olub. Belə ki, 2022-ci ilin dekabr ayında İqtisadiyyat Nazirliyinin tərcümə xidməti ilə bağlı keçirdiyi tender müsabiqəsinin qalibi fiziki şəxs Rasimli Kəmalə Rasim qızı olub. Kəmalə Rasimli İqtisadiyyat Nazirliyinə tərcümə xidmətləri göstərib və qarşılığında 21 min 616 manat alıb. Eyni zamanda Kəmalə Rasimli 2022-ci ilin sentyabr ayında AMEA-nın tikinti və avadanlıqların cari təmiri ilə bağlı keçirdiyi 45 min manatlıq tenderin də qalibi olub.
Diqqət çəkən başqa bir məqam isə odur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Gəlirlər Baş İdarəsi ötən il Kəmalə Rasimli barəsində məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiası vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qaldırılıb.
Hazırda Kəmalə Rasimlinin fiziki şəxs kimi dövlət büdcəsinə vaxtında ödənilməyən 12 min 735 manat 60 qəpik, rəhbərlik etdiyi “Aysberq KMT” MMC-nin isə 38 min 933 min 71 qəpik vergi borcu var.(yeniavaz)
Elnur Əli